Ermənistanla yanaşı, dünya erməniliyi də təslim oldu - ŞƏRH
Bizi izləyin

Qarabağ

Ermənistanla yanaşı, dünya erməniliyi də təslim oldu - ŞƏRH

“Bütün dünya noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsini və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını müzakirə edir, sülhün kimə nə verəcəyi haqqında diskussiyalar aparılır. Ali Baş Komandanın rəhbərliyi, müzəffər ordumuzun qüdrəti sayəsində Dövlət Bayrağı Gününə ən böyük təbrik kimi noyabrın 8-də Şuşamız işğaldan azad edildi. Ordumuzun İkinci Qarabağ müharibəsindəki zəfər yürüşünün məntiqi davamı olaraq həmin andan “Şuşa kimdədirsə, o da Qarabağa nəzarət edir” prinsipi işə düşdü”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, Dövlət Bayrağı Günündə İkinci Qarabağ müharibəsinin getdiyi günlər ərzində rekord sayda yaşayış məntəqəsinin işğaldan azad olması xəbərinin ardınca böyük qələbəmizin sorağı gəldi: “Diplomatik yolla qalan torpaqlarımızın da işğaldan azad olunmasına nail olunub. Proses dekabrın 1-nə qədər davam edəcək və qalan torpaqlarımız da azad olunacaq. Erməni tərəfinin işlətdiyi ifadələrlə desək, bu saziş Ermənistanın kapitulyasiyasının qaçılmaz reallığıdır. Azərbaycan Ordusu bu şanlı zəfəri ilə uzun illər boyu formalaşan “yenilməz erməni” mifini darmadağın edib, torpaqlarımızı işğaldan azad etdi. Qarabağ uğrunda müharibə xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsinə, Vətən müharibəsinə çevrildi və bu savaşda siyasi, etnik mənsubiyyətindən, dünyagörüşündən, yaşından asılı olmayaraq uşaqdan böyüyə hər kəs yumruq halında birləşib, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında əlindən gələni etdi. Biz İkinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldıq. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni həmin anda rəsmiləşdirə bildi və bu əsasda hərbi sahədə olduğu kimi, diplomatiya masasında da qələbə qazandı”.

Ə.Məsimlinin sözlərinə görə, ölkəmizin bu qələbəsi ilk növbədə qürur, şərəf, mənlik, ləyaqət məsələsidir: “Bu qələbə hər bir dövlətin həsəd apara biləcəyi bir birliyin və Ali Baş Komandan ətrafında yumruq kimi birləşmiş bir xalqın çox möhtəşəm tarixi qələbəsidir. Bu şərəfli qalibiyyətin nəticəsinə görə, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, məcburi köçkünlər öz yurdlarına dönür, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqələri bərpa olunur, Ermənistan Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməli olacaq və s. Bu qələbənin Azərbaycan üçün, region üçün, həm də dünya üçün özünəməxsus əhəmiyyəti var.

Birgə bəyanatın sülhməramlılar kimi rus hərbi birləşmələrindən ibarət olması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Bunun bir sıra obyektiv, subyektiv, psixoloji, emosional və s. tərəfləri olduğundan, təbii qarşılanmalıdır. Ancaq Türkiyənin həmin prosesin mərkəzində olması bu narahatlığı xeyli səngidir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri arasında imzalanmış Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına Birgə Nəzarət Mərkəzinin yaradılması haqqında memorandumun məzmunundan və bunun ardından iki ölkənin aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə nümayəndə heyətinin Türkiyədə görüşlərindən çıxış edərək demək olar ki, yeni sənədlər Azərbaycanın və müttəfiqlərimizin maraqlarını daha çox təmin etməklə mövqelərimizi daha da gücləndirəcək”.

Deputat vurğulayıb ki, Türkiyənin Qarabağda olması və həmin proseslərdə iştirakı sülhməramlılar məsələsi ətrafındakı narahatlığa münasibətdə onun da aradan qaldırılacağı baxımından çox şey deməkdir: “Qarabağ savaşında Azərbaycan təkcə Ermənistana qarşı yox, dünya erməni lobbisinə, onun ələ aldığı qüvvələrə, Ermənistanın havadarları və himayədarlarına qarşı da döyüşdü. Bu qədər böyük güc qarşısında rəşadətli Azərbaycan Ordusu öz şanlı qələbəsi ilə yeni reallıq yarada bildi. Təkcə Ermənistan deyil, dünya erməniliyi və onların havadarları da Azərbaycan qarşısında təslim oldu. Deməli, Azərbaycan artıq diktə olunan yox, diktə edən tərəfdir. 10 noyabr tarixli birgə sazişə əsasən, Rusiya və Türkiyənin birgə iştirakı məsələsi istiqamətində işlər davam edir. Sözsüz ki, bu qələbəmiz Azərbaycanın dostlarını sevindirdiyi kimi, müxtəlif miqyaslı anti-Azərbaycan qüvvələrə də təsir edəcək və Dağlıq Qarabağa status almaq, pasportun necə olacağı və sair məsələr ətrafında öz məkrli fəaliyyətlərini davam etdirəcəklər. Ona görə də bu davanın hərbi mərhələsi başa çatsa da, siyasi, diplomatik, informasiya savaşı hələ davam edəcək.

Döyüş meydanında qələbə əldə olunması ilə yanaşı, onun qorunub saxlanması, daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi üçün müharibə mərhələsində necə bir ola bildiksə, müharibədən sonrakı mərhələdə də həm ölkə daxilində, həm də qardaş Türkiyə və digər müttəfiqlərimizlə birliyimizi davam etdirməliyik ki, yeni mərhələdə də qələbə qazanaq. Azərbaycanımızın gələcəyi naminə bu möhtəşəm tariximizə bundan sonra da yeni-yeni uğurlu səhifələrin yazılmasını davam etdirməliyik. Cəbhədə qazanılan qələbə ilə siyasi və diplomatik masada Azərbaycanın gücünə daha çox güc qata, bölgəyə sülh, sürətli inkişaf və tərəqqi bəxş edə, bu qələbəmizin geosiyasi durumuna şəksiz təsir edəcəyi baxımından qlobal anlamda dünya üçün də əhəmiyyətini artıra bilək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm