Rza Zərrab İranla əlaqələrindən danışdı
Bizi izləyin

Digər

Rza Zərrab İranla əlaqələrindən danışdı

İranın “Eghtesadnews” xəbər saytı iranlı iş adamı Rza Zərrabdan müsahibə alıb. Müsahibədə özü haqqında korrupsiya iddialarına cavab verib. Zərrab İrana səslənərək: "Yerim-yurdum bəllidir, günahkaramsa, gəlin məni tutun" deyə bildirib.

Publika.az sayta istinadən bildirir ki, iş adamı onu günahlandıranları ortaya bir-iki sənəd qoymağa çağırıb: “İranda mənim haqqımda deyilənlər qəribə və gülüncdür. Dedikləri qədər günahkaramsa, niyə məni tutmurlar? Uzaq yerdə deyiləm. Gəlsinlər, sənədlərini təqdim etsinlər, məni aparsınlar”.

Müsahibədə Zərrab milyard dollarlıq korrupsiyada günahlandırılaraq həbs olunan iş adamı Babək Zəncaninin onun “şefi” olması iddialarını da yalanlayıb. Bildirib ki, Zəncaninin dürüst adam olmadığı haqqında hələ iki il əvvəl İran rəhbərliyini xəbərdar edib: “Zəncani heç vaxt mənim “şefim” olmayıb. Bu hekayənin necə uydurulduğunu bilmirəm. Mən biznesmenəm və işimi şəffaf görürəm. İran kimliyi bəlli olmayan birinə milyardlarla avro pul verib. İndi də həmin pulları geri ala bilmir. Halbuki mən iki il əvvəl bu adamın dürüst olmadığı və onları aldadacağı mövzusunda xəbərdarlıq etmişdim. Lazım olsa, İranda xəbərdar etdiyim kəslərin adlarını sənədləriylə açıqlaya bilərəm".

O, İran Mərkəz Bankına bir rial da transfer etmədiyini dilə gətirib. Bununla belə, Neft Nazirliyi ilə pul əməliyyatlarını da təkzib etməyib: “Bəli, etdim, lakin Neft Nazirliyinin özüylə deyil. Burada şirkətlər və banklar bizim müştərimiz idi. İşimiz pulun dəyişdirilməsi, eləcə də transferi idi. Bütün müştərilərimiz üçün bunu edirik".

R.Zərrab İranın sabiq prezidenti Mahmud Əhmedinejatla hər hansı bir əlaqəsi olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Rza Zərrab “Royal Holding”in sahibidir. Türkiyədə ilk rəsmi biznesinə 2008-ci ildə qurduqları “Royal Dənizçilik” MMM ilə başlayıb. 2010-cu ildə Ebru Gündeşlə nikah ona düşərli olub. Dəmir-polad, inşaat sektoruna sərmayələr qoymalarının ardından 2010-cu ildə “Royal Holding”i təsis ediblər. İdarə heyətinin rəhbəri isə Rza Zərrab olub. Şirkət qısa müddətdə 8 firması ilə 10 fərqli sektorda fəaliyyət göstərməyə başlayıb. Zərrablar hazrda “Royal Hoding”in tərkibində Foulad Kaveh, “Royal Denizçilik”, “Safir Altın LTD”, “Merkez İnşaat”, “Al Nafees Exchange”, “ARE Havaçılık”, “Royal Atçılıq”, “Royal Mobilya” kimi şirkətlərə sahibdirlər. Holdinqin Rusiyada, Dubayda, eləcə də İranda investisiyaları var. Konkret olaraq, Təbrizdə dəmir-polad müəssisəsi, Dubayda 400 otaqlı 5 ulduzlu hotel, Rusiyada gəmiçilik xidmətləri mövcuddur. Bu gəmilərlə əsasən neft məhsulları daşındığı irəli sürülür. 2012-ci ildə “Royal Holding”in ixracatı 2 milyard 500 milyon dollar təşkil edib.

Bu arada Türkiyə mətbuatının yazdığına görə, Rza Zərrab qızıl ticarətinə girməzdən əvvəl onun “Royal Denizçilik” şirkəti 2011-ci ildə 8 milyon lirə zərərə düşüb. Amma bu, şirkətin son zərəri olub.

Məlumat üçün bildirək ki, “Royal Denizçilik” 25 yanvar 2008-ci il tarixində yaradılıb. Qurucuları Rza Zərrab, Ahad Khabaztamimi, Apdullah Happani, Humayun Zatpavar və Turqut Happanidir. Şirkət yaradılanda əsas profili gəmi kirayəyə götürmək olub. Amma 27 oktyabr 2011-ci ildə imzalanan müqaviləyə əsasən, şirkət qiymətli daşların idxal və ixracına başlayıb.

İddialara əsasən, qısa müddətdə iş dünyasında bu qədər parlama Rza Zərrabın özünün dediyi kimi, heç də hava, dəniz, at ehtirasları ilə bağlı deyil. Məlumatlara görə, Zərrablar İran şah sulaləsinin – Pəhləvilərin (Fərəh Diba Pəhləvi) pullarını idarə edirlər. Azəri qızı Günellə əlaqələr, Ebru Gündeşlə evlilik də məhz hesablanmış addımdır. Zərrablar bununla neft ölkələrinə, konkret Azərbaycana çıxmaq istəyirdilər. Zərrablar qızıl ticarəti ilə ad çıxarsalar da, onların gəlirinin əsas mənbəyi neft məhsullarının daşınmasındandır.

Zərrabların qızıl ticarətinə gəlincə, bunun da öz qaranlıq tərəfləri var. Bir müddət əvvəl Türkiyədən İrana qızıl daşınması ilə bağlı böyük qalmaqal yaşandı. Bunda iş adamının sahib olduğu “Safir Altın LTD”-nin adı çəkilirdi. Türkiyə mətbuatı yazırdı ki, İrandakı imtiyazlı iş adamları aşağı kursla (xarici ticarətlə məşğul olan iş adamlarına dövlət daha aşağı kursla valyuta təmin edir) əldə etdikləri avroya Türkiyədə qızıl satın alaraq, sonradan onu öz bazarlarında nağd pula çevirirlər. Belə ki, beynəlxalq bazarlardakı əməliyyatlar İran tərəfindən hakim pul vahidi olan “dollar”la deyil, “avro” ilə aparılır. Bunun da səbəbi dollarla edilən əməliyyatları ABŞ-ın təqib etməsidir (İrana embarqo tətbiq olunur, ticarət aparan ABŞ- Avropa şirkətlərə böyük cəza alırlar). Əlindəki tüməni (İran pul vahidi) verən imtiyazlı iş adamının pulunu 2.150 tümən qarşılığı 1 avroya dəişirlər (başqa biri İran bazarında bu əməliyyatı reallaşdırdıqda 2.250 tümənə qarşılıq 1 avro satılır) Bundan sonra iş adamı İranda avroya çevirdiyi külli miqdardakı pulu Türkiyəyə gətirib qızıl alır və növbəti mərhələdə həmin qızılı öz ölkəsində yüksək kursla xırıd edir. Beləliklə, aradakı kurs fərqindən qazanmış olur.

Rza Zərrabın şəxsiyyətinə gəldikdə, onun 1984-cü ildə Bakıda anadan olduğu iddia edilir. Əslində isə, Zərrab Cənubi Azərbaycanda dünyaya gəlib və heç vaxt Şimali Azərbaycan vətəndaşı olmayıb. Ailəsi Dubayda yaşayır. Atası Hüseyn Zərrabdır. İş adamı olduğu söylənilən Hüseyn Zərrab İrandan mühacirət edib.

R.Zərrab müğənnilərə pul xərcləməklə bərabər, atlara marağı ilə tanınır. Əvvəldə qeyd etdiyimiz kimi, onun şirkətinin bir qolu da at yarışlarıdır. "Storm", "Coletto" və "Dadjak", Dutyfree", "Əl Ganador" adlı atlarıyla birincilik və kubok qazanıblar. Rzanın atlara sərvət xərclədiyi söylənilir. Bundan əlavə, iş adamı avtomobil həvəskarıdır. O, Türkiyədə yalnız Ali Ağaoğlunun sahib olduğu “şahların avtomobili” adlandırılan “Rolls-Royce”nin Phantom, Ghost modellərinə sahibdir. Birinci modelə 960 min avro, ikinci üçün isə 250 min avro ödəyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm