SOS: Qız uşaqlarını cinsinə görə qırırlar! -ARAŞDIRMA
Bizi izləyin

Qadın

SOS: Qız uşaqlarını cinsinə görə qırırlar! -ARAŞDIRMA

Hər il dünyada ana bətnində abort yolu ilə 55 milyon körpə qətlə yetirilir

Musa Quliyev: “Doğulan uşaqların cinsi göstərir ki, Azərbaycanda da selektiv abort var”

Azərbaycanda nikah yaşı 18 olsa da, erkən yaşda ərə verilən qızların sayı ilə bağlı ciddi rəqəmlər var və bu, son illər artmaqda davam edir. Ölkənin bəzi bölgələrində qız uşaqları çox erkən yaşlarında – 15-16 yaşlarında ərə verilir. Amma ölkəmizdə bundan da dəhşətli və biabrıçı faktlar var. Bu, məktəbyaşlı qızların aborta məruz qalması və selektiv abort məsələsidir.

Dünyada abortun dəhşətli göstəricisi

Bu gün dünyada orta hesabla hər min qadına il ərzində 35 abort düşür. Abortların sayına görə ən aşağı göstərici Belçika, Hollandiya, Almaniya və İsveçrədədir. Burada il ərzində 1000 qadına 10 abort düşür. Digər Qərbi Avropa ölkələrində, ABŞ və Kanadada bu göstərici hər min qadına 10-23 abort arasında dəyişir. Bu sahədə ən yüksək göstəricilər Rumıniya, Vyetnam və Kubada qeydə alınıb. Bu ölkələrdə hər min qadına il ərzində 78-83 abort düşür. Təkcə Rusiyada hər il 1,6-1,7 milyon abort qeydə alınır

Hər il dünyada 50-55 milyon körpəni qətlə yetirirlər. Onların 20 milyonu qeyri-leqal abortların payına düşür, bu hal qadın ölümü hallarının artmasına da yol açır.

Qeyri-rəsmi statistika faciəvidir…

AŞ PA-nın Bərabər İmkanlar Komitəsinin hesabatında Azərbaycan, Gürcüstan, Almaniya və Ermənistanda doğuşdan əvvəl uşaqların cinsiyyətinin öyrənilməsi narahatçılıq doğuracaq həddə çatıb. Hesabata əsasən, Azərbaycan, Ermənistan və Almaniyada oğlan və qızların nisbəti 112/100, Gürcüstanda isə 111/100 təşkil edir.

Azərbaycanda abortların artmasını iqtisadi qeyri-stabillik və ailə gəlirlərinin azalması ilə əlaqələndirirlər. Rəsmi məlumatlara görə, hər il ölkədə 33 min abort edilir. Qadın Krizis Mərkəzində belə hesab edirlər ki, bu rəqəm qeyri-rəsmi məlumatlara görə, 150-200 min arası dəyişir. Mərkəzin müşahidələrinə görə, əsasən üçüncü uşaqların dünyaya gəlməsi məqbul sayılmır.

Digər tərəfdən, Azərbaycan ailələrində belə bir baxış hökm sürür ki, əgər birinci övlad qız olubsa, ikincisi mütləq oğlan olmalıdır. Əgər müayinə zamanı dünyaya gələcək ikinci uşağın da qız olacağı məlum olarsa, o halda mütləq əksəriyyət aborta üstünlük verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF də bu sahədə birgə monitorinq aparıblar. Dövlət Komitəsinin sədri Hicran Hüseynova da qadınların qız uşağı dünyaya gətirmək istəmədiklərini təəssüflə qeyd edir. Qız uşaqlarına belə münasibət gələcəkdə ölkəni demoqrafiq böhranla qarşılaşdıra bilər.

“Doğulan uşaqların cinsi çox şeyi deyir”…

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, selektiv abort barədə konkret statistika yoxdur: “Uşağın cinsinə görə abortlar qrafa ilə yazılmır. Sadəcə olaraq ya ananın arzusu ilə, ya da tibbi göstərişlə abort olunur. Amma doğulan oğlan uşaqlarının sayının və faizinin artması onu göstərir ki, burada selektiv abortların böyük rolu, əhəmiyyəti var. Bu isə həm də onunla bağlıdır ki, ultrasəs müayinəsi ilə uşağın cinsinin dəqiq təyin olunması artıq hamiləliyin 13-cü həftəsində mümkün olur. Halbuki Azərbaycan qanunvericiliyinə görə, hamiləliyin yalnız 12-ci həftəsinə bir tibbi göstəriş olmasa, ananın arzusu ilə abort etmək olar. Faktiki belə çıxır ki, 12-ci həftəyə qədər uşağın cinsini ya elə baxtagüman deyirlər, yaxud da olunan abortlar 13-cü həftədən sonra baş verir ki, bu da bir kriminaldır. Fakt odur ki, bu gün dünyanın əksər ölkələrində uşağın cinsinə görə müayinə aparılması qadağandır”.

Millət vəkili təklif edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna elə bir müddəa əlavə olunsun ki, uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılması xüsusi tibbi göstəriş olmadığı halda və yaxud da selektiv abortların aparılması qadağan olunsun: “Amma bir müddəa ilə iş bitməyəcək. Müəyyən addımlar atılmalıdır, çünki Azərbaycanda demoqrafik göstəricilər dəyişməyə başlayıb. Oğlanların sayı qızların sayını üstələyir. Artıq bir neçə ildən sonra biz ciddi problemlə üzləşə bilərik. Xaricdə də uşağın cinsinin yoxlanılması qadağandır, lakin istisna hallarda, məsələn, genetik xəstəliklər olduğu təqdirdə buna icazə verilir”.

Abortlardan necə qurtulmalı?

Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu gün kifayət qədər istər tibbi, istərsə də təbii təbabət yolu ilə müxtəlif üsullar var. Cəmi bir dəfə təbii yolla görülən tədbir qadını 5-6 ay hamiləlikdən qoruyur. Misal üçün, əgər qadın 3 qram zəfəran yesə, 7 ay müddətinə hamilə qala bilməz.

Ümumiyyətlə, həkimlər hamiləlikdən qorunmaq üçün ən güvənli üsul kimi uşaqlıqdaxili “spiral”ları məsləhət görürlər. Həkimlər “spiral”ları müxtəlif müddətə, yəni qadının öz istəyinə görə müəyyənləşdirirlər. Əgər yaxın 5 il müddətinə qadın hamilə qalmaq istəmirsə, 5 illik “spiral” götürə bilər ki, bu da 30-40 manata başa gəlir. Amma abortların qiyməti “spiral”a görə ödənilən pulla müqayisə edilə bilməz.

Tibbi dildə “mini abort” deyilən 1-2 aylıq rüşeymin məhv edilməsinə görə həkim-ginekoloq ən azı 50-60 manat tələb edir. Bu qiymət dölün böyüklüyü ilə bərabər böyüyür. Həkimlər pula görə hətta 5 aylıq körpəni də doğrayırlar. Bu xidmətə görə isə 100-150 manat pul tələb edilir.

Lalə Mehralı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm