Neft Fondu mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat qazanıb
Bizi izləyin

Digər

Neft Fondu mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat qazanıb

2014-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 12 731,0 milyon manat, büdcə xərcləri isə 10 117,2 milyon manat təşkil edib.

Publika.az-a bunu Dövlət Neft Fondundan bildiriblər. Fonddan qeyd ediblər ki, 2014-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində, Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 57,1 milyon manat vəsait yönəldilib. 33,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə xərclənib. "Star" neft emalı kompleksinin tikintisi üzrə 223,5 milyon manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 milyon manat vəsait ayrılıb. 2014-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 45,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 611,9 milyon manat olub. 2015-ci il yanvarın 1-nə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37 104,1 milyon ABŞ dollarına bərabər təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm