Digər
Arifə bəs edən işarə
Qurultaydan sonrakı Müsavatın analizi
Müsavat partiyasının məkan uyğunsuzluğunu əsas göstərib düz bir ildir ertələdiyi qurultay, nəhayət, baş tutdu. Həm də Bakı Şəhər İcra Hakimiyyətinin lap əvvəldən tövsiyyə etdiyi, partiyanın isə tutumunu və şəraitini münasib saymadığı Əmircandakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında. Bu qurultayı kütləvi informasiya vasitələri nümayəndələrinin və siyasi müşahidəçilərin maraq dairəsinə salan partiyanın yeni başqanının seçilməsi idi.
Məlumunuz, Müsavat Partiyasının yenidən qurucusu və başqanı İsa Qəmbərin nizamnamə gərəyincə iddia sərgiləmək limiti yox idi. Düzdür, istəsəydi, onun yenidən başqanlığını təmin edəcək nizamnamə dəyişikliyini həyata keçirməsi üçün qarşısında təşkilatdaxili müxalifət və müqavimət yox idi. Ancaq İsa Qəmbər belə bir addım atmayacağını dəfələrlə vurğulamış, başqanlıq postuna yeni iddiaçıların ortaya çıxmasında maraqlı olduğunu sərgiləmişdi. Bildirmişdi ki, başqanlıqdan getsə də, Müsavatdan və siyasətdən getməyəcək. Bu təqdirdə isə istər-istəməz sual yaranırdı: siyasətdən getməyən İsa Qəmbərin başqanlıqdan getməkdə marağı nədir?
Əlbəttə, bu marağı, sadəcə, "nizamnamə şərtləri"nə bağlamaq mümkünsüzdür. Hələ bu barədə mətbuatda ilkin müzakirələr gedəndə, bir sıra analitiklər, o cümlədən bu sətirlərin müəllifi əminliklə vurğulayırdılar ki, başqanlıqdan getsə də, siyasətdə qalan İsa Qəmbər həm partiyanın bütün rıçaqlarını əlində saxlayacaq, həm də "başqanlıq üstü" bir formul irəli sürərək siyasi proseslərdə bəlli bir statusla çıxış edəcək. Gözlənildiyi kimi oldu: sabiq başqan 2018-ci ildəki prezident seçkilərinə adaylığını indidən rəsmiləşdirdi.
Elə məhz bu məqam Müsavat başqanının əvəzlənməsini partiyanın iç dinamikası və cəmiyyətə açılım baxımdan YENİLƏNMƏ kimi qarşılamağa imkan vermir. O sadə səbəbə görə ki, Müsavatın yeni başqanı nə İsa Qəmbər üzərində qələbə qazanıb, nə də perspektiv baxımından çox mühüm bir suala - İsa Qəmbərin bacarmadığı, yəni "partiyanın hakimiyyətə daşınmasına necə nail olacam" sorusuna - cavab verməyib. Əslində, 2018-ci ildə partiyanın namizədi İsa Qəmbər olacağından bu suala cavab verməyə lüzum da olmayıb. Sadəcə, İsa Qəmbər həm özünü mümkün zərbələrdən qorumaq, həm on illərdir davam edən uğursuzluqların partiyanın sıralarının seyrəlməsinə təsirini öz adına bağlamamaq, bir az da fəal siyasətin dedi-qodu səviyyəsindəki intriqalarından kənarda asudə nəfəs almaq üçün cəmiyyətə yeni başqan təqdim edib.
Müsavatın yeni başqanının isə Arif Hacılı olacağı lap əvvəldən
bəlli idi. Bəlli idi ona görə ki, Sülhəddin Əkbər, Rauf Arifoğlu,
İbrahim İbrahimli kimi partiyaiçi dəngələrin əsas qurucuları ya
Müsavatı tərk etmiş, ya da iddialarından geri çəkilməyə məcbur
qalmışdılar. Arif Hacılıya Müsavat iyerarxiyasında əsas sorun
yaradan fiqur olan Vurğun Əyyub da həm İsa Qəmbərin sərəncamı ilə
öz mövqeyini itirmiş, həm də aktiv siyasətdən çəkilib Qarsa üz
tutmuşdu. Müsavat partiyasının sıralarına Elçibəyin hakimiyyətdən
uzaqlaşmasından sonra qoşulan, xalq hərəkatının öncüllərindən
olmayan və daha çox "yaxşı iqtisadçı" kimi tanınan Qubad İbadoğlu
isə öz vaxtını və potensilanı, əsasən, QHT sektoruna sərf
edirdi.
Bununla belə, Qubad İbadoğlunun başqan olmasına Müsavat
qurultayında heç də az adam səs vermədi. 450 nəfər qurultay
nümayəndəsindən iki yüzü ona səs verməklə Arif Hacılıya da ciddi
mesajlar yollamış oldu. Əgər Qubad İbadoğlunun səslərinə anti-Arif
Hacılı mövqeyinin ifadəsi olaraq 19 müsavatçı tərəfindən Tural
Abbaslıya verilmiş dəstəyi də əlavə etsək, yeni başqanın cəmi 9
bülleten fərqi ilə seçildiyini bir daha görmüş olarıq. Bu faktı isə
belə yorumlamaq olar ki, müsavatçılar deyir: "Bax, Arif Hacılı,
Qubad İbadoğluna yetki vermədik, amma səndən də çox razı deyilik.
Ciddi-ciddi düşün, başqan oldun, "burada mənəm, Bağdadda kor
xəlifə" deməyəsən, Qubad İbadoğlu partiyada nüfuz sahibidir,
gözümçıxdıya salınacaq, xərclənəcək isim deyil. Əgər ümidləri
doğrultmasan, fövqəladə qurultay çağırar, onu başqan seçərik".
Zatən, bu nəticə Qubad İbadoğlunun da nəzərindən qaçmayıb. O, qurultayın nəticələrini dəyərləndirərkən Arif Hacılının qələbəsində İsa Qəmbərin də rolu olduğuna diqqət çəkərək, yeni başqanın dönəmində Müsavatda heç bir post tutmayacağını bəyan edib, öz vaxtını gözləyəcəyinə işarə verib. "Bu vaxt onun xeyrinə işləyəcəkmi" sualını və kifayət qədər yorulmuş düşərgədəki çatışmaların qopmalara yol açacağı ehtimalını nəzərə alanda Qubad İbadoğlunun nə qədər səbr edəcəyi də maraq doğurur. Bütün hallarda, qarşıdan parlament seçkiləri gəlir və Milli Məclisə kimlərin aday göstəriləcəyi, o adaylardan kimlərin daha effektiv kampaniya aparacağı həm də Arif Hacılı ilə Qubad İbadoğlu rəqabətinin son raundunu təşkil edəcək.
Arif Hacılının Müsavat başqanı olmasının nəticələri xüsusi olaraq müxalifət düşərgədəsində yeni bir konflikt yaradacaq. Bu konfliktin qaynaqlarını, təzahürlərini və sonuclarını təxmin etmək üçün isə 1990-cı illərin əvvəllərinə dönmək lazımdır.
Əgər xatırlayırsınızsa, Arif Hacılı Müsavat başqanlığına namizəd olar-olmaz, sosial şəbəkədəki hesabında bir foto paylaşdı. Fotodakı zaman o zamanıydı ki, Arif Hacılı AXC Ali Məclisinin sədri, Əli Kərimli isə onun müavini idi. Əlbəttə, başqan adayı bu fotonu heç də nostalgiyaya qapılıb paylaşmamışdı, çox önəmli bir mesaj verirdi: "Əli Kərimli məndən sonradır"...
Əgər xalq hərəkatındakı rolları və ranqları təftiş edilsə, Arif Hacılının bir pillə irəlidə olması faktdır. Sadəcə, Elçibəy hakimiyyətinin son aylarında Əli Kərimlinin dövlət katibi təyin edilməsi, 1995-ci ildə AXCP-nin partiyaya çevrilməsindən sonra isə onun mandat qazanması və "islahatçı" obraz formalaşdırması "AXC-Müsavat platformasında üçüncü adam kimdir" sualına cavabı Arif Hacılının əleyhinə çevirdi. Ancaq çox keçmədi ki, Əli Kərimli Əbülfəz Elçibəyin əleyhinə fəaliyyətə başladı, eks-prezidentin ölümündən sonra partiya parçalandı, AXCP-nin yeni sədrinin ətrafında ciddi imicə malik kimsə qalmadı. Üstəlik, 2003 və 2005-ci illərdəki seçkilərdə MSK-nın rəsmi nəticələrinə əsasən, Müsavat AXCP ilə müqayisədə daha üstün oldu. Əli Kərimlinin islahatçı və praqmatik imici, bir partiyanın gücünü müəyyənləşdirən bütün resursları darmadağın olmuş, faktiki yenilgilərə rəğmən isə Müsavat özünü maksimum qoruya bilmişdi. Belə bir ortamda başqanlıq iddiasını açıqlayan Arif Hacılı köhnə sualı yenidən gündəmə gətirmiş oldu və Əli Kərimliyə meydan oxumağa başladı.
Belə ki, Əli Kərimlinin yaxın silahdaşı Qənimət Zahid Əbülfəz Elçibəyin qurduğu Bütöv Azərbaycan Birliyinə alternativ yaradanda Arif Hacılı eks-prezidentə həmin təşkilatda müavinlik edirdi. Onun ölümündən sonra AXCP daxilində yaranan və son nəticədə Müsavatda qərarlaşan Rəsulzadə-Elçibəy fraksiyasının isə Arif Hacılının Müsavatdakı qələbəsində həlledici rol oynadığını görməmək mümkün deyil. Ümumiyyətlə, Qubad İbadoğlunun və Arif Hacılının qurultay öncəsi açıqladıqları tərəfdar siyahılarını müqayisə etdikdə nəzərdən qaçmır ki, 1998-ci ildə İsa Qəmbərin Əbülfəz Elçibəyə güzəştə getməsinə mane olanların əsas bölümü Arif Hacılının əleyhdarı kimi çıxış edib. Başqa sözlə, bu gün Arif Hacılı Əli Kərimli qarşısında həm Rəsulzadə-Elçibəy ideyalarının daşıyıcısı, həm liderinin xeyir-duası ilə başqan seçilmiş şəxs, həm də AXCP-dən daha çəkili partiyanın rəhbəri, ən başlıcası, daha sabit cizgi sahibi kimi öyünə bilər.
Ancaq bütün bunlar yenə də bir suala aydınlıq gətirmir: yenidən prezidentliyə namizədi İsa Qəmbər, yeni başqanı Arif Hacılı olan Müsavatın status-kvonu saxlaması iqtidar olmaq iddiasında hansısa perspektivlər vəd edirmi?
Mənim fikrimcə, dövlət kimi idarəçilik mexanizmləri oturuşmuş, sosial-siyasi münasibətlər sistemi qurulmuş, biznes elitası, akademik cameəsi, mədəni həyatı xalq hərəkatı fəallarına yad olan bir ölkədə Müsavat kimi ənənəvi bir partiyanın parlaq gələcəklə yox, Rəsulzadə dönəminə aid şanlı keçmişlə öyünməsi qaçılmazdır.
O da əgər müxalifət düşərgəsindəki yerini qoruya bilsə...
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO