Leyla Bədirbəyli dedi, adamın belə əri ola...
Bizi izləyin

Digər

Leyla Bədirbəyli dedi, adamın belə əri ola...

Onunla indiyədək bir neçə dəfə görüşmüşəm. Bu görüşlərin ikisində həmsöhbət olmuşuq. Çoxdanın adamıdı, köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir. Hələ üç il əvvəl birinci səfər Ələddin Abbasovdan yazanda ağlıma gələn ilk fikirlər bayaq söylədiklərim oldu.

Gəncədə teatrda, səhnənin beş addımlığında pəncərədən düşən işığın altında qabaq-qənşər oturub, çatılmış qaşları, sivri burnuyla qartalı xatırladan Ələddin müəllimlə söhbətləşəndə haqqında bir az əvvəl verdiyim qiymət yadıma düşmüşdü. Yanılmamışdım, bu dünyagörmüş kişi necə səciyyələndirmişdimsə eləcəydi.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatırının qərb bölgəsinə səfəri zamanı Şəmkirdən Gəncəyə gedib Ələddin Abbasovla görüşmüşdüm o vədə. Bu istək bir müddət əvvəldən beynimə girmişdi. Hələ səfərə çıxmaq xəbərini eşidən gündən. Görünür, qismətimdə varmış. Qastrolun axırıncı günü iki daşın arasında ağsaqqal sənətkarla görüşmək, məncə, bir naxış məsələsiydi ki, Yaradan taleyimə yazmışdı.

Bir gün əvvəldən Gəncə teatrının direktoru Əli Qasımovla danışıb vədələşmişdik. Sağ olsun, səhhətiylə əlaqədar teatra müntəzəm gələ bilməyən Ələddin müəllimi razı salmışdı. Bircə qalırdı, Şəmkirdə keçirəcəyim son saatlardan ən azı ikicəciyini qurban vermək, buna da razıydım. Beləliklə, səfər yoldaşlarım qalaya ekskursiyadaykən, üz tutmuşdum Gəncəyə.

Bu dəfə də yolum Gəncəyə idi...

Özü də məxsusi Ələddin müəllimlə görüşmək üçün getmişdim qaim-qədim Nizami yurduna. Məqsəd qapını kəsdirən yubiley münasibətilə sənətkarı yenidən söhbətə çəkmək idi ki, bunu neçə gün qabaqdan qərarlaşdırmışdım. Yolumu gözləyirdilər, Gəncənin mədəniyyət sahəsindəki rəsmilərindən tutmuş, yubilyarın oğlu Oqtaya və özünədək hamı irəliçədən xəbərdarıydı.

Açığı, ölkəmizin ikinçi paytaxtında çox hörmət-izzətlə qarşılandım və bu məndə heç vaxt unutmayacağım xoş təəssürat oyatdı. Gün yarım orada olduğum müddətdə yalnız diqqət və qayğıyla əhatə olunmağım, “həm ziyarət, həm ticarət” deyibən keçirdiyim görüşləri silsilə kimi təqdim etmək istərdim...

Hələliksə qarşınızda, Azərbaycan teatr və kinosunun canlı əfsanəsi, həqiqi mənada xalqın artisti, doxsan yaşlı yubilyardı. O, məni evdə gözləyirdi: sadə-saya geyimdə və öz təbii biçimində. Söhbətə onun üç ildən bəri ciddi şəkildə dəyişməyən görkəmini və əlindəki siqareti başdan-ayağa süzüb, sınayıcı nəzərlə körpü saldım:

- Sənətkar, məni tanıdız?

- Bay, qadan alım, - şirin Gəncə ləhcəsiylə deyir - suyun şirin gəlir... Deyəsən, bir yol görüşüb, danışmışdıq, heylədi?

-Allah razı olsun, elədi. Necəsiz, canınız-başınız yaxşıdı?

- Doxsan yaşında adam nejə olar, eləyəm (Gülürük). Düşmüşəm, ta həminki adam döyüləm. Əl-ayağım sözümə baxmır. Yeriyəmmirəm, çölə-bayıra çıxmağım çətinləşib. Beləydimmi mən? (Başını bulaya-bulaya dediklərini təsdiq edir…Az keçmiş əhvalı durulur və gülə-gülə) Sağlığına araq içməyim, siqaret çəkməyim qaydasındadı. (Sonra əhvalı yenə dəyişir, pərişanlayır) Düz doxsan yaşındayam ey, zarafat döylü. Yaman şeymiş qojalıx…

-Yox, elə deməyin, maşallah, huşunuz-başınız yerindədi. Özü də sizə bu yaşı vermək olmur.

-(Əlini yüngülvari yelləyib, xəfifcə gülümsəyir). Necə doxsan deyil? 1922- ci il mayın 5-də doğulmuşam. Ondan bəri neçə eləyir? (Gülə-gülə) Düz doxsan, dana… Yaddaşım hələ ki, məni darda qoymur. Sağlığına, çox şey xatirimdədi.

-Məsələn, teatra gəlişiniz… (Sözüm ağzımda qalır).

- O yanı, bu yanı yoxdu. Elə xatırlayıram, sanki dünəniydi. Amma üstündən yetmiş beş iləcən vaxt keçib ey. 1938-ci ilin axırında truppaya, sınaq müddətinə götürdülər. Bir neçə ay sonra təsdiqləndim. İlk rolum da yadıma gəlir, inqilabi mövzuda tamaşadaydı. Əvvəl-əvvəl təzəydim, ikinci, üçüncü dərəcəli rollar oynayırdım. Sonra təcrübəm artdı, baş və əsas qəhrəmanları rejissorlar mənə etibar elədilər.

- Arada müharibəyə getməyə də vaxt tapmısız...

- Vaxtı, baxtı deyəmmərəm, amma müharibə bizi tapmışdı… (Gülüşürük). Ayə, heç onu da düz-əməlli yarıdammadım. Yaralandım, qayıdıb gəldim teatrın üstünə.

- Yaxşı söz oldu bu. Teatrın üstünə gəlməyinizi deyirəm. Müharibə sizsiz keçinərdi, səhnəsə çətin.

- Kim itirdi, kim qazandı deyəmmərəm, həyatım belə gətirib.

- Bəlkə, bu dəfə də xatirələrinizin diliylə, o illərə, burda baş verənlərə biz şahid olaq.

- Gözüm üstə. Bir-iksi olar, yoxsa, yetmiş ilin, sənətdə keçən ömrümü deyirəm ha, yaşımı yox, əhvalatlarını danışmaqla qurtarmaz... Teatrımızda o vədə "Böyük ürək" tamaşası varıydı. Bakıya aparmışdıq. 1958-ci ilin söhbətini eləyirəm. Hökumət adamları hamısı ordaydı. Mən də kolxoz sədriydim tamaşada. Nə başını ağrıdım, oynadıq qurtardıq, bəs, dedilər ki, İmam müəllim səni lojaya çağırır. Getdim, gördüm oturub, böyründə də Vəli Axundov. Bilirsən də, İmam müəllim kim oluf?

-İmam Daşdəmir oğlu Mustafayev 1954-59-cu illərdə Azərbaycana rəhbərlik eləyib.

-Ay maşallah, deyirəm də sən hər şeyi bilirsən. Hə, orda qaldım axı, İmam müəllim Nazirlər Sovetinin sədri Vəli Axundovla yanaşı oturmuşdu. Ayağa durub mənnən görüşdülər. Dedi ki, rolun xoşuma gəldi. Yəqin həyatda çox kolxoz sədrləri gördüyümü, onların qabarıq cəhətlərini öyrəndiyimi xəbər aldı. Bir də soruşdu ki, haralısan? Qorxusuz-hürküsüz dedim, gəncəliyəm. O vaxt bura Kirovabad adı qoymuşdular, yadına gələr. Sözüm döşünə yatmışdı. Qımışdı, heç nə demədi. Sonra sağollaşıb ayrıldı.

Bu görüş nəticəsiz qalmadı. Elə Bakıdaca mənə "əməkdar artist" verdilər. Onda fəxri ad halva döyüldü.

-Xalq artisti fəxri adınasa 1971-ci ildə layiq görüldüz.

-Teatrımızın altmış, altmış nəydi ə… Əlli illiyində veriblər.

- Siz, indi haqq dünyasında olan böyük sənətkarlarla- Mehdi Məmmədov, Ələkbər Seyfi, Məmmədrza Şeyxzamanov, Əşrəf Yusifzadə, Məmmədəli Bürcəliyev, Zülfüqar Baratzadə, Sədayə Mustafayeva, Muxtar Avşarov və başqalarıyla işləmisiz...

- Mehdi Məmmədov rəhmətlik müəllimim olub. Bizdə teatrın nəzdində studiya varıydı, orda dərs deyib mənə. Çətin vaxtlarıydı, kadr çatışmırdı. Studiyada studiyaydı ey, vallah institutdan geri qalan döyüldü. Nəzəriyyəynən təcrübə bir yerdəydi deyə, aktyor əməlli-başlı püxtələşirdi. Allah rəhmət eləsin, o adlarını çəkdiklərinin hamısını müəllim hesab eləyirəm özümə. Yaxşı bilərsən, sənət yoldaşlarının güclü olmağı nə deməkdi. Onda rolu yaxşı oynamaqdan savayı yolun qalmır.

- Necə deyərlər, göydəki yox, yerdəkilər əlacını kəsir.

-(Gülür). Yaxşı mənada sən deyəndi. Bu sözləri hardan tapıb çıxardırsan, a qardaş?

- Bəlkə, Cahandar ağadan danışaq, sizi aləmdə məşhur edən roldan.

-"Dəli Kür"dən qabaq çəkilmişdim. İlk filmim "Doğma xalqıma" olub.

- Rəhmətlik Hüseyn Seyidzadəylə birinci filmdən tanışıydız. Ona görə də "Dəli Kür"ü çəkməyə başlayan kimi, bu rolu sizə...

-Yox, tapşırmadı. Başqa adamlar varıydı rola namizəd. Mən də çəkiləcəyimdən əlimi üzüb, kinostudiyadakılardan xəbərsiz öz işimdəydim. Teatrnan Tiflisdə qastroldaydım. Xəbər gəldi ki, təcili Bakıya getməliyəm. Qayıtdım Gəncəyə, görüm bu nə məsələdi. Öyrəndim, sən demə, kinostudiyada gözləyirdilər. Düzü, bilmirəm niyə, amma Seyidzadənin məni bu rola çəkəcəyinə inanmırdım. Ta xəbərim yox ki, o birilərnən alınmadığına görə, bayaq bir söz dedin ey, əlacı kəsilibmiş.

Qərəz, gəldim Bakıya. Studiyaya girəndə hal-xoş eləməyə də qoymadılar. Qaçaraq qrimləyib kamera qabağına çıxartdılar. Fotosınaqsız-zadsız birbaşa kinolentə çəkib yoxladılar. Onda "Azərbaycanfilm"in direktoru Adil İsgəndərovuydu. Heç yadımdan çıxmaz, rəhmətlik gəldi mənnən bağlı sınaq çəkilişinə baxdı, bəyəndi. Rəhmətlik Leyla Bədirbəyli də ordaydı. Adil müəllim onun fikrini soruşdu. Leyla xanım bircə cümlə dedi: "Əsl Cahandar ağadı, adam belə kişinin arvadı olmaq istəyər". Bunnan da məsələ mənim xeyrimə düzəldi. Sən görəydin rəhmətlik İsmayıl Şıxlı nətəhər uşaq kimi sevinir, "Ayə, sənin qadan alım, nə yaxşı gəlib çıxmısan" deyib məni qucaqlayırdı...

Natura çəkilişləri əsasən Şamaxının Dədəgünəş kəndində, bir qismisə Qazaxda aparıldı. Kinostudiyanın pavilyonunda yaxşı dekorasiya qurmuşdular. Bəzi çəkilişlər də orda oldu...

- Cahandar ağa neçə-neçə filmlərə yol açdı. Necə deyərlər, bu rolun ayağı sayalıymış. "Qatır Məmməd", "Qocalar, qocalar", "Köhnə bərə", "Qətl günü", "Özgə vaxt" və "Məkanın melodiyası"nda çəkildiz. İşinizin keyfiyyətinə söz yoxdu. Amma qırx il üçün siyahı uzun deyil.

- Bay, sənin qadan alım, burda yaşamağı nə bilmisən... Rəhmətlik Turabov oynadığı Gəray bəy var ey, Bakıda olsaydım bəlkə də mən çəkilərdim o rola. Yaxud Qaçaq Nəbiyə. Teatrda o rolları oynamışam. Deyilənə görə, çox yaxşı alınıb. Ümumiyyətlə, mən sənə deyim ki, aktyor səhnədə yetişir. Bu baxımdan milli dramaturgiyamızda Cəfər Cabbarlı yaradıcılığının böyük əhəmiyyəti var. Mən o kişinin bütün əsərlərində çıxış eləmişəm.

-Ələddin müəllim, artıq 90 yaşa çatdız. Allah ömür versin, bu gün Azərbaycan səhnəsinin və ekranının ağsaqqalısız. Ötənlərə boylananda nədənsə peşmançılıq çəkmirsiz?

-Səhvsiz insan yoxdu. Elə şeylər var ki, cavanlıqdanmı, ya nədənsə olub. İndi bu yaşda "gərək belə olmayaydı" deyirsən. Amma bütövlükdə yaşadığım ömrə peşman deyiləm.

- Sizə dövlət də, xalq da qiymət verib. Xalq artisti fəxri adı, Prezident təqaüdü, üstəlik millət sevgisi. Bəs ailə sarıdan nə qazanmısız?

- Şükür, pis deyil. İki oğlum, bir qızım, səkkiz nəvəm, üç nəticəm var. Oğlanlarıma Cəfər Cabbarlıya məhəbbətim xatirinə Aydın və Oqtay adı qoymuşam. İkisi də burda teatrda işləyir. Biri işıq üzrə rəssamdı, aktyorluğu da var, o biri quruluş hissə müdiridi. Oqtayın oğlu Samirsə hazırda Gəncənin tanınan gənclərindəndi. Teatrın aparıcı aktyorudu. Nəticələrimin ikisi qızımnandı, Bakıda yaşayırlar. Allah hamınınkıları saxlasın, mənə yaxşı baxırlar. Di gəl, darıxıram. Bilirsən niyə? Bax, bura üçün darıxıram...

Dərindən köks ötürür. Pauzadan istifadə eləyib şəklini çəkirəm. Toxtayır. Sonda yubiley münasibətilə Ələddin müəllimi təbrik etdikdən sonra, onu özünə ahənrüba kimi çəkən səhnəni nəzərdə tutub, soruşuram ki:

Allah imkan versə, yenidən ora çıxarmı?

Cavabında:

- Bə nədi, 70 ilim keçib səhnədə. Uça-uça gələrəm, bircə Allah yol versəydi...

Buracan mənlikiydi. Allah bağışlasın, bircə yol, bircə anlığa Allah ola bilsəydim...

Seymur Elsevər

[email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm