Əsrin ironiyasına baxın...
Bizi izləyin

Digər

Əsrin ironiyasına baxın...

28 müxalif fəalın həbsxanadan imzaladığı son petisiya indiyə qədər aparılmış çeşidli mübarizə pleyadasının tarixində yeni səhifədir.

Dünyada "qara kağız"larla iş üzrə ixtisaslaşmış bürokratik strukturların, demək olar ki, hamısını - "Human Rights"dan Afrika Sərhədsiz fondlarına qədər - Azərbaycan hakimiyyəti əleyhinə qaldırmış 3-cü sektor bu dəfə həssas bir dönəmdə üzünü dünyanın neft qiqantlarından birinə tutaraq ondan imdad diləyib.

Əslində, azad olmaq üçün əl atılan bütün üsulları məqbul sayanlar, yəqin ki, burada qəbahət heç nə görmürlər. Çünki ölkəyə yönələn beynəlxalq diqqətdən və iri informasiya kameralarından bəhrələnməyə hər kəsin haqqı çatır. Ona qadağa qoymağa cəhd etməyə heç lüzum da yoxdur. Bu, yel dəyirmanı ilə savaşan ədəbi qəhrəmanın gününə düşmək olardı. Lakin, doğrudanmı, dəmir barmaqlıqlar arxasında öz inqilabi gələcəklərini planlayan şəxslər hesab edir ki, Azərbaycana daxil olan neft pulları kəsilsə, onda cəmiyyət avtomatik iqtidarın preferensiyasından çıxıb onların ətrafında lövbər salacaqdır? Yəni, ölkədəki qüvvələr nisbətinin belə düzümü, sən demə, "varlı hakimiyyət-kasıb müxalifət" formuluna dayanır - budur, müraciətin əsas məğzi, eləmi?

20 sentyabrda BP-nin icraçı direktoru Heydər Əliyevin adını daşıyan mərkəzdə bu əsrin yeni kontraktının bağlandığı mərasimdə ona ünvanlanan məktubun deyil, gələcək iqtisadi faydalarının düşüncəsi altında öz mübarək imzasını Cənub Qaz Dəhlizinin altına qoymağa can atırdı. Hamının növbə ilə imzasını qoyduğu və yeraltı qara qızılı Avropaya daşıyacaq bir kəməri buraxıb da hansısa "azadlıq manifestlərini" oxumaq yalnız siyasi macəraçıların və avantüristlərin işi ola bilərdi.

BP-nin başçısının burada Qərb koloniyası kimi lövbər salmış, indi isə ifşa olunaraq həbsə atılmış təsir agentlərinin hayına getməyə nə həvəsi, nə də vaxtı vardı. Nə olsun ki, onlar qeyri-hökumət təşkilatları cinahında yerləşdiriliblər, axı rəsmi dövlət qurumları ilə ən yüksək əlaqələr formalaşıbsa, onda Bob Dadlinin gedib Bayılda sülh və demokratiya naminə yatan bir başı sarıqlı qadını yoluxmağa nə ehtiyacı var ki? Azərbaycan uğrunda savaşın həlledici fazaya daxil olduğu bir dönəmdə neft üzrə beynəlxalq qrossmeystrlər belə kobud səhvə yol verməzlər. Bu, təkcə cənab İlham Əliyevin bəyan etdiyi "yeni komanda"dan çıxarılmağa səbəb olacaq hadisə deyil, eləcə də, indiydək qazanılmış nüfuzun və milyardaların itirilməsi demək olardı. Onsuz da Meksika sularını hələ durulda bilməyən bir kompaniyanın bu yandan da Qafqazda siyasi havanı bulaşdıran əməllər, şübhəsiz ki, ona baha başa gələrdi. Ötən əsrin əvvəllərində bu bölgədən qovulan Qərb şirkətlərinin aqibəti, yəqin ki, heç kəsin yadından çıxmayıb. Dadli nəinki Britaniyanın, eləcə də, dünyanın nəhəng bir qurumunun, konkret desək, 3-cü neft-qaz istehsalçısının rəhbəridir, bunun məsuliyyətini unutmur və ona görə daxili siyasi mübarizələrə qoşularaq çirkli kampaniyalara dəstək verməyə ixtiyarı yoxdur.

BP-dən Azərbaycanla əlaqələri kəsməyi, neft pullarının demokratiyanın boğulmasına səbəb olduğunu iddia edənlər təkcə azadlıqdan müvəqqəti məhrum edilmiş "kolonna üzvləri" deyil, həm də xarici maraq qrupları və elə konkret dövlətlərdir. Baxın, ildə 50 milyard kubmetrlik qaza və Orta Asiya regionunun mənimsənilməsinə, üstəlik, rus nüfuzu olan mühüm bir bölgənin iqtisadi ələ keçirilməsinə hesablanmış Nabukko layihəsi danışıqlar masasından sürüşdürülür və 90-cı illərdə cəbhədə hərbi məğlubiyyətə uğrayaraq neft danışıqlarında istənilən beynəlxalq şərtə razılaşmağa məhkum olan bir dövlət bu gün "azəri-türk layihəsi" ilə geopolitik meydana çıxır. Azərbaycan Rusiya ilə Qərbin indiki toqquşmasını ən azı bir il qabaqlayır və Ukrayna cəbhəsində mövqe döyüşləri aparan iki qütbün arasında uğurla tarazlaşdırıcı rolunu qoruyub saxlamaqda davam edir. Kim bunu əngəlləyib yeni vuruşmaların "nifaq almasına" çevirər ki? Əksinə, keçmiş sovet məkanından yalnız bizim regionda sülhün təminatı Azərbaycanın uğurlu neft-qaz siyasətinə bağlı deyilmi?

Hazırda 386 milyard dollarlıq dövriyyəyə malik olan bir transmilli koorporasiya Azərbaycanın müxalif fikir sahiblərinin xahişi ilə "Azadlıq Xartiyası"na qoşulmalı və mövcud iqtidarla işbirliyindən imtina etməlidir. Əsrin ironiyasına bir baxın: Düz yüz il qabaq bu şirkət ingils-fars ortaqlığının nəticəsində meydana çıxıb və dünya arenasında çoxşaxəli fəaliyyəti zamanı müxtəlif siyasi hakimiyyət, yaxud dəbdə olan terminlə desək, rejimlərlə işləyib. İran şahlarının, yaxud elə şahlıq üsul idarəsinin, həmçinin Cənubi Amerikadakı neft səltənətlərinin üzərində platforma qurarkən BP heç bir zaman ideoloji rənglər və demokratik əskikliklər axtaramayıb. Pəhləvi hakimiyyəti ilə işbirliyi şəraitində çalışarkən dünyada genişlənən soyuq müharibə tərəfdarları və ya antişahçı basmaqəlibçilər onları satqınlıqda, bir xalqın əsarətinə və köləliyinə yardım etməkdə qınamayıblar. Əgər onlar siyasi başıpozuqlara, inqilab həvəskarlarına uysaydılar, ildə 25 milyard dollar qazanan bir imperiya halına gəlməzdilər.

Bakı-Ceyhanla indiyədək 340 milyon ton neft daşınıb ki, bu da ölkə büdcəsinə 100 milyard dollardan artıq gəlir gətirib. Postmüharibə dövrünün dağılmış iqtisadiyyatını neftsiz necə bərpa etmək olardı? Birinci Qarabağ savaşını uduzmuş bir məmləkətin başqa hansı xilas resursları vardı ki? Biz hələ demirik ki, ərazi bötüvlüyümüzə edilən qəsdin də mayasında təkcə torpaq davası deyil, həmçinin bu qara məhlulun payı az deyildi, onda bizim novodvorskayaların "neft pullarını kəsin" çağırışının, əslində, bütövlükdə bir xalqa qarşı qəsd olduğunu görmək elə də çətin olmur. Məgər onlar bilmirlər ki, Xəzərdə "İkinci Qarabağ cəbhəsi" açmaq hansı dairələrin işinə yarayardı?

Əslində, bizim inqilabi-demokratik düşərgənin belə mənəviyyat halı ilə ötən əsrin əvvələrində bolşeviklərin mübarizə üsulları arasında bir sinxronluq və eyniyyət mövcuddur. Kasıb və dul bir qadının övladı - Vladimir İliç yoxsul xalq kütlələrinə necə başçılıq edir və çara qarşı üsyanların maddi-material bazası haradan əldə olunur? Proletariatın ianələri və qəzəbi hesabına bir ictimai quruluşu dəyişmək mümkün olardımı? Bəlkə, Mariya Ulyanovanın Kukuşkadakı 10 sotluq torpaq sahəsindən aldığı kiçik kirayə haqqı və ya təqaüdü hesabına onun oğlu bəşəri bir inqilaba başçılıq etmişdi? Halbuki indi açılan məxfi qrif altındakı materiallar sübut edir ki, dekabristlərdən bu yana hakimiyyət üstünə yeridilən qüvvələri bir platsdarm kimi necə təşkil ediblər. Məgər Gertsenin "Kolokolu" Rotşildlərin pulu hesabına çıxmırdı? Yaxud da ki, Trotskinin "Pravda"sı.

Bizim 3-cü düşərgənin Açıq Cəmiyyət İnstitutundan aldığı paralarla yaxşı bir müqayisə apara bilərsiniz. Lenin dəfələrlə Finlandiyadan, İsveçrədən, daha sonra Fransa və Almaniyadan bahalı mehmanxanalardan keçib hər dəfə yeni bir antiçar manifestasiyaları ilə ölkəsinə dönürdü. Trotski Nyu Yorkdakı yəhudi ictimai komitəsinin yardımı ilə Moskvadan Petroqrada geniş bir ərazidə fəhlə sinfini, dəniz və kömür mədənlərində çalışan yüz minlərlə insan kütləsini müxtəlif şuralar və dərnəklər altında birləşdirirdi. Nəhayət, Rusiyanı Antantaya qoşub onu Almaniya ilə vuruşduranda bütün daxili minalar partladılmağa başladı və nəhəng bir imperiyanın rüsvayçı məğlubiyyətinə yol açıldı. Məhz o zaman Leninə verilən alman - əslində, yəhudi pulları təkcə çarın, yaxud çarizmin deyil, həm də Rusiyanın tərksilah edilməsində inqilab qatarına tökülən yanacağa çevrildi.

Təki ölkə müharibədə məğlub olsun və hakimiyyət dəyişsin, satqınlıqla iqtidarı ələ keçirmək mümkün olsun. "Daimi ordu saxlamayacağıq" şüarı ilə əsgər və zabitləri aldadacağıq, sonra beynəlxalq Maliyyə İnternasionalı ilə ölkəni bölüşdürəcəyik. Əsas, Belinskinin dediyi kimi, etməkdir. Tənqidçi və bolşevik ideallarının tərənnümçüsü belə deyirdi: "Kiçik bir azlığın xoşbəxtliyi naminə çoxluğa qarşı odla-alovla və qılıncla amansıscasına döyüşməyə hazırıq!"

Nəticədə güclü bir Rusiyanı anqlosaks sistemi qarşısında təslim etmək mümkün oldu.
Putin bir neçə il əvvəl bolşeviklərin bu xəyanətini - onların fürsətcil və daxildə hakimiyyət uğrunda diversiya cəbhələri açan əməllərinin millətinə baha başa gəldiyini ürək ağrısı ilə qeyd edərək onlara bu əsrdən lənətlər yağdırırdı. Çünki itirilən Polşa, Finlandiya, Novorusiya, kiçik Rusiya və iqtisadi səfalət, bir formasiyanın dağıdılması və sair olmuşdu.

İndi neft pullarının cənab İlham Əliyev hakimiyyətini möhkəmləndirdiyi iddialarını eşidəndə keçmiş proletar nəslinin leksikonunda danışanların ruhunun sanki dirçəldiyinə əmin olursan. Bu adamlar məgər bilmirlər ki, pul iqtisadiyyatın qanıdır, əsas hərəkətverici qüvvəsidir?! Qoy filosoflar, yaxud politoloqlar siyasətin, yoxsa iqtisadiyyatın birinci olması haqda əbədi mübahisəni davam etdirsinlər, biz isə neft pullarının içində qara maraqlar axtaranlara ötən illər ərzində çadır, çiy kərpic və vaqon əsarətindən normal qəsəbələrə yerini dəyişən insanları göstərməkdə davam edək. 8 milyard manatlıq vəsaitin axtarışına çıxan demokratiya mücahidləri onu bu ünvanda tapacaqlar.

Təhsilin, səhiyyənin, enerji və su sistemlərinin, yeni pansionat və bağçaların, uşaq evlərinin inşasında, nəhayət, neçə-neçə Azərbaycan gəncinin xaricdə yüksək ixtisaslı mütəxəssislərə çevrilməsində də siz bu hakimiyyət liderinin doğru, yenilməz və cəsarətli siyasətinin bəhrələrini gün üzünə çıxara bilərsiniz. Yetər ki, kiçik bir milli mənafe və vətəndaş təəssübünə malik olasız.

Ən başlıcası, neft pulları olmasaydı, bu gün Azərbaycan əsgəri səngərdə məğrur dayana bilməzdi, 100 minlik ordunun qüdrəti və yenilməzlik duyğusundan danışmaq mümkün olmazdı. Səfil-sərgərdan günündə təslimçilik aktına imza atmağa bizi təhrik edən silahsız dəstədən danışmaqdan və Ukraynanın aqibətindən başqa nəsə ağlınıza gətirə bilməzdiniz. Hərbi sənayeni qurub dünyanın bahalı silah bazarına daxil olmağı isə xəyallarda və yaxud virtual informasiya məkanında görərdiniz.

Əlbəttə, başqa yol təklif edənlər də tapılacaqdı. Neft pullarının kəsildiyi və bütün sosial proqramların dayandırıldığı bir məmləkətin miqrasiya edən sakinləri Ermənistan kimi 2-ci ölkənin iqtisadi-siyasi və hərbi satellitinə çevrilməyi üstün tutacaqdılar. Bu yerdə "neftsiz xalqlar məhv olmayıb ki" deyən, yaxud ondan asılı olmayan iqtisadi sistemlər qurmağı tələb edənlərin qarşısında, sadəcə, bir faktı qoymaq kifayətdir: itirilmiş torpaqlar, uduzlumuş müharibə və dəyişilmiş dünya düzəni.

Bizi iqtisadi iflasa uğratmaq istəyənlərin həqiqi azadlıq istəyi BP-nin kəsilməyini istədikləri pullarında deyil. Onsuz Heydər Əliyev kasıb bir ölkəni beynəlxalq aləmə təbii sərvətlərindən daha çox öz misilsiz siyasi qüdrəti, ağlı və fitri-istedadı ilə çıxarmışdı. Əsl sərvət bu idi. Məgər 2003-cü ilə qədər hakimiyyətin neft pulları ilə möhkəmlənməkdən başqa yolları yox idi? Ən yaxın qonşularla dil tapmaq, ölkəni siyasi izolyasiyadan çıxarmaq, etnik-milli zəmində mövcud təhlükələri aradan qaldırmaq, nəhayət, əsas beynəlxalq təhlükələri və çağırışları düzgün dəyərləndirmək üçün bizim MİLLİ LİDERƏ neftdən daha çox arxalandığı xalqı və siyasi zəkası kömək etmişdi. Yoxsa nə qədər neft olan ölkələrdə sabitlik görmüsünüz ki? Məgər bu sözü tarixin qanlı səhifələrinə batırıb müharibələrin sinoniminə biz çevirmişik ki?

Bəlkə, kimlərsə bizdə də indi müharibə başlasa, məğlub olmağımızın tərəfində durarlar ki, bu onları hakimiyyətə sahib edərdi?! Əgər elə olsaydı, bu dəfə iqtidara gəlməyin bədəlini nə ilə ödəyərdik? Ölkənin gücləndiyi və dünyada yerini möhkəmləndirdiyi, həm də sabitlik adası kimi özünü qoruduğu bir zamnda "neft pullarını" arzulamayanların məqsədi, sizcə, nədir? Yoxsa onlar da hazırda sanksiyaların tüğyan elədiyi dünyada növbəti ünvan kimi bizi göstərirlər? Məgər Sərkisyan da elə bunu demir? Niyə təcavüzkara deyil, Azərbaycana iqtisadi yasaqlar istəyirsiniz, bizim hüquq qoruyucularımız?

Həbsdən azadlığa çıxmaq istəyən "milli dekabristlər"in əllərində tutduqları "əbədi məşəl" mənə Liviya Xalq Cəbhəsinin bir bədəvi səhrasındakı xəyanətini xatırladır. Beynəlxalq Maliyyə İnternasionalı və gizli dünya idarəçiləri 42 illik bir Cümhuriyyətə başçılıq edən Qəzzafi ilə can davasında olduğu zaman bu xalqın müxalif liderləri Fransa hökuməti ilə neftin gələcək işlənməsinə dair on illik müqavilə bazarlığında idi. Seçkisinə pul xərclədiyi Sarkozi rejiminin əli devrilən inqilabçı lideri öz soydaşlarının neft dəryaçaları ilə qan gölünü necə qatıb-qarışdıqlarını yaxşı görə bilməmişdi. Lakin indi ki bizim gözlərimiz var və Tikritdə hər gün həyatını itirənlərin qanı o müqavilələrin yazılmasına çəkilmiş mürəkkəb deyilmi?

Əziz müxaliflər, neftdən sizə də pay düşür. Azadlığa çıxın, Tanrı qapınızı açsın! Lakin BP-nin kəsilən pulları hesabına yox!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm