Azərbaycanda Feministlər Hərəkatı yaradıldı
Bizi izləyin

Qadın

Azərbaycanda Feministlər Hərəkatı yaradıldı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Feminist Qadınlar Hərəkatı" İctimai Birliyinin təsis konfransı keçirilib.

Təsisçilər Sevinc Məmmədova və Asima Nəsirlidir.

Təşkilatın yaradılma məqsədindən danışan həmtəsisçilər bildirdilər ki, əsas məram qadınların hüquqi maariflənməsini və bu istiqamətdəki qanunların tənzimlənməsini təmin etməkdir.

Sevinc Məmmədovanın sözlərinə görə, qadın hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış onlarla QHT mövcud olsa da, əksəriyyəti müəyyən layihələr çərçivəsində və müəyyən müddətə kimi fəaliyyət göstərir:

"Mütəmadi fəaliyyət göstərən və qadın hüquqları sahəsində davamlı fəaliyyət göstərən, ölkənin bütün regionlarında fəaliyyəti təmin olunan bir qadın təşkilatının yaranmasına ehtiyac var. Bu ehtiyacı hiss edib təşkilat yaratmağa qərara verdik".

Digər həmtəsisçi Asima Nəsirli isə təşkilatın məqsədlərindən danışdı.

O qeyd etdi ki, Bakıda təsis edilməsinə baxmayaraq, təşkilatın bütün regionlarda şöbələri açılacaq:

"Qadın hüquqlarının qorunması sahəsində bütün ölkəni əhatə edəcək bir təşkilat kimi fəaliyyət göstərəcəyik".

Onun sözlərinə görə, bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətində qadınların sayı kişilərlə müqayisədə dəfələrlə azdır:

"Bəzi regionlarda sırf qadınlarla bağlı dövlət orqanlarında da kişilər əmək fəaliyyətinə cəlb edilir. Bəzi ərazi polis orqanlarında, prokurorluqda, sərhəd-buraxılış məntəqələrində, gömrük və vergi orqanlarında bir nəfər də olsun qadın çalışmır. Bu da qadın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Ümid edirik ki, biz hakimiyyətin bütün qolları ilə, habelə beynəlxalq təşkilatlar və yerli QHT-lərlə iş birliyinə və birgə layihələrin həyata keçirilməsinə nail ola biləcəyik".

Tədbirdə çıxış edən hüquq müdafiəçisi, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, "Şərq–Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, hüquqşünas Müzəffər Baxışov çıxış edərək təşkilata dəstək verəcəklərini bildirdilər. Çıxışçılar qeyd etdilər ki, qadın hüquqlarının müdafiəsi ancaq qadınların işi deyil, bu işə kişiləri də cəlb etmək lazımdır.

Təsisçilər son zamanlar artmış ailədaxili zorakılıqların səbəblərinin də qadın hüquqlarının pozulmasının nəticəsi olduğunu bildirdilər.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm