“Antisovetskaya pravda”
Bizi izləyin

Digər

“Antisovetskaya pravda”

Tələbə vaxtı yanvar buraxılışına gəlmişdim. Bakıda 20 Yanvar qırğınından bir neçə gün qabaq Prezident Aparatının qarşısında rəhbərliyə üsyan mitinqi düzənlənmişdi. Aparatın qabağında simvolik olaraq dar ağacı da qurulmuşdu. Havada qorxunc bir gərginlik vardı.

Mitinqdə dostum Şaiq Vəli ilə birgə idim. Gecə marşrut basabasında birtəhər Sumqayıta Şaiqgilə getdik. Səhər hər yanı başına götürən həyəcan siqnalına ayıldıq. Şaiq dedi, yəqin zavodda qəza olub. Çox ertə idi, televizor vaxtı deyildi, radionu açdıq, xışıltıdan başqa heç nə eşitmədik. Evdə telefon da yox idi.

Çay içdik, siqaret çəkdik, televizorun vaxtı çatdı, açdıq, orda da heç nə görsənmədi. Durub küçəyə çıxdıq, adamlar mərkəzə sarı axışırdı. Dedilər, rus qoşunu Bakıda minlərlə soydaşımızı qırıb. Sumqayıt mədəniyyət sarayının qarşısında mitinq idi. Ürəyimiz partlayırdı, görəsən, dostlardan kim ölüb, kim qalıb?

Bakıya gəlmək istədik, lakin maşınların işləməsinə qadağa qoyulmuşdu. Sabah Bakıya gələndə yol qırağına səpələnmiş əzik-üzük maşınlar həyəcanımızı daha da artırırdı...

Bir neçə gündən sonra Moskvaya yola düşdüm. Mən gecələr Azərbaycan səfirliyi binasındakı otelin girişində gözətçi işləyir, ordakı otağımda gecələyirdim. Səfirliyə çatan gün dedilər, Etibar Məmmədovu maskalı OMON-çular dünən burdan apardı.

Səfirliyin konfrans zalının tavanında avtomat gülləsinin izini öz gözlərimlə gördüm. Demək, səfirliyimizə hücum edərək zalda güllə atmış, Etibar bəyi birbaşa konfrans zalından aparmışdılar.

O zamanlar səfirlikdəki otelin təsərrüfat işlərinə tələbə yoldaşım olmuş Adil Əlioğlu baxırdı. Adil BBC telekompaniyasından gəlmiş Etibar Cəfərov adlı rusdilli jurnalist soydaşımıza səfirliyin otelində otaq ayırmışdı. O, Bakıdan oğrun gətirdiyi 30-a yaxın videokasetlərdən montajla bir kaset yığıb faciəni xarici kanallara ötürürdü.

Axşam mənə institutumuzun yataqxanasından Leninqraddan (indiki Sankt-Peterburq) göndərilmiş telefon nömrəsi gətirdilər. Zəng elədim, Saatlıdan olan tələbə yoldaşım Şamil Bahadır təcili Leninqrada gəlməyimi istəyirdi.

Sabah tezdən sürət qatarı ilə Leninqrada getdim. Dostlar məni qatardan qarşılayıb “Pribaltiysk” otelinə aldılar. Bizi öz pasportuyla şəhərin ən bahalı otelində yerləşdirən Əli (ona hamı Alik deyirdi) adlı dəliqanlı Şamilin həmyerlisi və dostu idi.

Mən ora gələnə qədər Şamil Leninqraddakı ziyalılarımzı bir yerə toplayıb gətirdiyi kasetləri onlara göstərib hadisəni şərh eləmişdi. Saatlıda tarix müəllimi işləyən Ramazan Səmədov adlı cəsur və mehriban bir oğlan da Şamillə gəlmişdi. Məqsəd Bakı qırğınını Rusiya mətbuatı və televiziyaları ilə yayınlamaq idi.

O vaxtlar Moskvadan fərqli olaraq, Kremlin siyasətini Leninqrad ictimaiyyəti qəbul eləmirdi. Şamil rus tələbə yoldaşlarını da işə qoşmuşdu. Marina Paley, Serqey Paxomov və Pyotr Kojennikov bizə yaxından kömək eləyirdilər. Nəhayət ki, Kojennikovun çalışdığı Leninqradın ən məşhur “Pyatoye koleso” adlı telekompaniyasında 20 Yanvarın izahlı görüntülərini yayınladıq. Sabirabaddan gəlmiş bir cəbhəçinin otel telefonuyla “Azadlıq” radiosuna zəng elədiyini bilən KQB əməkdaşları oteldə axtarış apardılar. Zəng onun otağından olunduğuna görə Aliki çox incitdilər...

Leninqradda Saşa Boqdanov adlı gənc və cəsur jurnalist “Antisovetskaya pravda” adlı bir “listovka” - qəzet buraxıb hər həftə Moskvanın mərkəzində özü satırdı. Moskvalılar Saşa gələnə qədər qəzet üçün növbəyə dururdu. O, tirajı iri əsgər heybəsilə belində gətirib Puşkin meydanı tərəfdə satırdı.

Qorbaçovun imperialist siyasətini məqalə və karikaturalarla darmadağın eləyirdi. Şamilin dostları bizi Saşa ilə tanış elədi. Saşa qəzetin iki nömrəsini - Sumqayıt hadisələrindən tutmuş 20 Yanvara qədər – Qorbaçovun Azərbaycan siyasətinə həsr elədi.

Mən Şamillə Ramazanı bir çemodan qəzetlə Domadedov hava limanından yola salmalı idim. Biz cəmisi bir bilet tapa bildik və qəzeti Ramazan aparmalı oldu. Kəndirlə düyün-düyün bağladığımız qəzet ölçüsündə olan çemodanı keçid şüasından ötürəndə təəccüb elədilər. Min nüsxəyə yaxın kip yığılmış qəzet çemodanda bütöv bir qara daş kimi görünürdü.

“Bu nədi?”- polislər soruşdu. Üçümüzün də rəngimiz dəyişmişdi. Çemodan açılsa hər birimizi 3 ildən 7 ilə qədər iş gözləyirdi. Ancaq Ramazan əvvəlcədən bizə demişdi ki, tutsalar, guya sizin xəbəriniz yoxdu, hər şey mənlikdi.

Nəzarətçi polislərə dedik, kağız-kuğuzdu, kip yığılıb, ona görə belə görünür. Qəsdən qeydiyyatın lap sonlarında gəldiyimiz üçün polislər çemodanın düyünlü kəndirinə baxıb vaxt darlığına görə açdırmaqdan vaz keçdilər...

Qəzetin özümüzdə qalan nüsxəsələrini Şamillə paketlərə qoyub rus ziyalı və yazıçılarının ev ünvanına göndərir, Qədim Arbat küçəsinin divarlarına yapışdırırdıq. Çox vaxt qayıdanda görürdük, yapışdırdıqlarımızı ermənilər divardan cırıb atıb, biz də təzəsini yapışdırırdıq...

Ramazan qəzetləri Azərbaycana çatdırmışdı. Sonralar Şamildən eşitdim, Ramazanı Rusiyada öldürüblər. O, heç 40 yaşına da çatmamışdı...

Keçən il Şamil mənə həmin qəzetlərin hərəsindən bir nüsxə bağışlayanda gülüb: “Bu yaxınlarda qəzetlərdən biri yazıb ki, guya bunu o vaxtlar onlar çap elətdirib” – dedi.

Sonralar eşitdim ki, “Antisovetskaya pravda”nı buraxan Saşa Boqdanovu da güllələyiblər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm