“Tı kto takoy”
Bizi izləyin

Digər

“Tı kto takoy”

“Tı kto takoy”

Yox, ay qadoy alım, mən meyxanadan və meyxanaçılardan danışmayacağam. Mənim dərdim başqadı. Amma axırda bir cümlə də meyxanadan deyərəm. Lap təbim gəlsə, meyxana da deyərəm...

Mənim dərdim dil dərdidi.

Lap yadıma 5-ci sinifdə yazdığım inşa düşdü. Bir söz tapa bilməyəndə belə yazırdıq ki, “Şair də bu yerdə yaxşı deyib”.

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz...

M. H. Şəhriyar

Həə, ustad, həəə. Düz demisən. Amma noolsun ki, düz demisən... Sənin dediyin heç ədəbiyyat dərsliyində də yoxdu . Bu gün sən demişkən, “öz şeirini farsa, ərəbə qatmasa şairlərimiz” şairlərimizin, yazıçılarımızın yazdıqlarından daha çox oxunan yerlər əcnəbi dillərdədir.

Bu gün Bakı boyda şəhərin küçələrində yerləşən cıqqılı dükanlardan tutmuş, nəhəng ticarət mərkəzlərinə qədər əksərinin adı xarici dillərdədir. Deyirəm görəsən nəyə ya da elə nəyə görə mağazaların adları rus, ingilis və digər əcnəbi dillərdə yazılmalıdır? Məgər bizim dilimizə nə olub ki?

Bu yaxınlarda dostlarla bir reklam saytı da açmaq istəyirdik. Azərbaycan dilində onlarla ad təklif etdim. Amma mənə “çuşka” kimi baxanlar çox oldu. Hətta dedilər ki, bu, səviyəsizlikdir. Sonra da fikirləşirəm ki, əgər “qarğıdalı.com” və ya ingiliscə “corn.com” arasında məna etibarı ilə heç bir fərq yoxdursa, amma “qarığdalı” çuşkalıq “corn” səviyədirsə, demək biz dilimizi, millətimizi, mədəniyyətimizi hətta bağımızı-bostanımızı bəyənməyən naxələflərik. Buna başqa ad tapa bilmirəm.

Məni narahat eləyən bu məsələni Google xocaya sordum. Google xoca mənə bu məlumatı verdi; “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Bakı şəhəri, 30 sentyabr 2002-ci il”
№ 365-IIQ”...

Bu, qanundur. Amma deyəsən qanunlar da onları pozmaq üçün mövcuddur deyimi bu sahədə lap çox inkişaf edib. Hətta dəniz səviyəsindən də yuxarı qalxıb.

Əvvəldə söz verdiyim kimi elə meyxanadan da deyim bir az. Bir ağızdan bir çox rusdillilərin bayağı dediyi meyxanamız “tı kıto takoy, davay dasvidaniya” meyxanasından sonra Rusiya kimi böyük bir dövlətin dörd tərəfində sevilməyə başladı. Ondan sonra biz də sevməyə başladıq meyxananı. Bayağı ifaçılar hətta xəbərlər verilişinə qədər yol tapdılar. Çünki onlar ruslar tərəfindən bəyənilmişdi. Halbuki, müqayisədə Azərbaycan dilində deyilən meyxanalardan qat-qat aşağı səviyədə idi.

Yox ee, təbim də gəlib;

Elə Şəhriyarın qafiyəsi ilə deyəcəm.

Hmmmmm, əəə...

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz...

Əvvəl mənə qoy Qandi söz gərək olsun,
Çox əla deyib ay ona Allah kömək olsun
“Azadlıq olan yerdə də qanun gərək olsun
İfrat “azad” olsan Vətənin müstəqil olmaz”...

Azadlıq ifrat dərəcəyə çatanda özbaşnalığa çevrilir. (Mahatma Qandi)...

Deyirəm artıq öz-özümüzə “tı kto takoy” yox “Sən kim olmusan axı” sualını verməyin vaxtıdır...


Oxumağa davam et
Reklam
Reklam

Gündəm