Ermənilər Şuşada nə işlə məşğul olur?
Bizi izləyin

Digər

Ermənilər Şuşada nə işlə məşğul olur?

Qarabağımızın işğalından artıq 20 il keçir. 20 ildir Xarı bülbülü əyani şəkildə görmürük. Müharibə, atəşkəs, beynəlxalq hüquq müstəvisində deyişmələr - bunların bizim üçün hələlik elə bir əhəmiyyəti yoxdur. Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Xankəndidəki "Qəsr" restoranında özünün dediyi kimi, "qarabağsayaşı səhər yeməyi (yəni yumurta - pomidor, bal)" yemələri ilə başlanan xalq diplomatiyası layihəsi də münaqişənin həllinə yardımçı olmadı. Torpaqlarımızın erməni işğalında qalmasının hər günü bizim üçün faciədir. Ola bilsin ki, biz bunu gündəlik həyatda hiss etmirik. Çünki başımız daha çox özümüzə qarışıb.

Hansısa fövqəladə hadisənin baş verəcəyini gözləyirik. Bu isə hələlik baş vermir. Bizim politoloqlar və münaqişə ilə məşğul olan insanlarımız Ermənistan və Dağlıq Qarabağdan söhbət düşəndə dərhal söyləyirlər ki, ermənilər ya köçüb gedir, ya da acından qırılır. Doğrudanmı belədir? Bunu haradan bilirlər? Əgər belədirsə, boş qalmış yerləri niyə gedib tutmuruq?

Dağlıq Qarabağ bizdən o qədər aralı düşüb ki, artıq biz doğma torpaqlarımızda nələrin baş verməsi haqqında məlumatları başqa ölkələrdə dərc olunun qəzet və jurnallardan öyrənirik.

Belə məqalələrdən biri nüfuzlu "Literaturnaya qazeta"da "Anjelina üçün ev" başlığı altında dərc olunub. Məqalədə yazılır ki, Rusiya jurnalistlərindən ibarət heyət "Qarabağın dostları" klubunun rəhbəri Eduard Qulyanın dəvəti ilə Şuşa və Xankəndidə olublar. Qulyan əvvəlcə jurnalistlərə Bakıdan Şuşaya köçmüş Soğomonyan soyadlı 10 uşaqlı erməniyə Şuşanın mərkəzində xeyirxahlıq məqsədilə inşa etdiyi böyük bir evi göstərib. Bu evin Bakı ermənisi üçün tikilməsinin əsas səbəbi övladlarının müharibədən sonra dünyaya gəlməsi olub. Sən demə, Bakı ermənisi demoqrafik problemləri həll etmək üçün nümunə göstərib.

Rusiyalı jurnalist məqaləsində "müharibədən sonra" ifadəsini bir neçə yerdə işlədir. Yəqin ki, o, bunu Xankəndi və Şuşada artıq müharibənin olmayacağı haqda söhbətlərdən eşidib.

Məqalə müəllifinin yazdığına görə, Xankəndidə çox böyük bir uşaq-gənclər yaradıcılıq evi açılıb. Həmin təşkilatın rəhbərinin rusiyalı qonaqlara dediyinə görə, dünyada istedadlı uşaqlar üçün belə böyük yaradıcılıq evinə rast gəlmək çətindir: "Burada 90 yaradıcı qrup işləyir. Biz bura çoxsaylı psixoloqları dəvət etmişik. Onlar dərnək rəhbərləri kimi fəaliyyət göstərir".

Müəllifin qənaətinə görə, Dağlıq Qarabağda ən nüfuzlu şəxslərdən biri baş keşiş Parkev Martirosyan sayılır. Sumqayıtda anadan olmuş bu erməni İrəvan Politexnik İnstitutunu, Valeri Bryusov adına Rus və Xarici Dillər İnstitutunu və Eçmiədzin Ruhani Akademiyasını bitirib. Rusiyalı jurnalistin onunla söhbətindən: "Qarabağ əhalisi artıq tam əmindir ki, onlar öz torpaqlarını qaytarıblar. Burda müqəddəs daşlar - xaç heykəlləri o qədər çoxdur ki, bizim burada yaşamaq hüququmuzu sübut etməyə ehtiyac yoxdur".

Rusiya jurnalistlərindən ibarət heyət rus mədəniyyət evi və rus kilsənin açılışında da iştirak edib. Məqalədən aydın olur ki, ermənilər çoxuşaqlılığa üstünlük verir, yaradıcılıq və tədris mərkəzləri yaradır, bununla yanaşı, rusların da torpaqlarımızda möhkəmlənməsi üçün tədbirlər görürlər. Qondarma "respublika"nın "prezidenti" Bako Saakyan rusiyalı jurnalistləri qəbul edərkən bunları deyib: "Siz Qarabağda həmişə insan təbiətinin şəffaflığını hiss edəcəksiniz. Ona görə ki, biz hər şeyi öz adı ilə çağırmağa üstünlük veririk".

Saakyanın deməyindən belə çıxır ki, cənnət guşələrimizin havası və suyu onların təbiətlərində şəffaflıq yaradıb. Ermənipərəst ruhda yazılmış bu tip məqalələr Rusiyanın Ermənistana diqqətini artırmağa xidmət edir. Məqalənin sonunda yaradıcılıq evinə verilmiş bir erməni uşağının gələcəkdə inşaatçı olmaq istəyi qələmə alınıb. Amma rus jurnalisti narahatdır: "Çaylı qəsəbəsi ətrafında Azərbaycan silahlı kəşfiyyat dəstəsinin hücumu nəticəsində öldürülən bir neçə erməni həmin uşağı fikrindən daşındıra bilər. O da hərbçi olmaq istəyər". Söhbət Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən gedir.

Bu fakt onu göstərir ki, miqyasından asılı olmayaraq bizim tərəfimizdən aparılan istənilən əməliyyat hətta erməni uşağının da həyat eşqinə təsir edir. Sadəcə, bunların sayını artırmaq gərəkdir. Erməni təbiətindəki şəffaflığı mütləq pozmaq lazımdır...

Etibar Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm