Səfiyyə Ağayeva: “Altı ay Faiqi danışdırmadım, biləndə ağladım”
Bizi izləyin

Digər

Səfiyyə Ağayeva: “Altı ay Faiqi danışdırmadım, biləndə ağladım”

- Allah mənə soy-köklü bir ailədə dünyaya göz açmağı nəsib edib. Əmilərim tarixi şəxsiyyətlərdir. Böyük əmim Azərbaycan Demokratik Respublikasının, həm də Azərbaycan Sovet Respublikasının birinci daxili işlər naziri Əli bəy Bəylərbəyovdur. O biri əmim Səməd bəy Mehmandarovu isə demək olar ki, hamı tanıyır. Yeddi əmim olub. Anam tərəf isə dindarlar nəsli idi, Şeyx Kamal da sayılan isimlərdəndir.



“Faiq çox ağlağan uşaq idi”


Faiqin dünyaya gəlişi indiyədək gözümün önündədir. 1971-ci il, dekabrın 29-u, gecə saat 2-yə 15 dəqiqə işləmiş... Hava mülayim idi, axşamüstü halım dəyişdi, elə gecəyə doğru isti külək əsməyə başladı. Gecədən səhərədək külək aləmi dağıdırdı, oyandım ki, yerdə 70 santimetr qar var.

Faiq çox ağlağan uşaq idi. Rəhmətlik anam bir dəfə bizə gəlmişdi, mən də xəstə idim, Faiq dayanmadan ağlayırdı. Əyildi, uşağın ağzını açdı, baxdı dedi, bu uşaq müğənni olacaq. Soruşdum ay ana, niyə elə deyirsən, cavab verdi, boğazı böyükdür...

Hər doğum günündə Faiqi gecə ikiyə on beş dəqiqə işləmiş təbrik edirəm...
3 oğul anasıyam. Adətən, qadınlar dünyaya qız övladı gətirmək istəyirlər, məndə elə fikir olmayıb, demişəm, övladım olsun, əli-ayağı düz olsun. Allahdan həmişə bunu istəmişəm.


“45 gün Faiqi “Məhəmməd” çağırdıq”


Əvvəllər göbəyi düşməsəydi, uşağı xəstəxanadan buraxmırdılar. Faiqin göbəyi düşəndən sonra xəstəxanadan çıxdıq. Mən istəyirdim uşağın adını Ziya qoyum. Yoldaşım dənizçi idi, İrana səfər etmişdi, onu gözləyənə qədər anam dedi günahdır, uşaq adsız qalmasın, peyğəmbər adıdır, onu “Məhəmməd” çağıraq.

45 gün Faiqi Məhəmməd çağırdıq. Yoldaşım Azər adını istədi, oğullarım etiraz elədi. Bir də gördük ki, kişi uşağın doğum şəhadətnaməsinə Faiq yazdırıb, evə gətirib. Dedim, ay “papa” (həyat yoldaşıma uşaqların dili ilə “papa” deyirdim), adını Faiq qoydun? Cavab verdi ki, Faiq - ərəb adıdır, mənasını da mənə izah etdi.


“Bizdən yapışdı ki, mən onunla evlənmək istəyirəm”

Faiq uşaqlıqdan oxuyurdu. Bizdə iri kasetli maqnitofon var idi, onun mikrofonunu əlinə alıb oxuyurdu, “konsert” verirdi. 3 yaşı var idi, İlhamə Quliyevanın “Qaşqabağın yerlə gedir...” mahnısını oxuyurdu.

Bizdən yapışdı ki, onu mənə alın, mən onunla evlənmək istəyirəm. Nişan üzüyümü barmağımdan çıxarıb deyirdi, bunu apar İlhamə Quliyevaya, məni ona nişanla...

Evdə o qədər səs-küy qaldırmışdı ki, anamla ikimiz evdən çıxıb Faiqi sakitləşdirmək üçün dedik, hə, gedirik İlhaməni sənə almağa. Bir azdan qayıtdıq, Faiq qaçdı qabağımıza ki, nə oldu, aldınız? Dedik ki, hə, İlhamə dedi, mən razıyam, lakin Faiq böyüsün, sonra gələrsiniz.


“Faiqə dedim apar, pulu qaytar”


Sonradan Zeynəb Xanlarovaya vuruldu... Özüm Zeynəb Xanlarovanı çox sevirdim, onun konsertinə bilet almaq çox çətin idi. Faiqi də hələ uşaq idi, atası ilə birlikdə Zeynəb Xanlarovanın konsertinə aparmışdıq.

Faiq çox şirin uşaq idi. Bağçaya 5 yaşında aparqıq ki, indidən kollektivə alışsın, həm də dili öyrənsin, məktəbə hazır olsun. Hələ körpəlikdən hansı estrada mahnısı çıxırdısa, evdə Faiq onu oxuyurdu. Uşaqları həyətdə sıra ilə düzürdü, onlara “konsert” veridi.

Bir gün evə gəldi, əlində üç manat pul var idi. Soruşdum bu pul hardandı? Faiqin də uşaqlığında dili şirin idi, qayıtdı ki, qazanmıssam. Dedim, ay bala, necə yəni qazanmışam, hardan? Mənə təzədən qayıtdı ki, oxudum, əmi verdi. Sən demə, məhlədəki qonşular üçün oxuyub, onlardan birisi də Faiqə əvəzində pul verib.

Tutdum əlindən apardım aşağı, Faiqə dedim apar pulu qaytar əmiyə. Qonşudan da xahiş elədim ki, uşağı belə vərdişlərə öyrətməsin. Uşaqlarıma qarşı çox ciddi, tələbkar idim. Həmişə də deyirdim ki, yoldan nə tapsanız, götürməyin, o sizin deyil, itirən gəlib aparacaq.


“Dərsdə öpüşdükləri üçün müəllimə onları cəzalandırmışdı”

Uşaqlığında tez-tez aşıq olurdu. Orta məktəbdə aşağı sinifdə Liya Yelizarovna adlı yəhudi müəllimələri var idi, uşaqlara çox yaxşı tərbiyə verirdi. Faiq bir müddət xəstə oldu, dərsə gəlmədi. Məktəbdə də Qala adlı bir qızla birinci partada otururdu. Dərsə qayıtdığı gün qız Faiqin qabağına qaçıb ki, “ax Fainka, səninçün necə də darıxmışam!”. Və dodaq-dodağa öpüşüblər. Dərsdə öpüşdükləri üçün müəllimə bunların birini bir küncə, o birini də o biri küncə qoyub cəzalandırmışdı. Uşağı dərsdən götürəndə müəllimə dedi onları cəzalandırmışam. Qız da qara qız idi, şirin uşaq idi.


“Biologiya müəlliməsi sözün əsl mənasında bayıldı”


Səkkizinci sinfə qədər oğullarımı dərsə özüm aparıb-gətirmişəm. Müəllimələri həmişə onları tərifləyib. Üç oğlumun heç biri məni incitməyib. Onlara görə bir dəfə olsun söz eşitməmişəm. Yoldaşım gəmi ilə xarici ölkələrə gedirdi, dənizçi idi, hər şeyin yaxşısını yeyir, geyinirdik. Bircə narazılığım Faiqin müğənni olması idi. Həkim olmağını istəyirdim. Universitetə də girdi, iki il oxudu. Sonra istiqamətini dəyişdi...

Musiqiyə görə 8-ci sinifdən məktəbini dəyişib fransız dilli, riyaziyyat təmayüllü ciddi məktəbə yerləşdirdim ki, oxumağı unutsun. Yeni məktəbdə oxuyan ilk gunlərdə getdi, Gürcustanda keçirilən Ümumittifaq Gənc Riyaziyyatçılar müsabiqəsində ikinci yeri tutdu.

Faiq çoxlu olimpiadalarda iştirak edib. Müəllimləri eşidəndə ki, o Tibb Universitetini atıb İncəsənət Universitetinə gedir, dəli oldular. Biologiya müəlliməsi isə sözün əsl mənasında bayıldı. O, Faiqlə pulsuz məşğul olurdu. Allah onun bəxtinə elə müəllimlər çıxarmışdı...


“Allaha yalvarırdım, Faiq yer tutmasın”


Altı ay Faiqlə danışmadım, biləndə ağladım... Gecə-gündüz ağlayırdım. Camaat evdə yemək yeyəndə, onu mətbəxdə tək otuzdururduq. Qardaşı gəlib yedizdirirdi onu. “Bakı Payızı-88” müsabiqəsinə də ürəksiz getdim. Allaha yalvarırdım ki, yer tutmasın. Bunu ilk dəfədir ki, etiraf edirəm.


“Heç kimə demirdim ki, Faiq Ağayevin anasıyam”


Lakin o “Yaltaya”ya gedəndə çox həyəcan keçirmişdim. 1990-ci ildə Vitebskidəki çıxışı yadımdan çıxmaz... O vaxt dini yazılı çərçivəli şəkillər çox az idi. Yoldaşım “Quran” oxuyan nurani, ağsaqqal bir kişinin şəklini çərçivəyə salmışdı. Canlı yayım gedir, əsə-əsə şəklin qarşısında dua edə-edə gözləyirəm...

Faiq polyakların mahnılarını elə özümüzünküləşdirib oxudu ki... Qızlar da milli geyimlə müşayiət edirdilər. Bu dəfə Allaha yalvarıram ki, uşağım orada Azərbaycanın adını ucaltsın... Olduqca millətpərəstəm.

Oğlumun ən sevdiyim xüsusiyyəti - yardımsevərliyidir. Quran dərslərinə gedirdik, müəlliməmiz Qahirədən gələn savadlı, təhsilli xanım idi. Dedilər, pulsuz dərs vermir. Gəldim evdə, dedim, hamı pulsuz bilib kursa gəlir, sən demə təhsil pulludur. Dedi, mama, narahat olma, mən verərəm.

Gəldim, müəlliməyə dedim siz hamıya dərs verin, oğlum bütün pulları aylıq ödəyəcək. Heç kimə də demirdim ki, Faiq Ağayevin anasıyam. 30 nəfər idik, üç il üç qrupla oğlum o pulu ödədi. Faiqin başına qəza gələndə onun bu əməli, fəqir-füqaraya etdiyi saysız köməklikləri gözümün önünə gəldi...

Lalə Yusifqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm