Diri-diri basdırılanların dəhşətli hekayəsi: Şok faktlar
Bizi izləyin

Digər

Diri-diri basdırılanların dəhşətli hekayəsi: Şok faktlar

Real həyat bəzən ən qorxulu filmlərdən belə dəhşətlidir. Diri-diri basdırılanlar haqda real hekayələri eşidəndə insanın damarlarında qanı donur. Dünyada belə hadisələr çox olur. Böyük yazısı Qoqolun diri ikən tabuta qoyulması haqda da məlumatlar var.

Elə bir neçə il qabaq bizdə də mərhum aktrisamız Gülşən Qurbanovanın qəbirdə dirilməsi haqda söz-söhbətlər gəzdi.

Dünyanın müxtəlif guşələrində bir çox səbəblərdən diri ikən basdırılanlar olub. Publika.az belə hadisələrdən bəzilərini təqdim edir.

Naməlum virusun qurbanı

XIX əsrin sonlarında ABŞ-ın Kentukki ştatının Pikevill şəhər sakinləri qəribə xəstəliyə yoluxdular. Oktavia Smit Hetçer də naməlum virusa yoluxanlardan idi. 1891-ci ilin yanvarında Oktavianın kiçik oğlu dünyasını dəyişmişdi. Bundan sonra qadın depressiyaya düşdü. Keçirdiyi mənəvi əzablar nəticəsində onun orqanizmi tam zəifləmişdi. Bəzən günlərlə yataqdan qalxmırdı. Şəhərdə naməlum virus yayılanda isə ilk yoluxanlardan biri o oldu. Tezliklə xəstəlik elə şiddətləndi ki, may ayında Oktavian komaya düşdü. Həkimlər onun öldüyünü təsdiq etdilər. Havalar çox isti keçdiyindən, meyit iylənməsin deyə onu tələskənliklə yerli qəbiristanlıqda dəfn etdilər.

Maraqlıdır ki, şəhərdə eyni vaxtda bir neçə nəfər beləcə xəstələnib komaya düşmüşdü. Onlardan bəziləri dəfn edilənədək ayıldı. Sanki yuxuya getmişdilər. Oktavianın əri narahat olmağa başladı. Bəlkə, heç arvadı da ölməmişdi?

Dərhal bir neçə fəhlə götürüb məzarlığa getdi. Qəbri qazıb çıxardılar. Kişinin narahatlığı əsassız deyildi. Oktavian qəbirdə ayılmışdı. Qadın bir neçə dırnağı qırılanadək tabutun içəri tərəfini cırmaq-cırmaq etmişdi. Üzündə dəhşət dolu ifadə vardı. Diri ikən basdırıldığını anlayanda var qüvvəsi ilə çığırmış, sonra ürəyi partlayıb ölmüşdü.

Oktavianı yenidən basdırdılar. Əri əzabla ölmüş həyat yoldaşının məzarı üstə böyük heykəl ucaltdı. Həmin heykəl və məzar indiyədək qalır. Naməlum xəstəliyin səbəbi isə sonradan bilindi. Sən demə, virusu Afrika milçəyi olan sese adlı həşərat yayırmış. Bu həşərat insanı dişləyəndə onda uzunmüddətli yuxu xəstəliyi yaradır.

İlk görüş....

Bu ilin, yəni 2014-cü ilin mayında ərəb əsilli Fransa vətəndaşı, 25 yaşlı Mina Əl Huyarı internetdə tanış olduğu cavan oğlanla real həyatda görüşə hazırlaşırdı. Aylar öncə sosial şəbəkədə danışmışdılar. Sonra aralarında romantik hisslər yarandı. Mina qəti qərara gəldi: sevgilisini görmək üçün Mərakeşə gedəcək.

Görüş mayın 19-da, Mərakeşin “Fese” otelində baş tutdu. Mina həyatının kişisi ilə gözəl bir gecə keçiirdi. Yeyib-içib əylənirdilər. Birdən Mina yerə yıxıldı. Nəbzi vurmurdu. Gənc oğlan qorxdu. Polisi və ya təcili tibbi yardım xidmətini çağırmaq əvəzinə, Minanı hoteldən evinə apardı və həyətində yer qazıb qadını basdırdı.

Bir neçə gün sonra Minanın ailəsi həyəcan təbili çaldı. Mərakeş polisi axtarılan gənci tez tapdı. Ona həqiqəti dedilər. Sən demə, Mina ölməyibmiş. Diabet xəstəsiymiş. Belə xəstəliyi olanlar isə müvəqqəti komaya düşüb, sonra ayılırlar. Gənc isə bunu bilmirdi. O, sevgilisini diri ikən basdırmışdı.

Barmaqlarını yeyən qadın

Çarlz Boqer və arvadı ABŞ-ın Pensilvaniya ştatındakı fermalardan birində rahat ömür sürürdülər. Cütlük bir-birini sevirdi. 1893-cü ildə qadın qəfil xəstələndi və keçindi. Həkimlər onun öldüyünü təsdiqlədilər.

Bir neçə gün sonra uzaq ştatlardan başsağlığı vermək üçün qohumları gəldi. Onlardan biri Çarlza dedi ki, arvadı uşaq vaxtı tez-tez ürəkgetmədən əziyyət çəkirdi. Ola bilsin ki, o heç ölməyibmiş və qadını dəfn etməkdə tələskənliyə yol veriblər.

Çarlz əvvəlcə bu sözlərə fikir vermədi. Lakin qəlbi narahat idi. Arvadı tez-tez yuxusuna girirdi.

Nəhayət, o, bir gün dostlarını toplayıb məzarlığa getdi. Qəbri açıb baxmalıydı, yoxsa rahatlıq tapmayacaqdı.

Qazıb tabutu çıxaranda donub qaldılar.

Miss Boqerin paltarı cırıq-cırıq idi. Əlləri, qolları qançır içində idi. Tabutun qapağını cırmaqlamışdı. Barmaqları heç yox idi. Qorxudan, əlacsızlıqdan barmaqlarını gəmirmişdi.

Xilas olunan gənc

Diri ikən basdırılanlar arasında xilas ola bilənlər də var. Ancelo Xeysin başına gələnlər buna sübutdur.

1937-ci ildə motosikletlə gəzintiyə çıxan 19 yaşlı gənc qəza törətdi. O, idarəetməni itirərək kərpic divara çırpıldı. Oğlanı müayinə edən həkimlər çox düşünmədi. Gənci əməlli-başlı yoxlamamış onun öldüyünü elan etdilər. Ancelo tezbazar dəfn edildi. Ancaq məsələnin qaranlıq tərəfi vardı. Sığorta şirkəti hadisə yerinə öz inspektorunu göndərdi. Axı bir müddət əvvəl Ancelonun atası oğlunun həyatını 200 000 franka sığortalamışdı. Az məbləğ deyildi.

İnpektor iki gündən sonra məzarı açıb gəncin ölüm səbəbini aydınlaşdırmaq üçün təkrar ekspertiza aparmaq istədi. Tabutu açanda gördülər ki , o, hələ sağdır. Huşsuz olsa da, bədəni isti idi, nəbzi çox yavaş vururdu.

Başından zədə aldığı üçün heç tabutda da ayılmamışdı. Uzun müalicədən sonra Ancelo sağaldı. Sonralar Ancelo diri ikən basdırılanlar üçün tabut istehsal etməyə başladı. Tabut elə hazırlanmışdı ki, insan öləndən sonra ayılarsa, çətinlik çəkmədən məzardan çıxa bilərdi. Bu kəşf nəticəsində Ancelo o dövrdə Fransada ən tanınmış şəxslərdən birinə çevrildi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm