“Anan ölsün, ay yar, mən hara, rinq hara?!” – Nokdaun
Bizi izləyin

Digər

“Anan ölsün, ay yar, mən hara, rinq hara?!” – Nokdaun

Baxıram elə əsgərlər var ki, orduya getdikləri cəmi bir ay deyil, ancaq valideynləri artıq 3 dəfə gedib onları ziyarət ediblər. Məncə, bu, düz deyil. Ordu kişilik məktəbidir. Gərək bərkə-boşa düşməyi öyrənəsən.

1988-ci ildə orduya çağırılanda Sovet İttifaqının ən qərbdə yerləşən hərbi hissələrindən birinə düşdüm. Özü də “stroybat”a-filana yox, əməllicə döyüş briqadasına. Dəniz piyadası olmaq asan iş deyil. Əziyyət görməmiş, yatmağı sevən adam üçün hər gün səhər 6-da oyanmaq, belində 25 kiloqram yüklə qaçmaq sizə asan gəlməsin.

Sözün düzü, bir həftə sonra tamamilə bezmişdim. Azərbaycandan cəmi iki nəfər idik. Mən və Nərimanov rayonundan Mehdi adlı oğlan. Yaman dostlaşmışdıq. Bir gün Mehdi gəldi ki, bəs briqada üzrə boks yarışı keçiriləcək, turnirdə iştirak edənlərə 2 ay istirahət verilir. Məşq eləmək üçün: “Sən məndən boyda da, çəkidə də cantaraqsan, iştirak et də. İki ay yat özünçün. Uzaqbaşı, bir döyüş keçirib uduzacaqsan. Vallah, dəyər, bu şansı əldən vermə.”

Bir az düşünməli oldum. İdmanla məşğul olsam da, boksdan anlayışım yox idi. Ancaq təsəvvür edəndə ki, 2 ay səhər tezdən durub qaçmayacağam, razılıq verdim.

Gedib yarış siyahısına adımı yazdırdım. Yalandan da dedim ki, boks üzrə idman ustasıyam. Bunu təsdiq edən sənədlər, sadəcə, evimizdədir. Deyərəm, yollayarlar. Çox sorğu-sual etmədən adımı yazdılar.

Hə... İstirahət dolu günlər başlamışdı. Yarışa adları yazılmış digər əsgərlər boks zalında məşq edəndə mən Mehdi ilə meşədə moruq yığırdım. Onun da adını məşqçim kimi yazdırmışdıq. İkilikdə avaralıq edirdik. Məşq nəyimə lazım idi? Onsuz da uduzacaqdım.

Ancaq düşündüyüm kimi olmadı. Yarışa üç gün qalmış bölükdə olan div boyda ukraynalı serjantlar məni yanlarına çağırdılar. Dedilər ki, yarışda bölüyümüz adından döyüşən təkcə sənsən. Heç olmasa, yarımfinala kimi çatmalısan. Çatmasan, özündən küs. Xidmətini cəhənnəmə çevirəcəyik. Söz verdim ki, hər şey qaydasında olacaq. Çarəm nə idi?

Elə onlarla yenicə danışıb qurtarmışdım ki, Mehdi kazarmaya girdi, özü də başılovlu: “Ayə, sənə kim demişdi ki, adını idman ustası kimi yazdırasan. Xəbərin var, səninlə ilk döyüşəcək əsgər yeniyetmələr arasında Qazaxıstanın 2 dəfə çempionu olub. Özü də ağır çəkidə“.

Tələsik məşq zalına getdim. Elə Mehdi deyən idi, əzələli bir qazax boks kisəsinə zərbələr vururdu. Zərbənin gücundən o boyda kisə göyə qalxıb düşürdü. Təsəvvür edəndə ki, o zərbə mənə də dəyəcək, əməllicə tərlədim. Nə isə fikirləşmək lazım idi. Özü də təcili. Yoxsa bu qazax məni şikəst edəcəkdi.

Köməyimə yenə Mehdi çatdı. Dedi ki, gəl bunu ələ alaq. Qonaqlıq söz verək, səni yavaş çırpsın. Bu söz beynimə batdı.

Məşqdən sonra imkan tapıb həmən qazaxa yaxınlaşdım. Tanış olduq. Adı Kurmanbek idi. Tez söhbət arasına türkdilli olduğumuza işarə etdim. Nə isə.. yavaş-yavaş gədim mətləbə. Anlatdım dərdimi. Soruşdu ki, bəs istəyin nədir, nə edə bilərəm?

“Kurmanbek, sən məni ehmalca vuracaqsan, əvəzində məndən bir qonaqlıq. Araq içib şənlənərik”, – dedim. Qazax razılaşdı, “araq” deyəndə gözlərinə sanki işıq gəldi. Boksdan anlayışım olmadığı üçün rinqdə necə hərəkət etməyi və bir-iki fənd öyrətdi.

Nəhayət, yarış günü çatdı. Briqadanın idman zalında əməlli-başlı izdiham yaşanırdı. Hətta qonşu zastavalardan da yarışa öz arvadları, uşaqları ilə baxmağa gələn zabitlər vardı.

Yarış başladı. Rinqə çıxmağıma az qalmış bölüyümüzdəki qocaman ukraynalı əsgərlər mənə yaxınlaşdılar: ”Bax ha, uduzsan, özünü ölmüş bil, adımızı batırma”.

Başımı tərpətdim ki, elə o cür də olacaq, narahat olmayın.

O vaxtlar bazar günləri hərbi hissədə əsgərlər üçün videomaqnitofonla filmlər göstərirdilər. Jan Klod Van Dammın ulduzu təzə parlayırdı. “Qanlı idman növü” və “Kikboksçu” filmlərinə ləzzətlə baxırdıq.

İndi rinqə çıxanda özümü o filmdəymişəm kimi hiss edirdim. Fərq o idi ki, Jan Klod kimi qalib olmayacaqdım.

Nə isə.. Hakim komanda verdi, döyüş başladı. Kurmanbek söz verdiyi kimi, zərbəyə tam gücünü qoymurdu. Ancaq bununla belə, başıma sanki sement torbası çırpırdılar. Zalım oğlunun əli yaman ağır idi. Zarafat deyil, o boyda ölkənin çempionu olmuşdu.

Arada əsəbiləşib, onun ayaqlarına tutub yerə yıxmaq kimi güləş fəndindən istifadə edib, onu sındırmağı arzulayırdım. Ancaq bu boks idi, qaydalar fərqli idi. Arada qeyri-ixtiyari təpik atırdım. Hakim oyunu saxlayıb, mənə irad bildirirdi.

Zülmlə 2 raundu başa vurdum. Üz-gözüm əməllicə şişmişdi. Küncdə fasilə vaxtı Mehdi dəsmalla tərimi siləndə ukraynalılardan birini yaxınlaşdı:

“Cəhənnəmə, uduz, heç olmasa, son raundda ona bir babat zərbə vur. Başa düşürük çempiondur. Amma nə isə et, bir zərbə vur. Yoxsa...”.

Başqa yolum yox idi. Kurmanbek arxayınlaşıb, müdafiəyə fikir vermirdi. Gücümü toplayıb, çənəsinə babat zərbə vurdum. Qazax yıxıldı. Hakim saymağa başlayanda zal uğuldadı. Özümü Van Dam kimi hiss edirdim.

Zalda məni izləyən və bayaqdan hədələyən “xaxollar” sevinc içində idilər. Lakin hakim sayıb 9-a çatmamış Kurmanbek ayağa qalxdı. Day araq-zad vecinə deyildi. Şərti pozmuşdum. Var gücü ilə əzişdirəcəkdi. Heç müqavimət göstərmədim də. İki saniyə sonra burnumun üstündə sanki bomba partladı. Sonrasını xatırlamıram. Rinqdən huşsuz halda çıxarıb, geyinib-soyunma otağına gətirmişdilər. Gözümü açanda gördüm ki, Mehdi basımım üstündə ağlayır. Deyəsən, sir-sifətim dağılmışdı:

“Ay Mehdi, get güzgü gətir, tez elə”.

Mehdi güzgünü gətirdi, dedi, yaxşı olar ki, baxma. Amma baxdım. Vay dədə, burnum şişib sifətimin yarısını örtmüşdü. Tam əcaib mənzərə. “Mehdi, bu yarışı sən ağlıma saldın, sən öl, üz-gözüm belə qalsa, səninçün pis olacaq.”

Bu zaman otağa Kurmanbek girdi. Dodağı şişmişdi. Lap Efiopiya zəncilərinin sallaq dodağına oxşayırdı. Soruşdu ki, niyə onu vurdum. Cavab verdim ki, 3 raund ərzində bir babat zərbə vurmasam, işim çətinə düşəcəkdi. Anlatdım vəziyyəti. Güldü. Həm də dedim ki, yeyib-içmək məsələsi gündəmdədir. Heç nə dəyişməyib.

Həmin günü briqadanın çayxanasını işlədən gürcü zabitindən yeyib-içmək və araq alıb yarışı qeyd etdik.

Dəyişən bir o oldu ki, boksu həqiqətən sevdim. Ara-sıra məşğul oluram. Həvəskar səviyyədə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm