“Lavrovun burda bir söz, İrəvanda başqa söz deməsi Rusiya siyasətinin mahiyyətidir“
Bizi izləyin

Digər

“Lavrovun burda bir söz, İrəvanda başqa söz deməsi Rusiya siyasətinin mahiyyətidir“

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana baş tutan son səfəri bir sıra məqamları ilə həm yerli, həm də xarici mətbuatın diqqətini çəkib.


Rusiya XİN başçısının Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamarındakı bəzi məqamları politoloq Zəfər Quliyev Publika.Az-a şərh edib:

- Zəfər bəy, Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu gün Bakıda Moskva Dövlət Universitetinin filialının tələbələri qarşısında çıxışı zamanı deyib ki, münaqişə tərəfinin arzusu ilə həmsədrlərdən hansınınsa əvəzlənməsi mümkündür. Bu açıqlamanı necə şərh edə bilərsiniz?

- Ümumiyyətlə, hansısa həmsədrin, xüsusilə də Fransanın əvəzlənməsi məsələsi periodik olaraq gündəmə gəlir. Həm Azərbaycan ictimaiyyəti bu məsələyə dəfələrlə toxunub, həm də xarici mətbuatda bu məsələ qaldırılır. Əslində mən hesab edirəm ki, formatı dəyişdirmək məsələsi elə də real deyil. Bu məsələ reallaşsa belə, Fransanın Avropa İttifaqı ilə əvəzlənməsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə gedən danışıqlar prosesinə birbaşa təsir edə biləcəyinə inanmıram.

Hər halda Azərbaycan bu dəyişikliyi istədiyi formada həyata keçirə bilməz. Əgər tərəfimizdən belə bir məsələ müzakirəyə çıxarılsa, digər həmsədrlərin və Ermənistanın da rəyi nəzərə alınacaq. Ermənistan isə Fransanın əvəzlənməsində və formatın dəyişdirilməsində maraqlı deyil. Eyni zamanda Avropa İttifaqı da belə bir maraqda deyil. Çünki Fransa Minsk Qrupunda Avropa İttifaqının maraqlarını ifadə edir.

Azərbaycanın belə bir məsələ qaldırmaq imkanı da sadəcə formal xarakter daşıyır. Görünür ki, həmsədrlər, o cümlədən ABŞ və Rusiya hər hansı dəyişikliyə maraqlı deyillər. Bu danışıqlar prosesinin nəticəsinin olmasında bu iki dövlət rol oynaya bilər, onlar da münaqişənin həll olunmasında ciddi mövqe qoymurlar.

- Bəs Türkiyənin həmsədr olaraq ATƏT-in Minsk Qrupuna qatılması məsələsi nə qədər realdır?

- Türkiyənin həmsədr olmaq məsələsi də bir neçə dəfə gündəmə gətirilib, amma Ermənistan buna sərt şəkildə etiraz edir. Eyni zamanda ABŞ və Rusiyanın da mövqeyi burada önəm daşıyır. Türkiyənin regionun problemlərinə yaxın və eyni zamanda önəmli dövləti kimi ATƏT-in Minsk Qrupunda təmsil olunması müsbət hal ola bilərdi. Türkiyə Minsk qrupunun üzvü olsa da, həmsədr seçilməsinə Ermənistanla yanaşı, Rusiyanın da etiraz edəcəyini gözləyirəm. Rusiya vəziyyətə nəzarəti əldən buraxmaq istəmir.

- Lavrov İrəvanda da demişdi ki, ATƏT-in Minsk Qrupunun formatında heç bir dəyişikliyə ehtiyac görmür. Eyni adamın açıqlamaları arasındakı ziddiyət nə ilə izah oluna bilər?

- Moskva nümayəndəsinin İrəvanda bir söz deməyi, Bakıda bir söz deməyi yeni hal deyil. Hələ Sovet dövründən başlayaraq, Kreml Ermənistana və Azərbaycana iki ayrı nüfuzlu adam göndərir və iki ölkənin ictimaiyyətlərinə xoş olan açıqlamalarla arxayın etməyə çalışırdı. İndi isə artıq iki nümayəndəyə ehtiyac qalmayıb. Lavrovun burda bir söz, orda başqa söz deməsi Rusiya siyasətinin mahiyyətindən irəli gəlir. Rusiyaya münaqişənin həll olunması maraqlı deyil. Əksinə danışıqların vaxtaşırı dondurulması və ya qismən fəallaşması ilə aparılmasında, daha doğrusu yubadılmasında maraqlıdır. Rusiya həm İrəvana, həm də Bakıya təzyiq edir, öz həlledici rolunu itirmək istəmir.

- Hansısa dəyişiklik olarsa, bu necə olmalıdır?

- Keçən il keçirilən Kazan görüşündən bəri danışıqlar dondurulub, yeni yanaşma və təkliflər mövcud deyil. Hansısa istək də müşahidə olunmur. Digər tərəfdən bu il və 2012-ci ilin həmsədr ölkələrdə seçki ili olması danışqıların uzadılmasına təsir edir. Hər iki ildən bir bu seçki məsələsi gündəmə gəlir, nəticədə danışıqlar uzadılır.

Beynəlxalq güclər Ermənistanın işğalına son qoymaq istəmədikləri halda, Azərbaycanı təzyiqlər göstərərək müharibə ritorikasından uzaq olmağa çağırırlar. Həmsədrlər müharibə variantına razı olmayacaqlarını desələr də, sülh danışıqları havada qalıb. Belə görünür ki, münaqişə ancaq müharibə yolu ilə həll oluna bilər.

Dəyişiklik isə sadəcə o şəkildə ola bilər ki, həmsədrlər məsələyə ciddi yanaşsınlar. Azərbaycan yeniləşmiş Madrid prinsipləri ilə razılaşıb, hətta Ermənistan qoşunlarının mərhələli şəkildə Qarabağdan çıxmasına da razıdır. Azərbaycan de-fakto məğlub ölkədir və ondan qalib tərəfə - Ermənistana güzəştlər gözləyirlər. Ermənistan tərəf razılaşmayanda isə, ona təzyiq göstərən yoxdur. Görünür ki, həmsədrlər Azərbaycanın əl-qolunu bağlayırlar. Son təkliflər biz tərəfdən qəbul olunsa da, Ermənistan işğalın uzadılmasına davam edir. Biz isə ziyandayıq. Torpaqlarımızın işğalda daha çox qalması bizim maraqlarımıza cavab vermir.


Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm