Əsir rəssamın çəkdikləri... – Qulu Ağsəs
Bizi izləyin

Digər

Əsir rəssamın çəkdikləri... – Qulu Ağsəs

Xocalıda əsir düşən rəssam qızın Parisdə erməni adıyla sərgisinin açılmağından bəhs edən bir sənədli povest verdilər mənə...

Müəllif "Tanrının unutduğu xocalılar"ı mənə təqdim eləyəndə pencək havasıydı: düzü, isti payız günləri özü ən gözəl rəssamdı mənimçün, belə vaxtlar təbiətə əsir düşməkdən savayı əlimdən bir iş gəlmirdi... Əsəri "Ulduz"un boyuna ölçdüm, eləcə, gördüm ipin ucu taxta divarın o üzünə – "Azərbaycan"a adlayır, bizlik deyil, dedim, həcmi böyükdü, kitab eləyin. Noyabrda povest gündəlik oxuyub redaktə elədiyim, ora-burasını yamadığım adi yazılardanıydı, əynimiz qalınladıqca əsərin ab-havası dəyişməyə, məni içəridən narahat eləməyə başladı; əvvəl povesti oxuyanda canımı boğazıma yığan insan adları sonradan ermənili-ruslu-türklü-fransızlı (özümüzünkülər qarışıq!) bir ismə çevrildi: Xocalı... Ona görə əl vurmadım, sözlərin səfi pozulanda belə heç birini qaytarıb təzədən sıraya düzmədim, abzasların arasındakı intervalı bir az da qazıb yekəltdim ki, camaat gülləyə tuş gəlmədən qaçıb Ağdama yetişsin. Amma peşə xəstəliyi elə mərəzdi, ölüncə qurtula bilmirsən, Gülxani Pənaha – bir əl gəzdirin əsərə – deməkdən də özümü saxlaya bilmədim. Kitab çıxanda düzəldib-düzəltməməyindən xəbərsizəm, əslində, mən oturub Valentina Nikolayevnadan (ad-familini kirilcə yazıram qəsdən, bəlkə, ürəyinə insaf düşə) xəbər gözləyirəm, o, işlədiyi Beynəlxalq Qızıl Xaç Komitəsi cəhənnəm, heç olmasa, Vişnevski xəstəxanasında cərrah işləyən Rasimi tapmağa söz vermişdi...

Yetiminki heç vaxt gətirmir!

Səfanı uşaq vaxtı küçəyə atırlar, özü də anası atır onu. Çox rahat və çox sakit. Atır ki, yetimlər evində gözü qapıda qalanda Sakit müəllim desin:

- Bilirsənmi, bala, ata-ana yaxşı şeydi, amma neynəyək, səni anan atıb gedib. Səndən doğum evindəcə imtina eləyib. Sənə familini də verməyib, milislər gətirib bura. Özün fikirləş, sən burada böyümüsən, atan-anan biz olmuşuq...

Mən yetimlər evində olmamışam, bəlkə də, orada Səfaya ata-ana qayğısı göstərən adamlar həqiqətən varmış, bəlkə də, bu uşağın rəssamlıq istedadı onu direktora belə sevdirib - yalan deyərəm, amma qızcığazın Zivər arvada tezcə qoşulub getməyi adamda şübhə doğurur. Zivər xala, əri Çərkəz kişi, Moskvada cərrah işləyən oğulları Rasim də Səfanı çox istəyir, onu Bakıda rəssamlıq məktəbinə qoyurlar. Yay-qış tətilini yeni ata-anasının yanında keçirən Səfanın xoş günləri uzun çəkmir. Yetimin xoşbəxtliyi fevral günəşidi, çıxmağıynan batmağı bir olur. Xocalıda yaşayan ailənin qara günləri başlayır. Təhsilini buraxıb onların yanına dönən gənc rəssam artıq Qarabağ müharibəsi və Xocalı soyqırımının şahidi və qurbanıdır. Yox, o bir gülləylə canını tapşırsaydı, nə vardı ki?! Onu erməni-rus hərbi birləşmələrinin 1992-ci ilin 25 fevral gecəsi külünü göyə sovurduğu Xocalıdan qaçanda düşmənə əsir düşmək gözləyirmiş...

Zivər xalagilin əsirdüşmə səhnəsində həyati detallar azdı, üstəlik, müəllif müdaxiləsi aşırı hiss olunur, bu da Gülxani Pənahın Milli kimliyinin Ədəbi kimliyini üstələməyindən irəli gəlir. Yazıçı hisslərini boğmaqda, düşmən həmləsinə etinasız qalmaqda çətinlik çəkir sanki. Amma bununla belə, onun əlindən gənc rəssamı alıb qıza olmazın işgəncə verirlər. Erməni evində qul kimi işləyən ana-balanı Zivər xalanın iti ağlı və ermənicə sərbəst danışmağı rüsvayçılıqdan qoruyur. O, Səfanı erməni qızı kimi qələmə verməklə onun namusunu ləkələnməyə qoymur: onlarla birgə əsir düşən Leylanı isə...

Ev yiyəsi Edikin vəhşiliyi fonunda arvadı Janna və oğulları Radiqin nisbətən yumşaq davranışı ermənilərin bu müharibəyə zorla sürükləndiyinə işarədir. Bir azdan Edik davada, Janna öz evində öldürüləcək, müalicə üçün Zivər xalanı da götürüb Moskvaya – Rasim həkimin yanına yollanan Radiqinsə başını yerliləri əzəcəklər. Səfa növbəti ev yiyəsinə hamballıq eləyəcək, nə qardaşından, nə də anasından xəbər tutmadan erməni generalın əxlaqsız arvadı – Elmiranın kürəyini sürtəcək, dırnağını tutacaq, günlərin birində onunla birgə Ermənistana "bacım" deyən Fransaya yollanacaq, çəkdiyi rəsmlərin sərgisinə çoxlu adamlar yığılacaq, Qarabağ lövhələrinin altındakı "Elza" imzasına görə özünü öldürmək istəyəcək. Qarabağda girov saxlandığı evin tövləsindən qaçmalarına kömək elədiyi iki azərbaycanlı əsiri düşününcə özünün də nə vaxtsa xilas olacağına ümidlənəcək, Elmiranın evindən dönərsatana, oradan Türkiyə səfirliyinə pənah aparacaq, Parisi İrəvana döndərən erməni casusları onu tutub dəlixanaya salacaq, Elmira aldadıb böyrəyini satacaq, onu Ermənistana, oradan da əsir saxlandığı Qarabağ kəndinə qaytaracaq, rəsm çəkməyə məcbur eləyəcək, şəkillərin altına bu dəfə öz imzasını qoyacaq, Elzanı (Səfanı) hamıya dəli kimi tanıtdıracaq, - acaq, - əcək..

Və bu da Beynəlxalq Qızıl Xaç Komitəsinin maşını. Artıq həyətdədir. Valentina Nikolayevna Elzanın erməni olmadığını, Elmiranın rəsmlərini əslində onun çəkdiyini, Moskvada Rasim adlı cərrah qardaşının yaşadığını öyrənir, imkan tapıb qızın şəklini də çəkir. "Maşına əyləşdi. Əl elədi. Sanki vəd verirdi: Səni buradan qurtaracağam".

- Valentina Moskvaya getdi,

- Səfa Qarabağda əsirlikdədir,

- Xocalı isə yoxdur!

Müəllif, bəlkə də, bu əsərlə ayrı söz demək istəyib, amma mən belə eşitdim...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm