Atv-nin ən cazibədar və ciddi aparıcısı: “Sevgililər gününə hazırlaşmıram” - VİDEO, FOTOLAR
Bizi izləyin

Qadın

Atv-nin ən cazibədar və ciddi aparıcısı: “Sevgililər gününə hazırlaşmıram” - VİDEO, FOTOLAR

Axı niyə bütün gözəl xanımlar və yaraşıqlı kişilər kaprizli olur? Bəlkə də təbiətin bəxş elədiyi gözəllik onlarda özünə əminlik yaradır, bəlkə də haqları çatır... Kişiləri deyə bilmərəm, amma xanımlara naz yaraşır

Axı niyə bütün gözəl xanımlar və yaraşıqlı kişilər kaprizli olur? Bəlkə də təbiətin bəxş elədiyi gözəllik onlarda özünə əminlik yaradır, bəlkə də haqları çatır... Kişiləri deyə bilmərəm, amma xanımlara naz yaraşır. Beləliklə Publika.Az-ın “Kokteyl” layihəsinin bu günki, qonağı nazlı və cazibədar xanım, eyni zamanda ciddiliyini də qoruyan aparıcı Alida Mustafayevadır. Hər zaman ciddi obrazda görməyə alışdığımız xəbərlər aparıcısı ilə layihənin adından da göründüyü kimi müxtəlif mövzularda söhbət etdik.

- Başqa aparıcılardan nə ilə fərqlənirsiniz? Üstün və bəyənmədiyiniz cəhətləriniz nələrdir?

- Hər aparıcının öz üslubu, səs tembri, diksiyası var. Bunlar məndə də özünəməxsusluğu ilə seçilir. Pis və ya yaxşı tərəflərini isə tamaşaçıların öhdəsinə buraxıram. Onlar bu barədə daha ədalətli qərar verə bilərlər.

- Hər gün əməl etdiyiniz gözəllik ritualını, yaxud gözəllik sirrinizi bizimlə bölüşərdiniz.

- Hər gün əməl etdiyim xüsusi bir ritual yoxdur. Efir gözəllik və səliqə sevdiyi üçün təbii ki, hər dəfə makiyaj etməlisən. Davamlı “ukladka”dan sonra üzün və saçın xüsusi qulluğa ehtiyacı olur. Şükürlər olsun ki, hələ belə bir problemlə qarşılaşmamışam. Amma saçımın sağlam və möhkəm olması üçün qabaqlayıcı tədbirlər görürəm. Saç və üz maskalarından istifadə edirəm.

- Aparıcıların qarderobunu ən çox pencəklər və ciddi geyimlər təşkil edir. Bəs gündəlik həyatda necə geyinirsiniz?

- Xəbərlərdə artıq qəbul olunmuş geyim üslubu var. Biz istəsək də, istəməsək də buna əməl etmək məcburiyyətindəyik. Düzünü desəm, qarderobumdakı ilk pencəyi xəbər aparıcısı olduğum vaxtdan etibarən almağa başlamışam. Bu vaxta qədər isə mən ümumiyyətlə, bu üslubda geyinmirdim. Amma indi fərqli üslublara müraciət edirəm. Necə geyinməyim gedəcəyim yerdən asılıdır.

“Gözəllik heç vaxt başa bəla deyil. Gözəl olmağı hansı qadın arzulamaz ki?!”

- Niyə görə xəbərlərdə mütləq ciddi üslubda olmalısan?

- Xəbər aparıcısının məqsədi tamaşaçının diqqətini xəbərə yönəltməkdir. Məhz buna görə, digər aparıcılardan fərqli olaraq biz bir qədər parıltılı aksessuarlardan və gecə makiyajından uzaq olmalıyıq. Tamaşaçıya məni boks əlcəyində, bayker kaskasında görmək, əlbəttə ki, maraqlı olardı. Amma bu mümkün deyil. Yeniliyi sevən biri kimi idman xəbərlərini aparsaydım bəlkə bunu da sınaqdan keçirərdim.

- Gözəl və cazibədar xanım olmaq hansı hallarda avantaj, hansı hallarda başa bəladır?

- Gözəllik heç vaxt başa bəla deyil. Gözəl olmağı hansı qadın arzulamaz ki?!

- Son zamanlarda Azərbaycanda intiharların sayı artıb. Bu məsələyə toxunmaq istərdim. 20 yaşlı bir qız zorlandığına görə, özünü yandırır. Sizcə, Azərbaycan xanımı bu qədər cılızdır ki, hüquqlarını qorumaq əvəzinə, özünü yandırmağı, intiharı seçir?.

- Bir nəfərin timsalında Azərbaycan xanımını cılız adlandırmaq düzgün olmazdı.

- Axı cəmiyyətimizdə bu cür düşünən qadınlar çoxluq təşkil edir. Həyat yoldaşı onu sevməsə, hətta döysə də, ailəsinin dağılmaması üçün hər şeyə dözür.

- Razıyam, bununla yanaşı bu gün Azərbaycanda öz hüquqlarını müdafiə etməyi bacaran xanımlarımız da kifayət qədərdir. Bu kimi halları sadəcə acizlik, savadsızlıq, zəiflik və cahillik adlandırardım. İnsan problemləri ilə üz-üzə gələ bilmir və intiharı asan yol görür.

“Xanımlara qarşı edilən şiddət cavabsız qalmır”

- Qadınlara qarşı edilən şiddət xəbərləri sizə nə düşündürür?

- Azərbaycan Respublikasının çox gözəl qanunları var. Hər bir insan da özlüyündə yaşadığı respublikanın qanunlarına uyğun hərəkət etməlidir. Əgər xanımlarımız öz hüquqlarını yaxşı bilsələr, hüquqlarının tapdalanmasına yol verməsələr, bu kimi hallar yaşanmaz. Düşünmürəm ki, qadınlara qarşı edilən şiddət cavabsız qalır.

- Sizdən müsahibə alacığımı deyəndə çoxları sizə heyran olduğunu və mütləq bu sualı soruşmağımı istədi. Belə gözəl xanımın həyatında kimsə varmı? Ailə haqqında düşünürsünüz, sevgililər gününü qeyd edəcəksinizmi?

- Sevib-sevilən insan üçün hər gün özəl və sevgililər günü olmalıdır. Hazırda həyatımda heç kim yoxdur, ona görə də sevgililər gününə hazırlaşmıram.

- Sevgidə bəxti gətirənlərdənsiniz?

- Bunu hələ deyə bilmərəm, gələcək göstərəcək.

- Ümumiyyətlə, qadın hansı yaşda ailə qurmalıdır? Üstəlik də gözəl, tanınmış və ağıllı qadındırsa...

- Hər kəsin öz alın yazısı və öz taleyi var. Öz xoşbəxtliyini hərə bir yaşda tapır. Kimisi 18 yaşında, kimisi də 28 yaşında ailə qurub xoşbəxt ola bilər.

- Kişilərlə necə yola gedirsiniz?

- Ümumiyyətlə, hər kəslə yaxşı yola gedirəm. Bunu cinsi kateqoriyaya ayırmaq lazım deyil. Əgər kimsə pislik edərsə, cavabını verə bilərəm.

- Dünyanın ən gözəl qadınlarına, yaxud modellərə nəzər salsaq çoxunun o qədər yaraşıqlı kişi ilə evlənmədiyini görürük. Amma cibləri “yaraşıqlıdır”, çoxu da milyonçudur. Belə kişilərlə ailə quran qadınların onların puluna deyil, daxili aləminə vurulduğunu demələri nə dərəcədə səmimi və inandırıcıdır?

- Bu barədə mən nə deyə bilərəm ki?

- Sevgidə xarici görünüş nə dərəcədə əhəmiyyətlidir?

- İnsanın daxili aləmi xaricindən daha əhəmiyyətlidir. İnsanın xarici görünüşü isə daxili aləmindən qaynaqlanır, üzündə əks olunur.

- Psixoloqa hansı hallarda müraciət etmək lazımdır?

- Vaxtında.

- Ümummiyyətlə, münasibətiniz necədir və heç psixoloq köməyinə ehtiyacınız olubmu?

- Buna ehtiyacım olmayıb, müraciət edənlərə isə normal baxıram. Ehtiyac duysam, mən də nə vaxtsa gedə bilərəm. Burda qəribə heç nə yoxdur.

- Necə istirahət edirsiniz, gücünüzü necə bərpa edirsiniz?

- Yaxşı istirahət üçün yaxınlarımın yanımda olması mənə yetir. Bu halda harada olmağımdan asılı olmayaraq, rahatlıq tapıram. Həmçinin musiqi ruhu dincəldən ən böyük qüvvədir. Bir yerdə heç cürə rahatlıq tapası bir şey yoxdursa, musiqi və kitab hər şeyi həll edir...

“İnsan məşhurluğunu itirsə olar, təki özünü itirməsin”

- Tanınmış insanlar xüsusən də, hər gün efirə çıxıb aparıcılıq edən insanlar müəyyən müddətdən sonra məşhurluğunu itirməkdən qorxur. Yaxşı pul təklif eləsələr, başqa işlə məşğul olmağa və efirdən uzaqlaşmağa razı olardınız?

- İnsan məşhurluğunu itirsə olar, təki özünü itirməsin. Yüksək gəlirli iş təklifləri çox olur, amma öz işimi heç nəyə dəyişmərəm.

- Şöhrət kişinin yoxsa, qadının pis vərdişlərini artırır?

- İnsandan asılıdır.

- Alida xanım dostlarına yaxınlarına qarşı hər zaman ədalətli olur?

- İnsanlara onlardan gördüyüm münasibəti göstərirəm. Dost dediyim insandırsa, əlbəttə ki, ədalətli davranıram.

- Yalan danışmayan insan yoxdur. Ona görə bizə kələk gəlməyin ki, yalan danışmırsınız. Səmimi olun və cavab verin: ən çox kimə yalan danışırsınız?

- Həyatı məsələlərdə heç vaxt yalan danışmıram. Xırda məsələlərdə hamı kimi yalan danışmaq məcburiyyətində qalanda danışıram. Ən çox yalan danışdığım kimsə yadıma gəlmir.

- Nəyə görə yalan danışmalı olursunuz?

- Kiminsə xətrinə dəyməmək, insanları ruhdan salmamaq üçün...

- Kitablarla aranız necədir?

- Əla. Boş vaxtım olan kimi kitabı oxumağa çalışıram. Gözümü açandan evdə kitab görmüşəm. Hələ biz uşaq olanda atam hansı ölkəyə gedərdisə, oradan bizə oyuncaq əvəzinə, kitab gətirərdi.

“Xəbər formatından çıxmaq fikrim yoxdur”

- Maraqlı uşaqlığınız olub ki.

- Hətta onların arasında elələri var ki, dilini bilmədiyim üçün indiyə kimi oxumamışam. Ailəmizin də şəxsi kitab arxivi var.

- Başqa veriliş, yaxud layihə düşünürsünüzmü?

- Ümumiyyətlə, xəbər formatından çıxmaq fikrim yoxdur. Amma bu yaxınlarda yenilik gözlənilir.

- Sizin üçün şokoladsız, yoxsa güzgüsüz qalmaq çətindir?

- Şokolad xoşbəxtlik gətirir, güzgü isə həyatımızın ayrılmaz bir hissəsidir. İkisi də mütləq olmalıdır. (Gülürük)

- Suallarımız sizi bezdirmədiki?

- Yox, xoş idi.

- Çox sağ olun.

- Buyurun.

AYTƏN
FOTO: NURON

Çəkilişdə göstərdiyi köməyə görə, "Günaydın" restoranına böyük minnətdarlığımızı bildiririk. Yaxşı dincəlmək və dadlı yeməklərdən zövq almaq istəyirsinizsə, bu məkana müraciət edin. Ünvan: Nərimanov rayonu, Xətai 51.
Telefon: (+994 12) 565-25-70, (+994 12) 565-25-71

Oxumağa davam et
Reklam
Reklam

Gündəm