Bu razılaşma Ermənistan hərbi-siyasi rəhbərliyinin fiaskosudur - Deputat
Bizi izləyin

Qarabağ

Bu razılaşma Ermənistan hərbi-siyasi rəhbərliyinin fiaskosudur - Deputat

“Bu gün hər birimiz böyük sevinc, qürur içərisindəyik. Biz İkinci Qarabağ savaşını, Vətən müharibəsini qələbə ilə başa çatdırdıq, Ermənistanı sülhə məcbur etdik. Torpaqlarımızı addım-addım, qarış-qarış ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı ilə, xalqımızın birliyi və etimadı sayəsində, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti ilə əldə etdik. Bu, böyük qələbədir”.

Bunu Publika.az-a danışan millət vəkili Jalə Əliyeva deyib.

O bildirib ki, cənab Prezident bu addımları ilə strateji səbir, dönməz məqsədyönlülük, mümkünsüzü mümkün etmək nə demək imiş bunları bütün dünyaya isbat etdi: “Ölkə başçısı sadəcə yeni şərəfli tarix yazmır, həm də Azərbaycan tarixinin 200 illik axarını dəyişdirib. Əsgərlərimiz Azərbaycanın hərb tarixində mövcud olmayan şücaətləri, qəhrəmanlıqları və nailiyyətləri sərgilədi. Bunlar güclü iradə, dönməz qətiyyət sayəsində, hərb siyasətini dərindən bilmək sayəsində baş tuta bilərdi ki, bunu da əlbəttə, bütün dünya gördü, eşitdi. İmzalanan üçtərəfli razılaşma da birmənalı olaraq Ermənistanın məğlubiyyətinin sübutudur, onların öz məğlubiyyətlərini qəbul etməsinin sənədidir. Paşinyan çox söz deyə bilər. Hər zamankı kimi erməni xislətinə xas olan şəkildə hər hansısa əməli törədib, sonra onun arxasından qaçmaq kimi onların tarix boyu cəhdləri olub. Ermənilər bu müqavilə ilə bağlı da çox fikirlər səsləndirə bilərlər. Onların başqa yolları yoxdur”.

J.Əliyeva qeyd edib ki, bu gün bütün Ermənistan ayağa qalxıb, hakimiyyətdən tələb edirlər, ölən övladlarının tökülən qanlarının, aparılan bu çirkin siyasətin onlara vurduğu zərbənin cavabını istəyirlər: “Paşinyan da hər zamankı kimi dəqiq mövqe bildirməmək, qaçıb canını qurtarmaq məcburiyyətindədir. Bu razılaşma birmənalı olaraq Ermənistanın, onun hərbi-siyasi rəhbərliyinin fiaskosu, uğursuzluğu, məğlubiyyətidir. Azərbaycan bundan sonra daha böyük güc əldə edəcək, böyük imkanlarla özünün iqtisadi, hərbi, siyasi gücünü artıracaq. Yaxın günlərdə Kəlbəcər, Ağdam və Laçın tamamilə azad olunacaq. Kapitulyasiya ifadəsinin özü belə bu gün Ermənistanda böyük narahatlıq, həyəcan yaradır. Bu kapitulyasiyadan sonra ən keçilməz, ən kiçik sahələrimiz belə dövlətimizin nəzarəti altında olacaq. Qarabağda böyük inkişaf gedəcək.

Biz bütün o yıxılan, məhv edilən, barbarcasına yox edilən rayonlardakı, bölgələrimizdəki iqtisadiyyatımızı, tarixi-mədəni abidələrimizin, evlərimizin, təbiətimizin hər birini dirçəldəcəyik. O torpaqların hər bir hissəsinə üçrəngli bayrağımızı sancmaqla bütövlüyümüzü təmin edəcəyik. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz! Gözün aydın olsun, Azərbaycan, var ol, xalqım!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm