Həyat yoldaşı - fotoaparat...
Bizi izləyin

Digər

Həyat yoldaşı - fotoaparat...

Keçən il, elə bu vaxt Bakıya beş-altı nəfər gənc gürcü şairi gəlmişdi. Kürt toyuq balalarını yanına salıb peyinliyi, samanlığı gəzdirdiyi kimi, biz də əfəndim Seymur Baycanla çaxırdan içib qıpqırmızı qızarmış, bu bir suyu yerkökünə oxşayan qonaq şairləri dalımıza salıb şəhəri süləndirirdik – Qız qalasının ucalığından tutmuş, Şirzadın zirzəmidəki kafesinin dərinliyinə qədər.

Nəhayət, pulumuz qurtardı. Neft ölkəsinin şair və yazıçısı olduğumuz üçün özümüzü sındırmadıq; gürcülərə dedim ki, axşam bizim evdə qonaqsınız, qurtardı-getdi! Rəhmətlik Elçin Səlcuq demiş, “Ya skazal!”.

Fikir vermişəm, bizim xalq restoranda, kafedə qonaqlıq verməyi bacarmır, bizim düşüncəmizə görə, qonaq ev adamıdır. Qonaqpərvərliyimizin dərin qatı budur. Hətta Lev Qumilyov da “xalqların passionarığı” haqqında yazdığı məşhur əsərində bizim türk etnosunun qonaqpərvərliyinin intimliyinə bir az əl gəzdirib. Levlə mənimki qalsın sonraya.

Deməli, yığışdıq evə, bir qazan dolmanın, beş-altı şüşə rus arağının – öz araqlarımız nakam ölüm mənbəyidir – və beşlitrlik gürcü çaxırının ətrafında YAP-sayağı sıx birləşdik; təxminən “bir millət-iki dövlət kimi” olduq.

Gürcü şairlərinin arasında bir fotoqraf da var idi – Aleksandr Klimçuk. Nə yeyirdi, nə içirdi, bütün günü qucağında fotoaparat Bakını güdürdü ki, maraqlı bir şəkil çəksin. Saatlarla günün altında oturub gözləyirdi bədbəxt, taleyindən bixəbər. Sapsarı oğlan bir həftənin içində öz sənəti naminə Bakıda zənciyə dönmüşdü. Onun aqibətini axırda yazacağam, indi yeri deyil.

Bu Klimçuk bir gün girəsən evdəki kitabxanaya və bir milli xalq şairinin kitabını tapasan, utanmaz-uatanmaz gətirib evdəki adamlara göstərəsən ki, bu nəmənədir? Yəni kitabın üz qabığındakı şəkildə şair oxucuya hansı mesajı ötürüb?

İndi bu şəklin təsvirinə keçək. Allah sənin çarxını çevirsin, Klimçuk, necə ki çevirdi.

Klimçukun kitabxanadan gətirdiyi kitabın üz qabığında bizim xalq şairi Taqorun hindsayağı romantikasına uyğun bir şəkil yapdırmışdı: Payızdı, saralmış yarpağın biri bir qəpikdi, sazaq adamı it yerinə qoymur. Uzaqda Fuci dağı boyda bir dağ görünür.

Gör bizim eqoist və dünya mədəniyyətindən bixəbər şair bu dağın başına nə oyun gətirib. Kitabın tərtibatçısına deyib ki, o dağın başındakı qarlı zirvəni şəkildən yox elə, mənim pasportdakı qalstuklu şəklimi gətir qoy o zirvəninin yerinə.

Bizim milli şairlər nə üçünsə həmişə özlərini dağa bənzədirlər, özünü dərə-təpəyə, yamaca, otlağa bənzədən şairə rast gəldiyimiz gün olmadı bu xaraba ədəbiyyatda.

Hələ gör durna qatarı şəkildə nə hoqqa çıxarmışdı. Bu beş-altı durna bizim klassik şairləri girinc-giriftar eləyib, tooba. Evdə nə problem olubsa, üz tutub durnaya deyiblər: “Ey durna, çatdır o yara ki, filan-bəsməkan... ey axırdan üçüncü durna, qaçqınam, köçkünəm halımı sorma... Yaxud ey köçündən ayrı düşmüş durna, üstündə nə qədər pul var?”

Yəqin durna Allaha şairdən daha yaxındır. Azərbaycan şairinin durna olmaq arzusu var:

– uçub getmək harasa! Vətənsiz olmaq! Hətta bir şairimiz belə yazmışdı: “Mən səni sevmədim, sənə öyrəşdim, vətən”.

Demək, kitabın tərtibatçısı Fuci dağının fonundakı durna qatarını şəkildən silməyib, şairin ağarmış başını qaldırıb qoyub dağın kəlləsinə. Durna qatarı da şairin bu qulağından girib, o biri qulağından çıxır, hətta durnalardan biri şairin başında ilişib; uzun boğazı bir tərəfdə, ayaqları o biri tərəfdə çapalayır. Klimçuk da foto ustadı olduğu üçün kitabı gətirib ki, bu nə şəkildi?

Dedim, ay Klimçuk, hələ orda bir şair var, şəkildə sevdiyi qızın gözlərini oydurub, yerinə özünün 3-ün 4-ə şəklini qoydurub. Kitabın da adı belədir: “Basdır məni gözlərində”.

Klimçuk çəkdiyi şəkillərdən bir qucaq bizə verib Gürcüstana qayıtdı. Saakaşvili ilə Putin arasındakı Abxaziya-Acariya “razborkasından” sonra ondan xəbər gəldi: “Klimçuk öldü”. Müharibə bölgəsində şəkil çəkdiyi yerdə başına bomba düşmüşdü.

Klimçuk öz sənətinin qurbanı oldu. O, gənc olmasına baxmayaraq, nədənsə, qadınları sevmirdi. Onun yeganə dostu, həyat yoldaşı vardı – fotoaparat!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm