Yanğın: poliüretan və çaxmaq daşları
Bizi izləyin

Digər

Yanğın: poliüretan və çaxmaq daşları

19 may hər birimizin yaddaşına qara gün kimi qeyd olundu.

“Azadlıq” prospektindəki 16 mərtəbəli bir binadan gələn alovlu xəbərlər hər birimizin içini yandırdı.

Yanğının başladığı anlarda işə gəlirdim. Yolda Fövqəladə Hallar Nazirliyinin başımızın üstündən uçan helikopterlərini görəndə pozitiv düşündüm. Dedim, yəqin, nazirliyin müvafiq bölmələri Birinci Avropa Oyunları qabağı təlim keçir. Fəqət işə çatanda əməkdaşlarımızı təşviş içində gördüm.

Sən demə, “Azadlıq” metrosunun həndəvərində bina yanırmış. Həmin binada və ona yaxın mənzillərdə “Gündəlik Teleqraf” qəzetinin iki sabiq işçisi, eyni zamanda hazırda da bizdə çalışan iki nəfər- tərtibatçımız və korrektorumuz yaşayırdı.

Bir az keçmiş xəbər gəldi ki, tərtibatçımız və ailəsi erkən xilas olanlar arasındadır, qonşuluqda yaşayan korrektorumuz da sağ-salamatdır.

Amma keçmiş əməkdaşımız Sevinc yeni doğulan körpəsi ilə birlikdə 14-cü mərtəbədəki mənzillərində yanğının, tüstünün tən ortasında qalmışdı.

Bir tərəfdən redaksiyaca onun xilas olunmasına dua edərkən, digər tərəfdən də ölüm saylarının getdikcə artmasına, həyatını itirənlər arasında pıril-pırıl cocuqların olmasına üzülürdük.

Hər kəs kövrəlmişdi, qəhərlənir, ağlayırdı…

Bizlər Azərbaycanın bütün vicdanlı və qəlbi yuxa insanları kimi yanmaqda olan binadan dostlarımızla, həmkarlarımızla, soydaşlarımızla bağlı xoş xəbərlər gözləyərkən ölkəmizdə baş verən hər bir neqativ hadisədən eyforiyaya qapılan həbiblər, əbülfəzlər, zaminlər, sonalar sürüsü bütün cəmiyyətə, adəta, “yandıq verirdilər”.

Üstündən azacıq keçməmiş sosial şəbəkənin bütün uğursuz inqilabçıları, qarşıdan gələn parlament seçkilərini unutmadan özünü “xalqa yaxın” və “bir şeylər bilirmiş”cəsinə göstərmək istəyənləri, yaxın tariximizin naftalin iyləməyə məhkum etdiyi revanşist siyasətçiləri dilə gəldilər.

Azərbaycanda nə qədər idiot, savadsız, həyasız, durumdan özünə vəzifə çıxaran varsa, hamısı bir andaca kimyaçı, inşaatçı, yanğınsöndürən, pilot oldular.

Açıqdan açığa cəmiyyətdə bir panika yaratmaq, bu panikanı iğtişaşa çevirmək istəyirdilər.

O dəqiqələrdə Fövqəladə Hallar Nazirliyinin fədakar yanğınsöndürənləri, Daxili İşlər və Səhiyyə nazirliklərinin hadisə yerinə göndərilmiş əməkdaşları od arasında qalmış insanlarımızı xilas edirdilər.

Nə qədər insan var, yaşam var, yaşayış massivi var, o qədər də qəzalar, faciələr olacaq, daşqınlar da olacaq, yanğınlar da…

Bu cür təbii, yaxud səhlənkarlıqdan və ya məqsədli şəkildə törədilmiş qəzalar zamanı bir institut olaraq dövlətin birinci və əsas borcu vətəndaşların həyatını xilas etmək, insan və mülkiyyət itkisinin miqdarını minimuma endirməkdir.

Dövlət bu görəvini layiqincə icra etdimi?

Bəli, etdi!

Fövqəladə Hallar Nazirliyində çalışan neçə-neçə eloğlumuzun öz həyatını riskə ataraq göstərdiyi rəşadət qarşısında günün birinci yarısında sosial şəbəkələrə poliüretandan daha qatı zəhər yayanlardan əsər-əlamət qalmamışdı.

Hər kəs FHN əməkdaşı Xətai Şahverdiyevdən danışır, onun kimi gözünü qırpmadan özünü odun-alovun içinə ataraq neçə cocuğu, gənci, ahılı, qadını xilas edən yanğınsöndürən qardaşlarımıza günün qəhrəmanları olaraq “əhsən” deyirdi.

Fəqət sosial şəbəkələrdəki bir qism sadist və vandala görə, sanki dövlət, dövlətimizin FHN, DİN və digər qurumları kimsəni xilas etməməliydilər. binadakı hər kəs yanmalı, ölməli, məhv olmalı idi ki, bunlar külə dönmüş adamları və binanı öz siyasi məqsədlərinə çatmaq üçün “qurban” qismində görən qəbilə ruhaniləri tövrünü sərgiləsinlər.

Dövlət və hökumət isə öz məsuliyyətinin fərqində, vətəndaşın hayında və yanında idi.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov hakimiyyət adından cəmiyyətə dərhal və tutarlı bir açıqlama verdi.

Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, bölgədən sorumlu məmurlar və deputatlar hadisə yerinə gəldilər. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Özbəkistana rəsmi səfərini yarımçıq qoyaraq Bakıya döndü və uçaqdan düşər-düşməz yanmış binaya baxış keçirdi. Yanğının çıxmasına və böyüməsinə rəvac verən materialı istehsal etmiş şirkətin rəhbəri həbs edildi. Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verərək yanğının araşdırılması və faciənin nəticələrinin mümkün qədər aradan qaldırılması, olayda həyatını itirmiş şəxslərin yaxınlarına maddi və mənəvi dəstək vermək üçün Dövlət Komissiyası yaratdı. Bu gün səhər şəxsən olay yerinə gəldi.

Bütün bunlardan sonra çıxan yanğının qarşısının alınması və qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətin, prezidentin və onun komandasının məsuliyyətinə sahib çıxmadığını iddia etmək, sərt deyəcəm, şərəfsizlikdir, alçaqlıqdır, rəzillikdir.

Dünən onlarla ailəni gözü yaşlı qoyan, hər birimizin içini göynədən yanğın olayı göstərdi ki:

1) Azərbaycan Prezidenti və hakim komanda ölkədə baş verən hər bir hadisəyə çevik reaksiya verir, hər hansı krizis situasiyasında optimal qərarlar qəbul etməyə, xalqın, cəmiyyətin, vətəndaşların təhlükəsizliyi və maraqlarını qorumağa qadir və qabildir.

2) Azərbaycan dövlətinin müvafiq qurumları fövqəladə hallarda effektiv çalışmaq və itkilərin qarşısını maksimum almaq üçün mobil resurslara malikdir.

3) Müəyyən biznes adamlarının və məmurların açıq və ya gizli işbirliyi həm vətəndaşlar, həm də dövlətin ümumiu maraqları baxımından bəzən ciddi təhlükələr yaradacaq səviyyəyə çatıb. Dövlət həmin adamların və layihələrin ifşa olunmasında və cəzalandırılmasında qətiyyət göstərməlidir və göstərir. Proqnozlaşdırmaq çətin deyil ki, Bakının və digər bölgələrimizin abadlaşdırılmasında fürsətçilik sərgiləyərək böyük pullar qazanmaq istəyən, lakin bunun əvəzində standartlara cavab verməyən mal və xidmətlər təklif edənlərə qarşı sərt tədbirlər görüləcək.

4) Müasir informasiya texnologiyalarının inkişafı elə həddədir ki, heç bir informasiyanı gizləmək və pərdələmək mümkün deyil. Odur ki, başlanğıcda telekanalların həmin hadisəyə operativ reaksiya verməməsi daha bir dəfə müzakirələri sosial şəbəkəyə daşıdı. Bu da sosial şəbəkələrdəki nadürüst tiplərə manipulyasiya imkanları yaratdı. Ancaq çox yaxşı ki, reallıq hissini itirməyən və bu cür durumlarda cəmiyyətdə panika yaratmaq istəyənləri susdura biləcək xeyli sayda insan əsl vətəndaşlıq mövqeyi sərgilədilər.

5) Baş verən hər bir belə hadisə, bundan sonra baş verə biləcək belə hadisələr zamanı daha az itki ilə çıxmağın yollarının tapılması baxımından ciddi müzakirə edilməlidir. Bu baxımdan cəmiyyətdə açıq müzakirələr getməli və maarifləndirici tədbirlər görülməlidir.

Madam “müzakirə”dən danışırıq, o zaman bu yöndə olan bəzi problemləri dilə gətirməkdə də yarar var.

Hər şeydən öncə onu deyim ki, biz media mənsubları üçün hər hansı bir vəziyyətdə peşəkar şərhlər verəcək ekspert tapmaq olduqca müşkül məsələdir. Məhz bu cür ekspertlərin sayı son dərəcə az olduğundandır ki, binanın üzlənməsində istifadə edilmiş və yanğının miqyasının böyüməsinə səbəb olmuş materialın adının belə nə olduğunu bilməyənlər sosial şəbəkələrdə camaata ağıl verir. Bu azmış kimi dünənki faciəyə görə həbs olunmuş şəxsin fabrikinin açılışında iştirak etdiyinə görə dövlət başçısına yersiz və əsassız ittihamlar yönəldilir.

İki gündür bir normal ekspert tapılmır çıxıb desin ki, poliüretan sənaye məhsuludur, dünyanın bütün qabaqcıl ölkələrində istehsal edilir, tikintidən başqa bir çox sahədə, hətta qadın geyimlərinin hazırlanmasında da istifadə oluna bilər Sənayesi inkişaf edən hər bir ölkədə poliüretanın istehsalı vacibdiur və onu xaricdən almaqdansa, ölkədə istehsal etmək daha yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də belə bir məhsul edən müəssisənin açılışında iştirakı onun sənayenin inkişafına verdiyi önəmin nəticəsidir. Zira, həmin materialdan binalarının fasadlanmasında üzlük kimi istifadə olunubsa, bu tamam başqa mövzudur. O mövzuda bunu yada salmaq lazımdır ki, beynəlxalq səviyyədə oda həssaslığına görə tikinti materialları 7 qrupa bölünür. Birinci “A” qrupuna yanmayan materiallar- daş, dəmir və s. daxildir. İkinci qrup olan “B”-də oda davamlı maddələr yer alır.

Poliüretan tərkibinə qatılmış xüsusi maddənin dərəcəsindən asılı olaraq oda az həssas, orta həssas və çox həssas ola bilər. Yəni, tərkibinə xüsusi maddə qatıldığı təqdirdə poliüretan “B” kateqoriyasında da yer ala biləcək məhsullar sırasındadır.

Odur ki, bütün cəmiyyətin bir andaca “poliüretan” əleyhdarına çevrilməsi məntiqli və rasional deyil. Sadəcə, baş vermiş yanğınlardan dərs alınaraq bu materiallardan harada və necə istifadə olunacağı haqqında qanunvericiliyin tələbləri müəyyən edilməli, o cümlədən tikinti sektorunda ondan istifadə meyarları müvafiq normativ sənədlərdə əks olunmalıdır.

Xüsusi vurğulamaq istədiyim ikinci xüsusi məqam bizim cəmiyyət olaraq ictimai şüur səviyyəmizlə bağlıdır. “O materialdan o binaya və başqa binalara niyə üzlük çəkilmişdi” sualını dövlətə, meriyaya, hansısa rayonun icra hakimiyyətinə sual ünvanlamaq və hadisədən dolayı hansısa məmuru suçlamaq işin ən asan, amma tam doğru olmayan tərəfidir. Əsl problem daha alt qatda- bizim ictimai şüur və iştirakçılıq səviyyəmizdədir.

Bakıda neçə binada Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti var?

O cəmiyyətlərdə mənzil mülkiyyətçiləri öz binalarının necə idarə olunması, hansı risklər daşıması və qəza anında nə ediləcəyi haqqında neçə dəfə müzakirə aparıb?

Başa bəla poliüretan üzlüklər binaların divarına vurulanda, “dövlət hesabına təmir aparılır, mənzilimizin qiyməti bahalaşır” deyə sevinənlərə azmı rast gəlmişik?

Nəhayət, Azərbaycanda vicdanı və ürəyi olan kimsənin arzulamadığı halda bir faciə baş verib. Biz nədən ictimai ortyamda o faciənin baş verməsi ilə bağlı bütün mümkün ehtimalları müzakirə etməkdən qaçmaq, bu faciənin əgər varsa, konkret günahkarlarını üzə çıxarmaq əvəzinə, hər şeyi “siyasi malzəmə”yə çevirmək istəyirik?

Dünən Facebook-da ən çox paylaşılan və ən çox ürək dağlayan balaca Fərəhin itirilmiş həyatı üzərindən siyasi dividend qazanmaq cəhdindən daha vəhşi, daha idbar nə ola bilər?

Axı hər bir ağlı başında olan adama aydındır ki, dünənki yumşaq hava şəraitində binanın üzlük materialı oda nə qədər həssas olursa-olsun, günəşin təsiri ilə alışa bilməzdi. Deməli yanğının baş verməsinə nə isəö səbəb olub. Üç ehtimal var.

1) Kimsə səhlənkarlıq edib, məsələn, eyvandan siqaret tullayıb və alışma baş verib.
2) Texniki bir problem olub. Məsələn, qısaqapanma baş verib, hansısa evdə təmir zamanı yanğın çıxıb, qaz balondan sızma olub, fəqət keyfiyyətsiz üzlüyə görə alovun miqyası böyüyüb.
3) Yanğın qəsdən törədilib.

Bax, bu üçüncü ehtimalın içində daha bir neçə "alt" gümanı var:

- Binada yaşayanlardan kimsə kimdənsə qisas alıb.

- Binada yaşamayan kimsə kiməsə zərər vurmaq istəyib

- Bu, bir biznes qovğasından doğan faicədir.

- Azərbaycan dövlətinə, hökumətinə qarşı düşünülmüş provokasiyadır.

Bütün bu ehtimallardan hansı doğrudur, onu, əlbəttə, istintaq müəyyən etməlidir.

Amma bizim də özümüz üçün daha bir dəfə müəyyən etməli olduğumuz çox önəmli bir həqiqət var.

Bu cür faciəvi anlarda “Sonanın uşaqları”na- Facebook-un o çaxmaq və axmaq daşlarına baş qoşmaq yox, dövlətin yanında olmaq və hər birimizin olan bu instituta güvənməmiz lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm