Gürcülərin arzusu, rusların Borisi - İvanişvili
Bizi izləyin

Digər

Gürcülərin arzusu, rusların Borisi - İvanişvili

Onun adı dünya milyarderlərinin arasında 282-ci sırada yer alıb. “Forbes”in qiymətləndirməsinə görə, 2014-cü ildə sərvətinin həcmi 5,2 milyard dollar təşkil edib. 2013-2014-cü illər arasında sərvətinin həcmi nə artıb, nə də azalıb. Rusiyada, Gürcüstanda şirkətlərə, daşınmaz əmlaklara sahibdir. Söhbət dünyanın ən varlı gürcüsundən, Gürcüstanı qeyri-rəsmi idarə edən sabiq baş nazir, milyarder Bidzina İvanişvilidən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində bu sirli şəxsi təqdim edir.

5 uşaqlı kasıb ailə, cırıq ayaqqabı

B.İvanişvili 1956-cı ildə Gürcüstanın Çiatura şəhəri yaxınlığındakı Çorvila kəndində çox kaşıb ailədə anadan olub. 5 uşaq, ata və ananın daxil olduğu 7 nəfərlik külfət fəhlə maaşı ilə dolanıb. Belə ki, hazırda Gürcüstanın dövlət büdcəsinə bərabər həcmdə pulu olan Bidzina İvanişvilinin atası Qriqor “Çiaturmarqaneçe” kombinatında mədənçi işləyirmiş. Qonşularının dediklərinə görə, ailə o qədər kasıb şərtlərlə keçinirdi ki, uşaqlarını məktəbə yamaqlı paltarlarda göndərirdilər: “Cırıq ayaqqabısına, corabının belə olmamasına rəğmən, Bidzina da hər gün kənddən qəsəbəyə məktəbə gedir. Ailədəki maddi çətinliklərin fonunda o, orta təhsilini dərəcəylə bitirir”.

Kəndli oğlan Tiflis Dövlət Universitetinin Mühəndislik – İqtisadiyyat fakültəsinə qəbul olunur. 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir. Yenə də qonşularının danışdıqlarına inansaq, valideynləri Bidzina məzun olduqdan sonra onu kəndə qaytarmağa çalışırlar. Hətta ona şaxtada iş də təşkil edirlər. Amma Bidzina təhsilini davam etdirməyi qərar verir. 1982-ci ildə Moskva Əmək Universitetinin aspiranturasına qəbul olur.

İlk iş və gələcək ortağı ilə tanışlıq

Bidzina hələ tələbəlik illərindən özünə çörəkpulu qazanmağı öyrənir. Süpürgəci, usta belə işləyir. Boş zamanlarında orta məktəb şagirdlərinə fizika fənni üzrə repetitorluq edir. Belə dərslərdən birində özü kimi müəllimlik edən Vitaliy Malkinlə tanış olur. O Malkin ki, gələcəkdə onun ortağına çevrilir.

Adını dəyişir

Yeri gəlmişkən, İvanişvili Moskvada adını dəyişir: “Məni gah Buzina, Benzinno deyə çağırırdılar. Bir gün aspirant yoldaşlarımdan biri məni Boris deyə çağıracağını söylədi”. Beləliklə, Bidzina ruslar üçün Borisə çevrilir.

İvanişvili 1986-cı ildə universitetdə iqtisadiyyat sahəsi üzrə disertasiyasını müdafiə edib Tiflisə qayıdır. Bu zaman artıq Moskva Əmək Universitetinin Tiflisdə filialı açılır. Və Bidzina orada baş elmi məsləhətçi kimi işləməyə başlayır. Lakin bu iş onu darıxdırır və İvanişvili ticarətə atılır.

Kompyuter biznesi

B. İvanişvilinin biznesmen kimi formalaşmasına gəlincə, regiondakı bir çox milyonçular kimi o da sərvətini Sovet İttifaqının xarabalıqlarında qazanıb. Yəni Boris Yeltsin hakimiyyətinin iqtisadiyyatın xaotik liberallaşdırılması dövründə. Hansı ki bu dövrdə varlanmaq çox asan idi. Sənaye, metallurgiya, bank, daşınmaz əmlak – bir sözlə, dövlət əmlakının özəlləşdirilməsi bir çox post-sovet oliqarxları kimi İvanişviliyə də böyük sərvət gətirdi.

1980-ci ilin sonlarında Kamo adına boru-prokat zavodunun nəzdində kooperativ yaradır. Orada metal şlanqların istehsalına başlayır. Paralel olaraq Tiflisdə və Moskvada kompyuter satışı ilə məşğul olur. Kiçik mənzil kirayələyən İvanişvili və Malkin kompyuter, telefon, video qeyd cihazlarının idxalını həyata keçirirlər. Rusiyada bu cür cihazlara sıx tələbat olduğundan ortaqlar 1990-ci ilə qədər müəyyən miqdarda sərvət toplayırlar. Həmin ərəfədə 100 min dollar sərmayə ilə Rusiyada bank qurmaq mümkün idi. İki ortaq 1990-cı ildə “Rusiya Kredit” bankını təsis edirlər. Sovet İttifaqının çökməsi nəticəsində hər kəs əlindəki rublu sataraq ABŞ dolları və ya alman markı almağa başlayır. Vəziyyətdən faydalanan ortaqlar əhəmiyyətli dərəcədə sərvət qazanırlar. Tam bu dövrdə Rusiyada özəlləşdirmə başlayır. Dəmir və neft sektorunda bir çox şirkəti satın alan İvanişvili ilə Malkin çox adamın etimad etmədiyi dəmir filizi mədənlərini də özəlləşdirirlər. Maraqlıdır ki, B.İvanişvili Rusiyanın bu keçid dövründə arxa planda olmağı seçir. Ortağı Malkin isə şirkətin görünən siması olur.

1992-ci ildə İvanişvili "MarkPolBank"ın (Moskva) direktorlar şurasına üzv olur. 1994-cü ildə gözlənilmədən öncə ABŞ-a, sonradan Fransaya köçməklə bu iki ölkədə daşınmaz əmlak bazarına daxil olur. Xaricdəki biznesini inkişaf etdirmək məqsədilə 1995-ci ildə “İnfintreyd” şirkətini yaradır. Elə bu şirkətin vasitəsilə yenidən Rusiyanın biznes mühitinə daxil olur. Xüsusilə metal sənayesində ən üstün mövqelərə sahib çıxır. “Triada-1” ASC-ni yaradır. “Triada-1” “Lebedinskiy” dağ-mədən kombinatınını səhm paketinin əsas hissəsinə sahiblənir. 1997-ci ildə İvanişvili sənaye aktivlərinin və daşınmaz əmlakın idarəsi məqsədilə "Metalloinvest" şirkətini təsis edir. 2000-ci ildə "Stoilensky" ASC-nin baş direktorunun birinci müavini vəzifəsini icra edir. 2002-ci ildə “Doktor Stoletov” aptek şəbəkəsini yaradır. 2003-cü ildən 2006-cı ilə qədər “İmpeksbank”ın təsisçilərindən biri kimi direktorlar şurasının üzvü olur. Bununla da öz maliyyə resurslarını məharətlə qoruya bilir. 2004-cü ildə “Qızılgül inqilabı”- dan sonra Gürcüstana qayıdır. Bütün aktivlərinin idarəsini “Unikor”a köçürdür. Metal sənayesindəki aktivlərini isə məşhur rusiyalı milyarder Əlişir Usmanova satır.

İvanişvilinin sahib olduqları

Buna rəğmən, İvanişvili Rusiya iqtisadiyyatında hələ də vacib yer tutur. Özü də Rusiyadakı biznesini daha priorotet hesab etdiyini dilə gəririr. Rəylərə görə, Bidzinanın bank, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı sektorunda şirkətləri var. İvanişvilinin sərvəti sırasına “İmpeksbank” ( 2007-ci ildə “Rayffayzenbank Asrtiya” adı altında yenidən quruldu ), “Rusiya kredit bankı”, kənd təsərrüfatı korporasiyası "Stoylenskaya Niva" (2003-cü ildə gəliri 4 milyard rubl olub), “Doktor Stoletov” aptek şəbəkəsi, "Minsk" və "Mərkəzi" otelləri, eləcə də Rusiyanın regionlarında digər sənaye sahələrində sərvəti daxildir. Düzdür, 2012-ci ildə Gürcüstanda parlament seçkilərindən əvvəl İvanişvilinin Rusiyadakı sərvətinin böyük hissəsini satdığı deyilir. Belə ki, onun kənd təsərrüfatı korporasiyası "Stoylenskaya Niva"nın 2012-ci ildə ABŞ-ın investisiya fondu Arco International Group , “Rusiya kredit bankı” nın sahibkarlar və bankirlər, “Doktor Stoletov” aptek şəbəkəsinin əczaçılıq distribütoru "İmperiya-Farma” tərəfindən alındığı qeyd edilir. Lakin İngiltərənin “Guardian” qəzetinin yazdığına görə, İvanişvilinin “Qazprom” və “Lukoyl”şirkətlərində böyük səhm paketləri var. Eyni zamanda “Rusiya kredit bankı” hələ də ona məxsusdur.

İvanişvilinin özünün 2012-ci ildə açıqladığı deklarasiyada isə bu yöndə daha ilginc faktları ortaya qoyur. Əvvəla, deklarasiya 31 səhifəyə sığan bir varidat ortaya çıxarıb. Məlum olur ki, Bidzinanın təkcə Rusiya və Gürcüstanda 100-ə yaxın daşınmaz əmlakı var. Hansı ki bura torpaq sahələri (49 torpaq sahəsi), mənzillər (47 mənzil), qeyri-yaşayış sahələri daxildir. Bundan əlavə, deklarasiyada İvanişvili və həyat yoldaşına bir neçə şirkətin səhmlərinin məxsus olduğu göstərilir. Bu şirkətlər arasında Google inc. Share (2 min səhm), “Siemens” (7,5 min ), “Telekomunikacja Polska S.A” (150 min səhm ), hipermarketlər şəbəkəsi “Carrefour” (30 mindən yuxarı səhm),”Proqres bank” daxildir.

Sənəddə Yekaterina Xvedelidzenin bank hesabında 295 min dollar yatdığı da bildirilirdi. Qeyd olunurdu ki, 2011-ci ildə İvanişvili ailəsinin kommunal xərcləri 267 200 dollar olub. Ailə xeyriyyəyə 35,6 milyon dollar xərcləyib.

Onu da bildirək ki, İvanişvilinin bu sərvəti qanuni qazanmasına dair şübhələr var. Hətta onu Boris Berezovskinin taleyi gözlədiyi istisna edilmir. Bir məqamı da diqqətə çatdıraq ki, Kanada hökuməti Anqolada almaz qaçaqmalçılığında iştirakı şübhəsiylə İvanişviliyə ölkəsinə daxil olmağı qadağan edib.

Bidzinanın adı “Forbes”də

Bidzina İvanişvilinin varidatı illərdir “Forbes”in dilindədir. Jurnal onun adını ilk dəfə 2005-ci ildə siyahısına daxil edib. 2010-cu ildə “Forbes” İvanişvilinin sərvətini 4,8 milyard dollar həcmində dəyərləndirərək Rusiyanın 22-ci ən varlı adamı kimi göstərib. 2011-ci ildə isə o, Rusiyanın ən varlı 200 adamı arasında 5,5 milyard dollar sərvəti ilə 25-ci sırada yer alıb. 2012-ci ilin martında “Forbes” İvanişvilinin sərvətini 6.4 milyar dolar dəyərləndirərək dünyanın milyarderləri kateqoriyasında 153-cü sıranı verib. 2014-cü ildə onun sərvəti 5,4 milyard dollar həcmində dəyərləndirilib. Hansı ki bu qiymətləndirmə onu Gürcüstanın ən zəngin vətəndaşı edir.

Eyni vaxtda iki arvad alıb

İvanişvili varlandıqdan sonra 1991-ci ilin oktyabrında 35 yaşında 19 yaşlı Yekaterina Xvedelidze ilə evlənib. Bu evlilikdən onların 4 övladı var – Uta, Bera, Gvantsa adlı oğlu, Tsotne adlı 1 qızı. Milyarderin oğlanlarından ikisi albinosdur. Böyük oğlu Bera isə Gürcüstanın məşhur repçilərindəndir.

Onu da nəzərə çatdıraq ki, Bidzinanın həyat yoldaşı Yekaterina Xvedelidze 2004-cü ildə Gürcüstan vətəndaşlığını alıb. Ona qədər Yekaterina Rusiya və Fransa vətəndaşı olub. 2011-ci ildə Mixail Saakaşvili Yekaterina və Bidzinanın vətəndaşlığını ləğv etsə də, Tiflis Şəhər Məhkəməsi onun bu qərarını qüvvədən salıb.

İvanişvili ilə bağlı maraqlı faktlardan biri onun elə 1991-ci ilin 25 noyabrında İnqe Palova ilə Fransa yaxınlığında evlənməsidir. İnqe bir neçə il İvanaşvilnin bankında –“İmpeksbank” da işləmişdi. İvanişvili İnqe ilə 1994-cü ilin 18 mayında elə Fransa yaxınlığında da boşanır.

Gülnarə Kərimova kimi yoqa ilə məşğuldur

İvanişvili və ailə üzvlərinin hamısı yoqa ilə məşğuldurlar. Hətta milyarderin yoqa ilə məşğul olmaq üçün səhər saat 06:05-də oyandığı deyilir. Bundan əlavə o, rəsm əsərlərinə böyük maraq göstərir. Yəni hər bir milyonçu kimi İvanişvili də müəyyən sahə var ki, orada pul xərcləməyə xəsislik etmir. Gürcüstanın ən varlı adamı incəsənət vurğunudur. Onun kolleksiyasına Piter Doyq və Frid kimi rəssamların əsərləri daxildir. 2006-cı ildə isə o, Sotbis auksionunda dünyanın ən məşhur rəssamlarından Pablo Pikassonun "Dora Maar pişiklə" əsərinə 106.1 milyon dollar sayıb. İvanişvilinin əsərə qiymətləndirmədən 30 milyon dollar artıq pul verdiyi deyilir.

Milyarderin ekzotik heyvan kolleksiyası olduğu da irəli sürülür. Hansı ki bura zebralar, pinqvinlər, lemurlar daxildir.

Məşhur malikanə

Kasıb Gürcüstanın ən varlı adamının malikanəsi rus oliqarxlarının malikanələri ilə müqayisə edilir. Məsələn, Roman Abramoviçin Londondakı Lindsey House-də evi 150 milyon dəyərindədir. Əlişir Usmanovun Beechwood House-də evi isə 80 milyon, Dimitri Rıbolovlevanın Floridadakı evi 100 milyon dollar dəyərindədir. B.İvanişvilinin Japon memarı Sina Takamasuya inşa etdirdiyi malikanənin qiyməti 50 milyon dollar səviyyəsindədir. Tiflisin ən yüksək təpəsində prezidentin rezidensiyası ilə üzbəüz hissədə yerləşən bu malikanənin tikintisi üçün beynəlxalq tender keçirilib. Yapon memar məhz həmin tenderin qalibi olub. Alüminium, eləcə də şüşədən ibarət böyük qalanı xatırladan malikanənin inşası uzun illər davam edib. Həmin ərəfədə gürcülər qalanın kimə məxsus olduğunu bilməyiblər. Malikanənin özəlliyinə gəlincə, ora qonaq evi, zallar, böyük və kiçik konfrans zalları, trenajor, rəqs zalı, hovuz, qapalı tenis kortları daxildir. Evin bağçası isə başqa aləmdi. Belə ki, bağcada məşhur heykəltəraşların – Zaha Hadidin, Aniş Kapurun, Daimen Herst, Henri Mur, Roy Lixtenşteynin əsərlərinə rast gəlmək olar.

İvanişvili evinin memarlığını yapona həvalə etsə də, Fransanı sevir. Bununla bərabər, onun yemək menyusuna daha çox fransiz yeməkləri daxildir.

İvanişvili haqqında deyilənlər

İvanişvili 2011-ci ilə qədər ictimaiyyət üçün sirr olub. Gürcüstan prezidenti Mixeyil Saakaşvilinin isə düşməninə münasibəti əvvəldən birmənalı olmayıb. O hətta 2008-ci ildə müsahibələrindən birində müxbirin sirli biznesmen haqqında sualına cavabında “o-o, İvanişvili! O, qraf Monte-Kristo kimidir. Mən onu bircə dəfə görmüşəm. O, ictimailəşməyə nifrət edir" deyərək rəqibinə nifrətini gizlətməmişdi.

Sadə gürcülər isə onun haqqında fərqli danışırlar. Məsələn, deyirlər ki, İvanişvili pulunu sovet dövlətinin balış üzlərini türklərə satmaqla qazanıb. Bundan başqa, “Rusiyaya gedib və adını Boris İvanov qoyaraq sərvətini qızıla çevirib, İvanişvili Tiflisin köhnə ziyalılarına pensiya verir, övladları arasında albinos olanlar var, Afrikadan zebra alıb” kimi ifadələr işlədirlər. Bidzinanın məşhur malikanəsi haqqında isə “Ceyms Bondun evinə xoş gəldiniz” deyib keçirlər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm