Romantikanın süqutu... futbolun ölümü...
Bizi izləyin

Digər

Romantikanın süqutu... futbolun ölümü...

Özümü dərk edəndən haq-ədalətin qalib gələcəyinə inanmışam. Tanrının öz dərgahından bizim hərəkətlərimizə baxdığına və sonda nə olursa-olsun, xeyirin şəri devirəcəyinə əmin olmuşam.

Həmişə romantiklərin sonda realistlərə qalib gələcəyini düşünmüşəm. Ömrüm boyu cəsarətlə mübarizə aparanların qorxaqlardan üstün olacağına, həmçinin "xanım" Fortunanın "təmiz oyun" oynayanların tərəfində olduğuna, iyrəncliyin gözəllik qarşısında diz cökəcəyinə dair qəlbimin dərinliklərində bir əminlik olub.

Lakin, dünən gecə bütün xülyalarım və düşüncələrim məhv oldu. İndiyədək bütün inandığım bu şeylər bir anın içindəcə puç olub getdi.

Son illər futbolda ağalıq edən və bütün dünyaya gözəl futbolun qorxaq futboldan üstün olduğunu sübut edən "Barselona" məğlub oldu.

Bu məğlubiyyət şərin xeyir uğrunda qələbəsi deyildisə, bəs nə idi?

Haqq-ədalətin olmamasının sübutu deyildimi bu?

180 dəqiqə ərzində hücum edən komandanın bütün oyun vaxtını müdafiəyə sərf edən komandaya uduzması bunun sübutudur.

"Barselona"nın oynadığı oyun bir sevgi poeması idi, əsl romantiklərin rəqsinə bənzəyirdi. "Çelsi"nin isə ifrat dərəcədə praqmatik oyunu realistlərin baxışlarına tamamilə cavab verirdi. Lakin, romantika süquta uğradı.

Təmiz futbol oynayıb, hər 2 qarşılaşmada vaxtı rəqibin qapısı qarşısında keçirən, 10-dan çox real qol vəziyyəti yaradan bir komandanın hücumçulu-müdafiəçili, bütün varlığı ilə öz qapısının ağzına sığınmış, 2 matçın cəmində qapıya cəmi düz-əməli 3 zərbə endirmiş bir komandanın qarşısında diz çökməsi qorxaqlığın cəsarət, mərdlik üzərində qalib gəlməsi deyildimi ?

Ələhəzrət Fortunanın təmiz, gözəl futbol oynayanlardan üz döndərməsinin göstəricisi deyildimi bu?

İyrənclik qalib gəldi, təbii gözəllik təslim oldu.

Anti-futbol futbolu məhv etdi, romantika öldü, gözəlliyə, paklığa sevgi dünən gecə qadağan olundu.

Kataloniyalıların məğlubiyyəti nəinki "Real"lıları və "Çelsi" pərəstişkarlarını sevindirdi, hətta bütün klubların fanatlarının əksər hissəsi gecədən-sabaha qədər şənlik etdilər. Axır ki, onların sevimlıi komandalarına göz dağı olan, oynadığı futbolla onların futbolu öldürdüyünü sübut edən "Barselona" devrildi.

Oyun bitəndən sonra əsəbindəm bilmirdim neynəyim. Eyvana çıxdım ki, qışqırım, bəlkə qonşulardan kimsə əsəbləşib, mənə yumruqları ilə mədəniyyət dərsi keçmək eşqinə düşə. Çıxanda gördüm ki, yandakı eyvanda qonşumuz, 80 yaşlı Rizvan baba ağlayır.

Eşitdiyimə görə, bu kişinin yalnız bir dəfə - yoldaşı dünyasını dəyişəndə gözləri yaşarıb. Nə olduğunu soruşanda cavabı belə oldu:

"Ay bala, bu gün sonuncu sevgim məhv oldu, futbol öldü" .

P.S. "Bavariya"ya azarkeşlər adından belə bir müraciət göndərmək olar- romantik futbolu xilas edin əziz almanlar, "Barsa"dan sonra ÇL-na yalnız siz layiqsiniz. Bir də Lineker boyda kişiyi yalançı eləməyin.

İlkin Abbasov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm