Çexlər Azərbaycanda 2 milyard dollarlıq layihə reallaşdırırlar
Bizi izləyin

Digər

Çexlər Azərbaycanda 2 milyard dollarlıq layihə reallaşdırırlar

Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Publika.az xəbər verir ki, forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib. Nazir bildirib ki, Azərbaycan-Çexiya iqtisadi əlaqələri inkişaf edir. Ölkələr arasındakı ticarət dövriyyəsində dinamik artım müşahidə olunur. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda Azərbaycanda 16 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.

Ş.Mustafayev qeyd edib ki, Çexiya şirkətləri kənd təsərrüfatı, İKT, turizm sahələrində, o cümlədən Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə, investisiya qoyuluşu reallaşdıra bilərlər.

Ş. Mustafayev bildirib ki, bu gün Çexiya ümumilikdə Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollardan çox investisiya yatırıb: “Çexiya şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən 6 layihənin ümumi dəyəri 2 milyard dollar təşkil edəcək”.

O, Azərbaycanla Çexiya arasında müştərək şirkətin yaradılmasını və Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixrac edilməsini təklif edib: “Belə bir müştərək şirkətin yaradılması iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq”.

Nazir Azərbaycan iqtisadiyyatı, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz boru kəmərləri, hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də söz açıb.

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek isə ölkələr arasında əlaqələrin inkişaf etdiyini, Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu ifadə edib. Çexiya iqtisadiyyatı, Azərbaycan - Çexiya iqtisadi əlaqələrindən danışan Y. Mladek çex şirkətlərinin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini deyib: ”Azərbaycan bu gün Avropanın enerji təminatında olduqca mühüm tədarükçü rolu oynayır: “Ötən il Çexiyanın idxal etdiyi neft və neft məhsullarının 31,5%-i Azərbaycanın payına düşür. TANAP və TAP Çexiya üçün də olduqca dəyərli layihələrdir. Azərbaycan Çexiya üçün Asiyaya açılan pəncərə və Asiya bazarına çıxış rolu oynaya bilər. Həmçinin Çexiya Azərbaycan üçün Avropa Birliyi üçün açılan mühüm imkanlar deməkdir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm