Firudin xoca
Bizi izləyin

Digər

Firudin xoca

FAKT

"Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı sabiq təhsil naziri Firudin Cəlilovun səhhəti ilə bağlı prezident İlham Əliyevə müraciət etməyi təklif edib".

ŞƏRH

1992-ci ildə Azərbaycan təhsilində ikinci dəfə latın qrafikalı tədrisə keçildi. Mən də həmin qrafika ilə təhsilə başlayan ilk şagirdlərdən olmuşam. Xatırlayıram, bizdən bir sinif öncəki şagirdlər üçün ikinci bir əlifbaya başlamaq əlavə çətinlik yaratmışdı. Amma latın əlifbasına keçid Azərbaycanın Qərb məkanına inteqrasiyasında mühüm amil olduğundan vacib idi. Uzun müddət bu prosesin çətinliyini yaşadıq.

Qəzetlər, kitablar yenə də kiril əlifbası ilə çap edilir, yaşlı nəsil yeni əlifbanı qəbul edə bilmirdi.
Bəlkə də, çoxları bilmir ki, hazırda istifadə etdiyimiz bu əlifba həmin dönəmdə ortaq türk əlifbası kimi yaradılmışdı. Belə ki, Bişkekdə keçirilmiş zirvə toplantısında bu əlifba ortaq əlifba kimi qəbul edilmiş, lakin sonradan yalnız Azərbaycan razılaşmaya əməl etmişdi. Tatarıstan, Türkmənistan bu prosesə dəstək olsa da, sonradan müəyyən problem nəticəsində ortaq proje həyata keçmədi.

Bu projeni həyata keçirən isə o vaxtkı təhsil naziri Firudin Cəlilov idi.

Hələ bu hadisələrdən bir il öncə, 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda millət vəkillərindən 254-ü lehinə, 43 deputat isə əleyhinə səs vermişdi. Əleyhinə səs verənlər Azərbaycanın müstəqilliyinin tərəfdarı idi.

Həmin istiqlalçı deputatlardan biri də Firudin Cəlilov idi.

SSRİ dağıldıqdan sonra 70 il ərzində yanlış tədris olunan Azərbaycan tarixşünaslığında da yeni mərhələ başlandı. Sovetlərin təbliğatına görə, Azərbaycan ərazisinə ilk türk xalqları XI əsrdə Altaylardan gəlib, yəni buranın qədim əhalisi türkdilli deyil. Uzun müddət tarixşünaslığımızda bu konsepsiya hegemon oldu, Azərbaycan ərazisində yaranmış qədim dövlətlərin hamısı iranmənşəli kimi qələmə verildi.

Lakin sonrakı mərhələdə bu konsepsiyaya alternativ olaraq Urmu teoriyası ortaya atıldı və teoriya əsasında yeni kitablar yazıldı. "Azər xalqı", "Saqa-qamər boyları" və nəhayət Azərbaycanın islamaqədərki tarixini ehtiva edən 9 cildlik "9 bitik" kitabı. Bu kitablar tariximiz üçün yenilik idi.
Həmin teoriyanın və kitabların müəllifi isə Firudin Cəlilov idi.

Bir neçə gündür ki, Firudin xocanın səhhətində müəyyən problemlərin yarandığını oxuduq. Əlaqə yaratdım, bir neçə əməliyyata ehtiyac olduğunu bildirdi. Daha öncə də bir neçə əməliyyat keçirmişdi. Firudin xoca elə bir şəxsiyyətdir ki, dəstəklə bağlı dostlarına bildirməz. Amma cəmiyyət olaraq dəyərli alimimizin sağlamlığına dəstək olmaq borcumuzdur. Ən azından yuxarıda yazdığım səbəblərdən dolayı. Bildiyim qədər, istiqlalçı deputatlara deputat təqaüdü verilmir. Buna görə də qeyd edilən bəyanata qoşulmaqla yanaşı, arzu edirik ki, Azərbaycan parlamentarları bu məsələni diqqətə alıb keçmiş həmkarlarının deputat təqaüdü almaları üçün müəyyən addımlar atacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm