O fətvaya niyə güldük?
Bizi izləyin

Digər

O fətvaya niyə güldük?

Dünən günün birinci yarısı ərəb şeyxlərindən birinin verdiyi iddia olunan fətva yayıldı. Fətvada kişilərin ac qaldıqları təqdirdə qadınlarının müəyyən bir hissəsini kəsib yeyə biləcəkləri deyilirdi.

Günün sonunda bu xəbərin ilk dəfə bir İran saytında yayıldığı, Səudiyyə ilə İran arasındakı son dönəmlərdəki qarşıdurmanın ideoloji fazası olduğu bildirildi.

Sosial şəbəkədə müşahidə etdiyim qədər bir çox insan bu xəbəri paylaşıb xeyli əyləndi, lağa qoydu, güldü və unutdu.

Əslində, buna sevinmək lazımdır. Xəbərin yalan və doğru olmasından asılı olmayaraq bu kimi fətvalara ironik münasibət göstərmək gərəkdir.

Əgər İran mediasının bu təbliğatı qonşu ölkələrdə geniş maraq doğurdusa, demək ki, insanlar ərəb şeyxlərindən bu kimi fətvaların veriləcəyinə inanırlar. Necə ki, azyaşlı qızların evliliyi, qadınların maşın sürməsi ilə bağlı analoji fətvalara rast gəlmişdik.

Məsələnin digər tərəfi də odur ki, İran tərəfinin mollaları da bu məsələlərdə heç də ərəb şeyxlərindən günahsız deyillər. Təkcə, siğə ilə bağlı verilən əcaib fətvaları, həmçinin risalələrdəki gülməli məqamları oxuyanda farslarla ərəblərin ortaq dünyagörüşü sahibləndiyini görə bilərik.

Ötən dəfə də yazdıq. Azərbaycan bu məsələni Axundov “virus”u ilə 150 il öncə həll edib.
“Kəmalüddövlə məktubları” və komediyalarla Axundov Şərqin düşdüyü bataqlığı faktlarla izah edib. Axundova qədər Yaxın Şərqdə heç kimsə dinin bu tərəfi ilə nə sərt mübarizə aparıb, nə də ki ortaya sanballı əsər qoyub.

Üç gün öncə “Molla Nəsrəddin” jurnalının növbəti ildönümünü qeyd etdik. Mirzə Cəlil və Ömər Faiqin nəşr etdiyi bu jurnal vasitəsilə, eləcə də bu şəxslərin, həmçinin Ə.Haqverdiyev və digərlərinin sayəsində Azərbaycan oxucusu Şərqin tanınmış “söz adamları”nın simasını tanıdı.

Əgər bu gün hansısa yad ölkənin şeyxi XXI əsrdə əcaib bir fətva verirsə, biz artıq Şeyx Nəsrullah sayəsində həmin adamları yüz il öncədən tandığımızı deyib, məsələyə gülüb keçirik.

Əgər İran mollaları risalələrində qadın-kişi münasibətlərinə dair hökmlər verirsə, biz bu hallara “Molla Nəsrəddin” jurnalının karikaturalarında rast gəldiyimizi bəyan edirik.

Ona görə də, Azərbaycanın XIX əsrdən başlayan klassik irsi indikindən daha da kütləvi şəkildə təbliğ olunmalı, sərhədlərin bu qədər yaxınlaşdığı bir məqamda şeyxlərin, mollaların fətvalarının insanlarımızın düşüncələrinə yol tapmamasına çalışmalıyıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm