Ərdoğanın doğanağı
Bizi izləyin

Digər

Ərdoğanın doğanağı

Türkiyədə prezident seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğan oldu.

“Hürriyət” qəzetindən götürdüyüm son rəqəmlərə görə, səsverməyə qatılan seçicilərin 51,71 %-nin (20.842.495 nəfər) oyunu qazanan AKP lideri artıq öz qələbəsini elan edib.

Ənənəvi eyvan qonuşmasında Ərdoğan səsini almadığı, ala bilmədiyi elektoral seqementlərə də xitab edib və “köhnə qırğınlıqlar köhnə Türkiyədə qalsın” deyə onlara doğru addım atıb, jest edib.

Mən Ərdoğanın siyasət anlayışını və üslubunu bəyənməyənlərdənəm.

Onun natiqlik məharətinin və bəlağətinin yüksəkliyini, xarizmatikliyini yüksək qiymətləndirsəm də, intellektual potensialı, demokratik dünyagörüşü haqqında əks fikirdəyəm.

Ərdoğanın bir başbakan kimi çalışmalarına ən çox ona görə mənfi yanaşıram ki, AK Parti iqtidarı dönəmində Türkiyənin Avropa Birliyinə qatılmaq şansları minimuama endi, üstəlik, ictimai şüur səviyyəsi də həmin məkanda təmsil olunmağa yetməyəcək qədər gerilədi.

Ancaq fakt faktlığında qalır ki, Ərdoğan ilk turda prezident seçildi və 51 faizdən bir az artıq səs qazandı- bu səsvermə və bu nəticələr Türkiyəni böğlgədəki digər dövlətlərdən və xalqlardan fərqləndirən əsas göstəricidir.

Ərdoğanın prezident kimi icraatlarını, ilk addımlarını dəyərləndirmək üçün 100 gün gözləmək lazımdır, çox güman Türkiyə siyasətçiləri və mediası da bu prinsipə riayət edəcək.

Zira, cümhurbaşqanı postunda Ərdoğanı təkcə iç siyasət baxımından yox, bəlkə də daha çox dış politika prizmasından çətin sınaqlar gözləyir.

Türkiyənin qonşularına fikir verin:

* İran son illərdə Qərblə münasibətlərini bir qədər yumşaltsa da, nüvə silahı ilə bağlı məsələdə və demokratiyadan birmənalı şəkildə uzaq olan islam teokratiyası ilə dünyanın inkişaf etmiş hissəsi üçün təhdid olaraq qalır.

* İraqdakı iç vətəndaş müharibəsinin yaxın illərdə başa çatağı gözlənilmir və hər gün bu ölkənin sərhədləri daxilində yeni terror qruplaşmaları cücərir.

* Suriyanın və Bəşər Əsədin taleyi müəmmalıdır, orada sağlam məcrada nə isə baş verəcəyinə ümid etmək reallıqdan çox uzaqdır.

* İŞİD adlı ərəb xilafəti qurucuları İraq və Suriyanı bölmək, bölgədə baş kəsmək, cariyə tutmaq, cizyə almaqla məşhurdur.

* Avropa Birliyinin üzvü olan Yunanıstan iqtisadi baxımdan geriləyir, əski sovet ölkəsi olan Bolqariya toxtaya bilmir, Balkan ölkələri “süd gölü” durumunda deyil- rəsmi Ankara bu dövlətlərlə münasibətdə də yeni strategiya hazırlamaq zorunda.

* Qara dəniz və İstanbul boğazı məsələsi Türkiyəni istəsə də, istəməsə də Rusiya-Ukrayna qarşıdurmasına qarışdırır.

* Gürcüstan Qafqazın eksperimentlər ölkəsinə çevrilib.

* Türkiyənin milli və tarixi müttəfiqi Azərbaycanın 20 faiz torpaqlarını Türkiyənin milli və tarixi düşməni Ermənistan zəbt edib.

* Kıbrıs sorunu çözülməmiş qalıb.

* Bir də ABŞ, Avropa Birliyi və İsraillə elə Rəcəb Tayyib Ərdoğanın sayəsində münasibətlər xeyli pisləşib.

Bizim atalarımız deyib ki, örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər.

Türkiyə öz coğrafi mövqeyi, Osmanlı varisi olması və nəhayət demoktarik seçki sistemi ilə bölgənin doğanağı funksiyasını daşıyır.

Ərdoğan bu doğanaqdan örkəni necə keçirəcək, ümumiyyətlə, keçirə biləcəkmi - obrazlı ifadə etsək də, sual çox aktualdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm