Bu, hərbçilərimizə verilən böyük dəyərin göstəricisidir - Deputat
Bizi izləyin

Qarabağ

Bu, hərbçilərimizə verilən böyük dəyərin göstəricisidir - Deputat

“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin göstəricisidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad olunması rəşadətli ordumuzun, əsgər və zabitlərin qanı bahasına başa gəlib və onların əməyinin dövlət rəhbəri tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizdə hərbçilərə olan inamın, dəstəyin ifadəsidir: “Ordumuzun müasir texnologiyalara malik silahlarla silahlanması itkilərimizi dəfələrlə azaldıb. Düşmənin verdiyi canlı qüvvə və texniki itkiləri bizdən dəfələrlə çoxdur. Təbii ki, bu qələbəni bizə yaşadan, hərbi texnikaları işlədən və düşmənlə hətta əlbəyaxa döyüşən əsgər və zabitimizdir. Vətən müharibəsində ordumuzun heyətinin bir məqsədi olub və bir amal ətrafında birləşib. Məhz belə birlik və vətən torpağına olan əvəzolunmaz sevgi böyük qələbəyə imza atmağımızı şərtləndirib”.

A.Badamovun sözlərinə görə, qələbənin reallaşması Ali Baş Komandanın verdiyi döyüş tapşırıqlarını əsgər və zabitlərimiz tərəfindən öz canından üstün tutması sayəsində mümkün olub: “Ali Baş Komandanın öz əsgərinə və zabitinə olan böyük sevgisi mübarizəmizi sarsılmaz edib. Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşanın azad olunması ilə bağlı qələbə xəbərini Şəhidlər Xiyabanını ziyarət edərək oradan səsləndirməsi və böyük qələbə xəbərini ilk olaraq hospitalda müalicə alan yaralı hərbçilərimizlə bölüşməsi əsgər və zabitimizə verilən böyük dəyərin göstəricisidir. Görüşdə müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və bütün şəhid ailələrinin evlə təmin olunacağını, öz fədakar oğullarını torpaqların işğaldan azad edilməsi üçün cəbhəyə göndərmiş ailələrin sosial məsələlərinin həllində dövlətin hər zaman yanında olacağını Prezidentin qeyd etməsi əsgər ailəsinə olan dövlət qayğısının ən gözəl nümunəsidir. Müharibədə yaralanan bütün hərbçilərimiz dövlət tərəfindən yüksək səviyyədə müalicə olunacaq, onların işlə təminatı məsələsi isə dövlətin nəzarətində saxlanılacaq”.

Deputat əlavə edib ki, Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bu qələbəmizi daha inamlı və dönməz edib: “Türkiyə bütün dünyaya sübut etdi ki, Azərbaycan tək deyil və onun arxasında böyük güc dayanıb. Müharibənin 44 günündə hər gün ölkəmizə xaricdən böyük təzyiqlər oldu. Bu təzyiqlərin dəf edilməsi və qələbəyə inamla addımlamağımızı təmin edən ölkə başçımızın güclü siyasi iradəsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman Azərbaycanın yanında olaraq dünyaya sələndirdiyi mesajları olub. Düşmən Azərbaycanın rəşadətli ordusu qarşısında ram olundu və bizim bütün şərtlərimizi qəbul edərək kapitulyasiya imzalamağa məcbur oldu. Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Soydaşlarımızın üzərindən məcburi köçkün adı götürüldü. Azad olunmuş ərazilərimizdə ən qısa zamanda həyat qurulacaq və Azərbaycan daha firavan, güclü ölkəyə çevriləcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm