Niyə gec evlənirik?
Bizi izləyin

Digər

Niyə gec evlənirik?

2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər tərəfindən bağlanılıb. 2012-cı ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub.

Nikah bağlayan gəlinlər arasında yaşı 35-i ötənlərin sayı çoxalıb. 2011-ci ildə ölkədə bağlanmış ümumi nikahların 5680-də , 2012-ci ildə 5545-də, 2013-cü ildə 6311-də qadınların yaşı 35 və daha yuxarı olub.

Bəs bu rəqəmlərin ildən-ilə artmasının səbəbi nədir?

Ekspertlərin fikrincə, ailə qurmaq yaşının artması daha çox maddi təminatla bağlıdır. İnsanlar normal iş və ev imkanı yaratmadan evlənmək istəmir. Bəzi fikirlərə görə, bu insanların karyeranı ailədən üstün tutması ilə əlaqədardır. Amma gec ailə qurmaq övlad, xüsusən də sağlam övlada sahib olmaqda maneə hesab edilir.

Millət vəkili Hadı Rəcəbli isə rəqəmlərə baxıldığında bunun normal hal olduğunu deyir:

“Nikah yaşının artması insanların ailə məsuliyyətini dərk etmələri ilə əlaqədardır. İnsanlar artıq anlayırlar ki, ailəni saxlamaq lazımdır. Bundan başqa, yaş həddinin artması insanların müstəqilliyi ilə əlaqədardır. Əvvəllər ailə qurmaq üçün, bəzən ailə qurduqdan sonra da tərəflərin valideynləri kömək edirdi. İndi isə insanlar həyatları barədə özləri qərar verir, məsuliyyəti də özləri daşıyırlar. Əlbəttə, onların içərisində ikinci dəfə nikaha girənlər olur. Bütövlükdə 86 min nikaha girənin 12 mininin yaşının 35-dən çox olması böyük rəqəm deyil”.

Millət vəkili insanların 35 yaşdan sonra ailə qurmasında iş tapmaq və ev almaq amilinin yaşının artması ilə birbaşa əlaqədar olmadığını bildirir. Lakin o, bu faktların mövcudluğunu inkar etmir:

“Əlbəttə, nikah məsuliyyəti həm də ailəni saxlamaq üçün yaxşı imkanın olması deməkdir. İşləmək istəyən üçün iş var”.

Nikah yaşının artmasının ailələrin övlad sahibi olmalarında problem yaratmasına gəldikdə, H.Rəcəbli bununla razılaşmadığını bildirib:

“Yaş məsələsi kişilərdə problem deyil. Nikah yaşı 18-də icazə verilsə də, qız üçün 23-24, oğlanlar üçün 25-27 məqbul yaş hesab edilir. Lakin 35-dən çox olması ciddi problem deyil”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qadın və kişilərin 35 yaşdan sonra ailə qurmasında səbəblər fərqlidir.

“Oğlanların gec ailə qurmasında əsas səbəblər iqtisadi və sosial-psixolojidir. Çünki ailə quran kişi ailəsini saxlaya biləcək gəlirə sahib olmalıdır. Təəssüf ki, son zamanlar iş yeri, əməkhaqqının aşağı olması ilə əlaqədar olaraq kişilərin ailəsini maddi baxımdan təmin edə bilmək problemi var. Ona görə də, əksər kişilər evlənmək üçün gecikirlər. Qadınlara gəldikdə, onlar həm maddiyyata önəm verir, həm də hər adamla ailə qurmaq istəmirlər. Bir qisim qız isə yaşı artdıqca, daxili aləmi də inkişaf edir və nəticədə seçim etməkdə çətinlik çəkir. Bundan başqa, ailədə nə qədər xoş münasibət olsa da, iqtisadi faktorlar mühüm rol oynayır. 30-40 il əvvəlki kimi, kiminlə olsa, ailə qurmaq düşüncəsi indi yoxdur. Yaşı 35-dən çox olan ailə qurmamış qız və oğlanlar səbəbi “layiqli insana rast gəlmədim” fikri ilə əsaslandırırlar. Oğlanlar ideal qız, qızlar ideal oğlan axtarır. İqtisadi amillərlə yanaşı, dəyərlən yönümü də xaotik vəziyyətdədir, fikir aydınlığı yoxdur. Bu həm də cəmiyyətdə maddiyyatın ön planda olması ilə əlaqəlidir. Elə bir vəziyyət yaranıb ki, kişilərin xəyalında başqa, qadınların isə düşüncəsində başqa bir kişi obrazı var və bu cəmiyyətə adekvat deyil”.

Sosioloqun fikrincə, insanların tez ailə qurmağa məcbur etmək mümkün olmasa da, yaşın artması yeni problem yaradır:

“Gec ailə qurmaq mənəvi baxımdan problemlər yaradır. Yaşı 35-dən keçənlərin həyata baxışında psixoloji və mənəvi dəyişiklik baş verir. Özlərini cəmiyyətdə küskün hesab edirlər. Bu rəqəmlər çox ciddidir, həm cəmiyyət, həm də dövlət bu məsələyə diqqət yetirməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm