İkinci Ukrayna ssenarisi? – Rusiya Cənubi Avropanın əsas qapısını itirir
Bizi izləyin

Digər

İkinci Ukrayna ssenarisi? – Rusiya Cənubi Avropanın əsas qapısını itirir

Balkan ölkələrindən olan Makedoniyada son vaxtlar baş verənlər Avropada yeni bir münaqişə ocağının yaranma ehtimalını gücləndirir. Ölkədə gərgin ab-hava hökm sürür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Makedoniyada qarşıdan gələn bazar günü müxalifətin böyük nümayişinin keçirilməsi nəzərdə tutulub.

Politoloqlar Makedoniyada Ukrayna ssenarisindən danışırlar. Avstriyanın “Der Standard” qəzetinin siyasi müşahidəçisi Adelxayd Vyolfl hesab edir ki, ötən həftə Kumanovo şəhərində polisin və terrorçuların arasındakı toqquşmalar, həmçinin Skopyedəki qeyri-qanuni dinləmələr kökləri geostrateji maraqlara gedib çıxır. O, proseslərə Rusiyanın qarışdığını düşünür.

Londonda yerləşən “Liberal International” təşkilatının baş katibi Emil Kirdjas isə əksini düşünür. Makedoniyada ABŞ və Rusiyanın maraqlarının toqquşduğunu deyən Kirdjas qeyd edir ki, Rusiya Makedoniyanın baş naziri Nikola Qruyevskinin hakimiyyətlə qalmasında maraqlıdır. O, Rusiyanın uzunmüddətli fasilədən sonra yenidən Balkanlardakı hadisələrə qarışmasına təəccüblə yanaşır. Kirdjasın fikrincə, “Cənub axını” qaz kəməri layihəsinin müvəffəqiyyətsizliyindən sonra Makedoniya, Serbiya və Macarıstanla birgə alternativ “Türk axını”nın reallaşdırılması Rusiya üçün əsas məsələdir. “Bunun üçün Rusiyaya Skopyedə “özünün” hökuməti lazımdır. Çünki Bolqarıstanın layihədən iştirakdan imtina etməsindən sonra yeganə alternativ Makedoniyadır”, - Kirdjas qeyd edir.

Moskva “Türk axını” layihəsində əsas tərəfdaşlarından olan Makedoniyadakı hadisələri diqqətlə izləyir. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makedoniyada baş verənlərdən, o cümlədən “Böyük Albaniya” iddialarından narahatlıqla izlədiyini bildirib və hadisələrin arxasında dolayısı ilə “bəzi xarici ölkələr”in dayandığına işarə vurub.

Bu ilin yanvarında Makedoniya hökuməti açıqladı ki, müxalifət lideri Zoran Zayev ölkədə dövlət çevrilişi hazırlayır. Həmin vaxt müxalifət lideri hakimiyyətin korrupsiyada iştirakını sübut edən telefon dinləmələrinin protokollarını yayımlamağa başladı. Rusiya isə Amerika xarici xüsusi xidmət orqanlarının müxalifət liderinə dəstəyindən şübhələndi və bildirdi ki, bu cür addımlar ölkədə qarşıdurmanın kəskinləşməsində gətirib çıxara bilər.

Rusiya Makedoniyada aprelin 21-də baş verən hadisə zamanı da kənar qüvvələrin izini “tapdı”. Həmin vaxt Serbiya və Kosovo ilə sərhəddə yerləşən Kumanovo şəhərinin yaxınlığında Albaniya milli azadlıq ordusunun fərqlənmə nişanları olan silahlı qrup ortaya çıxdı. Rusiya ümidvar olduğunu söylədi ki, beynəlxalq cəmiyyət vəziyyətin kəskinləşməməsi üçün Makedoniya hökumətini dəstəkləyəcək.

Bundan bir neçə gün sonra Moskvadan xəbərdarlıq edildi ki, müxalifət Qərbin dəstəyi ilə Makedoniyada “rəngli inqilab” təşkil etməyə çalışacaq. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Qərbin Makedoniyada həyata keçirmək istədiyi “Ukrayna ssenarisi”ndən bəhs etdi.

Dünən Rusiya mediasına da iddia edib ki, ABŞ Makedoniyada yeni Maydan təşkil etməyə hazırlaşır. Niyə məhz Makedoniyada? Rusiya mediası qeyd edir ki, Bolqarıstanın Rusiyanın qaz layihəsində iştirakdan imtina etməsindən sonra Makedoniya rus qazının Cənubi Avropaya axması üçün Yunanıstandan sonrakı qapısıdır. Makedoniyanı hansısa formada Rusiyadan üz çevirməyə məcbur etmək Rusiyanın Ukraynadan yan keçməklə Cənubi Avropanın qaz bazarına daxil olmaq planını sıradan çıxarmaq anlamına gəlir. Bir sözlə, Moskva Kiyevin nazı ilə oynamağa məcbur edilir.

Qeyd edək ki, Makedoniya Yunanıstan, Serbiya, Macarıstan və Türkiyə ilə birlikdə ötən ay “Türk axını” qaz kəmərinin tikintisində iştirak etmək niyyətini bəyannamə ilə təsdiqləyiblər. Amma Avropa və ABŞ Qara dənizinin dibi və Türkiyə üzərindən keçəcək qaz kəmərinin tikintisinə istənilən vasitə ilə maneə olmaq niyyətindədir. Avropa Komissiyası “Türk axını” qaz kəməri layihəsi ilə bağlı araşdırmalara başlaya biləcəyini açıqlayıb. Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqaret Vestqaqer bildirib ki, araşdırmalar Rusiyanın “Qazprom” şirkətinin Avropa ölkələri ilə danışıqlarının öyrənilməsini əhatə edəcək və layihənin Avropa Birliyinin anti-inhisar qanunvericiliyinə uyğunluğu yoxlanılacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabr ayında Türkiyəyə etdiyi səfərində “Cənub axını” layihəsindən imtina edib. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələrdən sonra Türkiyə üzərindən çəkilməsi planlaşdırılan “Türk axını” layihəsini elan edib. Bu layihə Avropada enerji kartlarını alt-üst edir və o cümlədən Azərbaycanda yaxından izlənilir. Çünki Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qaz da TANAP kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə, oradan isə TAP kəməri ilə Avropanın cənubuna nəql edilməlidir.

Hazırda Rusiya qazının əsas ixrac marşrutu Ukraynadır. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Rusiya mediasına açıqlamasında bildirib ki, Avropada “Türk axını” layihəsinin tikintisi iqtisadi baxımdan məqsədəuyğun hesab olunmur. Avropa ölkələrinin qaz təminatında onilliklər ərzində Ukrayna marşrutundan istifadə edildiyini deyən Şefçoviçin sözlərinə görə, Avropa Komissiyası qaz nəqliyyat sisteminin islahatı ilə bağlı Kiyevlə işləyir. O, qeyd edib ki, Ukraynanın “Naftoqaz” şirkəti etibarlı partnyor ola biləcəyi barədə zəmanət verib.

ABŞ “Türk axını”nda iştirakını təsdiqləyən Yunanıstandakı səfirini “fərsiz” adlandıraraq geri çağırması da da birbaşa olaraq sözügedən layihə ilə əlaqələndirilir. Səfirin Yunanıstanda baş verən və Ağ Evin diqqət mərkəzində olan siyasi və iqtisadi hadisələr haqqında Vaşinqtona məlumat vermədiyi deyilir. Bildirilir ki, əgər səfir Devid Pirsa məhkəmə islahatı ilə bağlı Vaşinqtona vaxtında məlumat versəydi, vəziyyət həll edilə bilərdi. Amma ekspertlər hesab edir ki, problem heç də Vaşinqtonun məhkəmə islahatından vaxtında xəbər tutmaması ilə bağlı deyil, ABŞ və Yunanıstan arasında fikir ayrılığı yaradan əsas məsələ “Türk axını” layihəsidir. ABŞ Rusiya təbii qazının Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya ixracını nəzərdə tutan “Türk axını” qaz kəmərinin tikintisinə qarşı çıxır və layihədən imtina üçün Afinaya təzyiq göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm