Aqil M.Quliyevdən şok etiraf: “Birini sevib, o biri ilə gəzirdim” – VİDEO, FOTOLAR
Bizi izləyin

Digər

Aqil M.Quliyevdən şok etiraf: “Birini sevib, o biri ilə gəzirdim” – VİDEO, FOTOLAR

“İki il o qızla görüşdük”

“Birini sevib, o biri ilə gəzirdim”

“Uşaqlıqdan reportaj”da uşaqlıq xatirələrini mənimlə paylaşan Aqildir. Tanınmış rejissor, istedadlı klipmeyker, səmimi insan, həm də xanımların sevimlisi Aqil M.Quliyev. Uşaqlığı da tam təxmin etdiyim kimi idi – maraqlı, şuluq, qaynar…

“Yox” sözü eşitməyən rəis oğlu

“Atam laçınlı oğlu, anam qarabağlı qızıdır. Elə buna görə də uşaqlığımın bir hissəsi Qarabağın Təngi kəndində, bir hissəsi isə Abşeronda keçib. Laçında da olmuşam. Çox imkanlı bir ailənin övladı olduğumdan beş yaşımadək “yox” sözü nədir eşitməmişəm. Atam Taksimator İstismar şöbəsinin rəisi olub. Anam əvvəllər evdar xanım idi. Amma ailə qurandan sonra “Medtexnikum”u bitirib və o vaxtdan indiyədək Semaşkoda doğum şöbəsində mama-ginekoloq kimi çalışır. Yaxşı yaşamışam, valideynlərim qazanıb gətiriblər, mənə də, nə istəmişəm, alıblar. Məxsusi sürücü ayırmışdılar mənə. Təsəvvür edin, oyuncaq mağazalarına gedəndə bütün oyuncaqları, demək olar ki, sökürdüm. Əlimi nəyə uzadırdımsa, alırdılar. Özü də bütün oyuncaqlara əlimi uzadıb “bunu al”, “bunu al” deyib aldırırdım”.

“Hikkəmdən “soskamı” maşından çölə tullayırdım”

“Çox mısmırıqlı, bildiyimi yeridən uşaq olmuşam. Üç yaşımda hikkəmdən “soska"mı maşından çölə tullayırdım. Varlı ailədə böyüyən uşaqların əksəriyyəti belə olur. Amma beş yaşımdan sonra belə olmadı. Atamı əvvəl işdən, daha sonra partiya sıralarından çıxardılar. Özü də rüşvət üstündə. Daha doğrusu, adını belə qoymuşdular ki, guya, korrupsiyaya yol verilib. Hərçənd atam çox məsuliyyətli bir insan idi. Çox nizamlı bir həyat tərzi vardı, heç vaxt dilinə içki dəyməmişdi. Vaxtlı-vaxtında işdən evə – evdən işə tələsərdi. O vaxt “Pravda” qəzetində, işdən çıxarılandan sonra atamla bağlı böyük bir məqalə də çıxmışdı. Nə isə, çox haylı-küylü olmuşdu o hadisə”.

“Rus dilini bilməyən uşaq birdən-birə...”

“Biz hərbi şəhərcikdə yaşayırdıq. Elə bağçaya da, orta məktəbə də hərbi şəhərcikdə getmişəm. Özü də məni rus bağçasına qoymuşdular. Təsəvvür edin, rus dilini bilməyən uşaq birdən-birə düşdü rus bağçasına. Məcburiyyət qarşısında qalıb iki aya rus dilini də öyrənməli oldum”.

“Bir gün ayıldım ki, mən artıq...”

“Məktəbə gedəndə mənə bir dayə tutmuşdular, məni məktəbə aparıb-gətirirdi. Adını unutmuşam, amma soyadı yadımdadır – Qaqarina. Ona “babulya” deyə müraciət edirdim. Birinci sinifdən dördüncü sinfə qədər o qadın mənə dayəlik etdi. Məni hər gün məktəbə aparırdı, məktəbdən evə gətirirdi. İnqilab küçəsində həyət evində yaşayırdı. Dərslərimi onun evində hazırlayırdım, boş qalan vaxtımda isə məhəllədə uşaqlarla oynayırdım. Beş yaşına qədər ərköyün olan uşaq sonradan dəyişdi. Bir gün ayıldım ki, mən artıq müstəqil insanam, qapalı olmağa başladım. Yəni büsbütün dəyişdim. Atamgil başladılar balaca qardaşıma diqqət yetirməyə, sevgi göstərməyə. Qardaşım çox şirin uşaq idi. Mən isə qaldım qıraqda”.

“Bir abzası ötürdümsə, kitab təpəmə vurulurdu”

“Onu da deyim ki, orta məktəbdə oxuduğum on il ərzində cəhənnəm əzabı çəkdim. Atam dərslərimə xüsusi nəzarət edirdi. Hər axşam mütləq atamın qarşısında dərsimi danışırdım. Özü də nöqtə-vergülünə kimi atama dərslərimi diktə edirdim. Bir abzası ötürdümsə, kitab təpəmə vurulurdu. Atamla-anam təsadüfən toya gedəndə mənim üçün toy-bayram olurdu. Fikirləşirdim ki, hə, evə yorğun gələcək, bir gün də olsa, onun qarşısında dərs danışmaq əzabından qurtaracağam. Amma belə də olmurdu. Çünki atam içən də deyildi ki, heç olmasa, gələn kimi başını atıb yatsın.

Məhərrəm adlı bir dostuma imla yazmağın üstündə...

8-ci sinfə qədər yaxşı oxyurdum. Cəmi iki-üç dördüm vardı. Hətta dostlarıma da köməyim dəyirdi. Riyaziyyat, imla, rus ədəbiyyatı – hamısını yaxşı oxuyurdum. Bir dəfə Məhərrəm adlı bir dostuma imla yazıb, onun imzasını qoymuşdum. Çox olurdu belə hallar. Amma müəlliməm sonradan bunu bilib məni danladı. Qayıtdı ki, niyə imkan vermirsən uşaq oxusun, yazsın.
Onu da deyim ki, mən hərbi məktəbdə oxuduğum üçün orda sərt rejim vardı. Müəllimlərimizin çoxu general, polkovniklərin həyat yoldaşları idi. Məktəbin direktoru bilirsən kim idi? Şahin Zəkizadənin (klip rejissoru – C.S) atası Seyid müəllim. Çox zəhmli kişi idi, görəndə ki, uzaqdan gəlir, qorxumuzdan tir-tir əsirdik.

Deyirdim ki, artıq belə yaşamaq istəmirəm

Orta məktəbdə oxuyanda müntəzəm olaraq idmanla, xüsusən də güləşlə məşğul olurdum. Artıq doqquzuncu sinifdə oxuyanda dəyişdim, müstəqil oldum. Deyirdim ki, artıq belə yaşamaq istəmirəm. Atam istəyirdi ki, mən hüquqşünas olum, beynində yalnız bu idi. Buna görə üzərimdə həmişə nəzarət edirdi, dərslərimə xüsusi fikir verirdi.

Biləndə ki, məni nə qədər qız sevib, dəli oldum

Çox “simpatiçni” oğlan olmuşam, şəkillərdə görməmisən? İrigözlü, uzunsaçlı, hündürboy oğlan idim. Onu da deyim ki, 6-cı sinfədək bəstəboy olmuşam. Buna görə də bir oğlan uşağı üçün boyunun qısa olması nə deməkdir, bunun əzabını mən bilirəm. Sinifdə 23 oğlan idik, axırdan 3-cü sırada mən dayanırdım. Amma 9-10-cu sinifdə qəfildən boyum uzanmağa başladı.
Hə, qızlar çox istəyirdilər məni. Mən orta məktəbi qurtarandan sonra biləndə ki, məni nə qədər qız sevib, dəli oldum. Əslində, mən sonradan qızların-xanımların sevgisini qazanmışam, əvvəllər belə olmayıb. 21 yaşımdan sonra mən qadınların sevgisini hiss eləmişəm.

İlk gəzdiyim “xaxol” qızı...

Hə, o vaxtın təbirincə desəm, ilk gəzdiyim qız Sveta Nikolayevna olub, “xaxol” qızı. Onu da deyim ki, o vaxt məktəb beynəlmiləl idi və sinfimizdə əksəriyyət rus, yəhudi, xaxol, erməni uşaqlarından ibarət idi. Sinifdə cəmi beş-altı azərbaycanlı uşaq vardı.

Uzaqbaşı qızla öpüşürdük

Sevgi məsələlərinə gəlincə, o vaxt hər şey saf, ülvi idi. Qızın əlindən tuturduqsa, bu, qızla gəzmək sayılırdı. Uzaqbaşı, öpüşürdük. O da xəlvəti. Aramızda seksdən söhbət gedə bilməzdi. Qızla qol-qola gəzirdik, söhbətləşirdik, diskotekada oynayırdıq, deyirdilər, hə, bu, filan oğlanın qızıdır. O vaxt qol-qola gəzən cütlüklərin bəziləri sonradan ailə də qurdu.

İki il o qızla görüşdük

“İlk sevdiyim qız Yelena Viktorovna olub. Almaniyadan gəlmişdilər, məndən bir yaş balaca idi. Yeddinci sinifdə oxuyurdu. Doğrudan sevirdim onu. Sarışın qız idi, əsl “blondinka”. İki il o qızla görüşdük. Bir-birimizi sevdik. “Papanin” yolunda qalırdılar, dərsdən sonra qaçıb gedirdim ora, görüşürdük. İri “ovçarkası” da vardı, yanında gəzdirirdi həmişə.

Azərbaycanlılarla ruslar arasında kütləvi dava...

Davakar olmamışam, amma dəcəl idim. Dava da edirdim. Nə gizlədim, döyürdüm də, döyülürdüm də. Bir dəfə azərbaycanlılarla ruslar arasında kütləvi dava düşmüşdü. Hərbi məktəbin kursantları, tələbələri və biz əməlli-başlı dava etdik. Azı 80 nəfər olardı o davada. Güclə sakitləşdirdilər bizi.

Tut oğurluğu...

Bizim vaxtımızda bir əyləncəmiz də vardı, qonşu məhəllələrə gedib, xəlvəti tut yığardıq. Yəni tut oğurluğuna gedərdik. Futbol oynamağı çox xoşlayırdıq. Yığışıb məhəllələrarası futbol oynayardıq. Mən həmişə komandanın qapıçısı olardım. Özü də topu göydə tuturdum e. Haçan baxırdın qollarım, dizlərim bintlə sarıqlı olurdu. Futbolda uduzan komandalarla davalarımız da düşürdü. Ümumiyyətlə, uşaqlığım maraqlı keçib: qoyun da otarmışam, at çapmışam, eşşək minmişəm, ot biçininə də getmişəm. Bütün bunlar Qarabağda olub.

“Kalaşnikov” avtomatını asanlıqla söküb-yığırdım

Xobbilərim vardı. Tarixi çox sevirdim. O vaxt şah sülalələrinin siyahısını tuturdum. Axtarırdım, araşdırırdım, oxuyub tapırdım. İndi internetdə axtarış versən, hamısı çıxar e, onda internet-zad yoxuydu axı. Kitab oxumaq da hobbim idi. Harda kitab görürdümsə, alırdım. Elə indi də beləyəm, o kitab dükanı olmaz ki, onun yanından keçim, amma kitab almayım. Bir də, mən xoşlayırdım silah-sursat üçün patronlar toplamağı. Hərbi şəhərcikdə yaşayırdıq axı, orda belə şeylər tapmaq olurdu. Onu da deyim ki, orta məktəbdə oxuyanda hərbi dərs keçirdik. Orada silahla davranmağı mükəmməl şəkildə öyrənmişdim. “Kalaşnikov” avtomatını asanlıqla söküb-yığırdım.

16 yaşımda ilk dəfə pul qazanmağa başladım

16 yaşımda ilk dəfə pul qazanmağa başladım. Diskotekalarda texniki avadanlıq – dinamik daşıyırdım. Özü də onda dinamiklər indiki kimi deyildi, böyük idi. Üç-beş manat da pul verirdilər buna görə. Daha sonra texniki avadanlığı quraşdırmağı öyrəndim. Elə səhnəyə də ilk dəfə diskotekada çıxdım – 16 yaşımda. Orta məktəbdə oxuyanda teatr dərnəyinə gedib-gəlirdim. Özümün özfəaliyyət qrupum vardı.

Müsabiqədən keçə bilmədiyimə görə çox sevindim

Sözün düzü, lap kiçik yaşlarımda konkret olaraq hansı sənət sahibi olacağım barədə düşünmürdüm. Bilirsiniz də, əmim Eldəniz Quliyev ssenaristdir. O vaxt bizim ailədə adət-ənənə vardı: hər bazar günü əmimgil və biz babamgilə yığışırdıq. Eldəniz əmimin ad günündə – məclislərdə tanınmış teatr simaları ilə tanış olurdum. Rasim Ocaqov, Ramiz Əzizbəyli kimi məşhur adamlar o məclislərdə kabab yeyib, araq içəndə onlara qulluq edirdim. Mənə o vaxt kino mistik, sirli bir aləm kimi görünürdü. Beləcə mən bu aləmə yaxınlaşdım. Amma atamın arzusu vardı axı, dediyim kimi, məni hüquqşünas görmək istəyirdi. Həmin fakültəyə imtahan verdim, üç dörd aldım, amma müsabiqədən keçə bilmədim. İmtahanlara əməlli-başlı hazırlaşmışdım da, amma müsabiqədən keçə bilmədiyimə görə çox sevindim.

Həyatımı rejissorluğa bağladım

Həmin vaxt sənədlərimi kino fakültəsinə verdim. 1990-cı ildə ilk milli kino fakültəsi yaradılmışdı və oranın ilk məzunlarından biri də mən idim. Digərləri isə Elxan Qasımovun oğlu mərhum Samir Qasımov, Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdiyev, bir də kinooperator Kənan Məmmədovun oğlu Kamran Məmmədov. Beləliklə, həyatımı rejissuraya bağladım.

Uşaqlığım mənə isti günəş kimi gəlir

Uşaqlığıma qayıtmaq istərdim. O illər sabit, rahat dövrdə keçib. Uşaqlığım mənə isti günəş kimi gəlir. Mənə elə gəlirdi ki, mən uşaq olanda səma daha mavi idi, həyat daha gözəl idi. O dövrdə bilirsiniz necədir, bir mehribanlıq vardı. İnsanlar bir-biri ilə çox səmimi idi”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm