30 illik həsrətə son qoyulur, artıq Naxçıvan... - Deputat
Bizi izləyin

Qarabağ

30 illik həsrətə son qoyulur, artıq Naxçıvan... - Deputat

“Xalqımızın 30 illik intizarına şanlı ordumuzun apardığı 45 günlük müharibə son qoydu. Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında müqavilə tarixi qələbəmizdir və Ermənistanın kapitulyasiyasıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, müharibənin dayandırılması və işğalçının hərbi birləşmələrinin təqdim olunmuş qrafik üzrə torpaqlarımızı tərk eməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması deməkdir: “İmzalanmış bu müqavilədə Azərbaycanın diktə etdiyi bütün tələblər nəzərə alınıb. Ən əsası da odur ki, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq. Bu, Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. İmzalanmış müqavilə Naxçıvanı blokadadan çıxarır. Artıq Naxçıvanda bizim bütün kommunikasiyalar bərpa olunacaq, xalqımızın 30 il ərzində çəkdiyi əziyyət və iztirablara son qoyulacaq. Ümumiyyətlə, Ermənistanı dəmir yumruğumuz hesabına məcbur etdiyimiz bu məğlubiyyət Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla Naxçıvanı birləşdirir və bütöv bir Azərbaycan dünya xəritəsində parlayacaq. Cənab Prezident deyib ki, əgər müharibə başlanana qədər biz Ermənistanın müəyyən şərtlər daxilində danışıqlar masası arxasında oturmağına hazır idiksə, indi biz öz şərtlərimizlə düşməni masa arxasına oturmağa məcbur etdik. Müqavilədə Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı hər hansı bənd yoxdur. Bu o deməkdir ki, ermənilər Azərbaycanda bütün xalq kimi eyni və bərabərhüquqlu vətəndaşlar kimi yaşaya biləcəklər.

Dağlıq Qarabağda hazırda erməni mülki vətəndaşlarımız yaşayır. Ora azərbaycanlılar da qayıtmalıdırlar və bir yerdə, birgə yaşamağa başlayacaqlar. Xalqların birgə yaşayışı və təhlükəsizliyinin təmin olunması üçün regiona sülhməramlıların gətirilməsi nəzərdə tutulur. Sülhməramlıların tərkibində Türkiyənin də olması müqavilə şərtlərinin nəzərdə tutulmuş qrafik üzrə icrasına nəzarəti və məsuliyyəti artıracaq”.

Deputat qeyd edib ki, imzalanmış sülh müqaviləsi Azərbaycanın maraqlarına tam uyğundur və ərazi bütövlüyümüzün bərpası deməkdir: “Onu da qeyd etmək istəyirəm ki, Ermənistanın acı məğlubiyyəti bu ölkədə etiraz dalğasını genişləndirib. Müqavilə qüvvəyə minəndən sonra İrəvanda ermənilər hökumət binasına hücum edərək rədd olsun Paşinyan şüarları sələndirirlər. Hətta sosial şəbəkələrin erməni seqmentinin məlumatına görə, xalqın narazı kütləsi regionlardan paytaxta üz tutaraq kütləvi narazılıqlara başlayıb. Ermənistanı bu acınacaqlı günə salan şizofren Paşinyandır. Düşünürəm ki, ermənilər Paşinyan və onun ağılsız hökumətinin ömrünə son qoyacaq. Hesab edirəm ki, ermənilər özlərinə ağıllı, qonşuluq münasibətlərini və birgə yaşayışı dəyərləndirən, öz xalqının gələcəyini düşünən rəhbər seçəcək.

Möhtəşəm qələbəmiz münasibətilə xalqımızı təbrik edir, torpaqlarımız uğrunda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza daima xoşbəxtlik arzulayıram. Yaşasın müstəqil və əbədi Azərbaycan Respublikası! Yaşasın Ali Baş Komandanımız cənab İlham Əliyev! Qarabağ Azərbaycandır!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm