Müğənni Zamiq: “Evlənməyə hazırlaşmağım barədə deyilənlər…“
Bizi izləyin

Digər

Müğənni Zamiq: “Evlənməyə hazırlaşmağım barədə deyilənlər…“

Populyar müğənni Zamiq Hüseynovun Publika.Az-a müsahibəsi:

- Müğənni Zamiq artıq sevilir və qəbul edilir. Baxmayaraq ki, hələ çox gəncsiz, az müddətə nəzərəçarpan uğurlar əldə etmisiz. Hesab etmək olar ki, bütün çətinliklər arxada qalıb?..

- Sənətə yeni gələndə əlbəttə ki, hər şey çətin idi. Bu vaxtadək əldə etdiyim nailiyyətləri çox çətinliklə əldə etmişəm. Şəxsi həyatımda da bilirsiz ki, müəyyən problemlərim olub. Ancaq etiraf edim ki, acı günlərin də öz gözəlliyi var. Allahın bu gününə şükür edirəm ki, artıq hər şey yaxşıdır.

- Zamiq Hüseynov sənətdə və şəxsi həyatda

özünü şanslı sayır?

- Bu suala dəqiq cavab verə bilməyəcəm. Ümumiyyətlə, hər bir insan daim öz üzərində işləməlidir. Gördüyü işdən və daşıdığı peşədən asılı olmayaraq, hər kəs işini layiqincə yerinə yetirməlidir. Musiqiçi olduğum üçün həmkarlarıma məsləhət görərdim ki, yalnız öz musiqimizə müraciət etməsinlər, əcnəbi müğənnilərin hit mahnılarına da üstünlük versinlər. Şəxsi həyata gəldikdə isə şanslı biri hesab oluna bilərəm. Çünki azərbaycanlıyam və xoşbəxtəm ki, belə gözəl ölkədə yaşayıram. Bu vaxtadək etdiyim hərəkətlərə görə, heç vaxt peşmançılıq hissi keçirtməmişəm. Həyatımda nə baş veribsə, hər şey yaxşılığa doğru gedib, sonda nəticə müsbət olub.

- Sənətdəki böyük uğurlara görə, kimdənsə və ya nədənsə imtina etməyə razı olarsız? Seçim qarşısında qalsaz, hansını seçərsiz?

- Sualınız həm düşündürücüdür, həm də cavablandırmaq çətindir. Hər kəsin qəlbimdə öz yeri var. Nəyəsə görə heç kimi və heç nəyi qurban vermərəm. Allah o gündən saxlasın! Hazırda işim də, şəxsi həyatım da öz axarıyla davam edir. Odur ki, pis şeylər haqda nə düşünmək, nə də danışmaq istəmirəm.

- Şəxsi həyatınızda son vaxtlar hansı yeniliklər var?

- Şəxsi həyatımda sevdiyim qadın yoxdur. Bu, o deməkdir ki, heç bir yenilik də yoxdur. Yəni hələ ki, ürəyim boşdur…

- Bəs axı evlənməyə hazırlaşmağınız barədə xəbərlər yayılıb. Doğru deyil?

- Xeyr, bu, yalnış məlumatdır. Sözün əsl mənasında, ağ yalandır. Bəzi telekanallardakı əyləncəli verilişlər öz reytinqini qaldırmaq üçün bəzən tamaşaçılara səhv informasiyalar çatdırırlar. Əgər həyatımda kimsə olsa, heç kimdən utanmadan açıq şəkildə deyəcəm.

- Ümumiyyətlə, sevəcəyiniz xanım necə olmalıdır ?

-Deyə bilmərəm. Qoy, sirr qalsın. (gülür) Sevə biləcəyim xanımın xasiyyətinə, danışığına, gözəlliyinə, gözlərinə, hətta gülüşünə və hər bir hərəkətinə vurula bilərəm.

- Şou-biznesin məşhur xanım nümayəndələrinin hansısa biri ilə ailə qurmağı təsəvvür edə bilirsiz?

- Qadın həmkarlarımın hamısı gözəldir. Amma bu haqda danışmaq istəmirəm.

- "Mənim fanat ordum" və ya "mənim pərəstişkarlarım" sözlərini deyən müğənnilərə münasibətiniz necədir ?

- Hər bir müğənni xeyli sayda tamaşaçı tərəfindən sevilə bilər. Mənə elə gəlir ki, hər bir müğənninin doğrudan da müəyyən fanat ordusu var. Onu da nəzərinizə çatdırım ki, məni də yetərincə sevən auditoriya var.

Mənim harda olmağımdan asılı olmayaraq onlar mənim yanımdadırlar. Bu məsələ haqda da geniş danışmaq istəmirəm. Çünki bu mövzu bir az qalmaqallıdır. Qalmaqal yaratmaq istəmirəm.

- İllər öncə yazılan musiqilərə qulaq asdıqda insan mənəvi rahatlıq tapır. Ancaq yeni yazılan əksər mahnıların ömrü uzun olmur və asanlıqla unudulur. Bu fikirlə razılaşırsız?

- İnsanın lirik və ya şən mahnıya qulaq asması həmin an onun hansı psixoloji durumda olmasından asılıdır. Mənim ifamda eşitdiyiniz "Sən necə də gözəlsən" mahnısını məncə, illər keçdikdən sonra da dinlədikdə böyük zövq alacağıq və öz-özlüyümüzdə deyəcəyik ki, o vaxtın da yaxşı mahnıları var idi… Hər dövrün, hər zamanın öz musiqisi var. İndiki dövrümüz üçün yadda qalan, səviyyəli mahnılar yazılır.

- Zamiq bəy, sizcə, şou-biznes niyə bu qədər tənqid olunur ?

- Mən tənqid olunan məqamları görmürəm. Çünki Azərbaycan gəncləri çox istedadlıdırlar. Gənc ifaçıların səs tembri mənə böyük zövq verir.

- Sizin gənclərin ifa tərzindən razı olmanıza baxmayaraq yaşlı nəslin ifaçıları nədənsə cavan müğənnilərdən narazılıq edirlər. Sizcə, onları qane etməyən nədir ?

- Hər kəsin fikrinə hörmətim var. Kimə necə xoşdursa, elə də qiymətləndirir.

Ceyran Əsgərqızı

Fotolar müəllifindir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm