Ermənilər məğlubiyyətlərinin əsl səbəblərini açıqladı - Füzuli və Hadrut belə azad edilib...
Bizi izləyin

Qarabağ

Ermənilər məğlubiyyətlərinin əsl səbəblərini açıqladı - Füzuli və Hadrut belə azad edilib...

Erməni qoşunlarının Qarabağdakı hərbi məğlubiyyətinin acısı diqqəti müdafiənin təşkilində aşkar səhvlərdən yayındıra bilməz.

Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” nəşri erməni hərbi birləşmələrinin Qarabağdakı məğlubiyyətlərinin onlara aşkar olan səbəblərindən ibarət məqalə dərc edib.

Məqalədə bildirilir ki, Şuşa qalasını və şəhəri itirmək, Laçın dəhlizinin mühasirəyə alınması Qarabağdakı erməni qoşunlarının bütövlükdə qaçılmaz şəkildə məhv edilməsi demək idi. Müharibə məhz bu anda dayandırıldı.

Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri xatırladılıb: “Şuşa ilə yanaşı, ətrafdakı 7 bölgəni də Azərbaycana verməyə razı olsaq, müharibədən qaça bilərdik. Ancaq buna razı olmaq istəmirdik. Ermənistan hökuməti, Ermənistan silahlı qüvvələri, “Artsax” müdafiə ordusu bu çağırışı qəbul etdi və döyüşdü”.

Bildirilir ki, bu bəyanat, ilk növbədə, öz qüvvələrini həddən artıq qiymətləndirməyin və düşmənin imkanlarını kiçiltməyin nümunəsidir və bu, dövlət başçısı üçün bağışlanmaz səhvdir.

“Rusiya Prezidenti Vladimir Putinə görə, münaqişə bölgəsində qurbanların sayı döyüşlər nəticəsində 4 min nəfəri keçib, 8 mindən çox adam yaralanıb, müxtəlif mənbələrə əsasən, qaçqınların sayı 10 minlərlədir. Ermənistan hərbi-siyasi rəhbərliyinin strateji səhvinin qiyməti çox yüksək deyilmi?”, - məqalədə qeyd olunur.

Fəlakətli qeyri-müəyyənlik

“Erməni tərəfinin məğlubiyyəti heç vaxt uğur gətirməyəcək səhv strategiya və taktikalar səbəbilə baş verib və bu strategiyalar döyüş meydanında düşmən güllələri və mərmilərindən daha təhlükəli vəziyyət yaradır. Ermənistan müdafiə naziri David Tonoyanın fikrincə, erməni ordusu Qarabağda “maksimum” hərəkət edib. Bəs onda niyə düşməni 28 il ərzində hazırlanmış müdafiə mövqelərində saxlamaq mümkün olmadı? Ermənistan rəhbərliyinin iddia etdiyi kimi döyüş meydanındakı Türk pilotsuz təyyarələrin, həmçinin “bir neçə min” suriyalı muzdlunun iştirakı ilə sistemli məğlubiyyətin izahı yarımçıq və hətta zəif görünür. Ümumi səfərbərliyin nəticələrinə belə toxunmadan deyə bilərik ki, 45 min fəal hərbçidən ibarət olan Ermənistan ordusu ilə iki min ərəb muzdlunu müqayisə etmək gülüncdür.

Dağlıq Qarabağ ordusunda 30 min “süngü”, 300 tank, bir neçə yüz piyada döyüş maşını və zirehli piyada daşıyıcısı yox idi. 40 günlük ümumi səfərbərlikdən sonra 9 noyabrda üçtərəfli bəyanat ictimaiyyətə açıqlanana qədər Qarabağda 20 min erməni əsgəri olub (Paşinyanın açıqlamasına görə). Və təəssürat belədir ki, erməni tərəfinin müdafiə planı olmayıb. Vəziyyətə görə hərəkət ediblər. İlk günlərdə kəşfiyyat Azərbaycan Ordusunun niyyətləri barədə dəqiq məlumata sahib olmayıb. Təmas xəttindəki erməni qoşunları passiv şəkildə müdafiə qurub. Azərbaycan qoşunları canlı qüvvədə nəzərəçarpan üstünlüyə malik olmayıb. Əməliyyatda təxminən 30 min nəfər iştirak edib, eyni zamanda bütün istiqamətlərdə fəal qalıblar.

Cənub istiqamətində güclü zərbə müşahidə edilməyib, əməliyyat-manevr qrupları və diversiya dəstələrindən istifadə olunmayıb. Buna baxmayaraq, Azərbaycan qoşunları burada effektiv döyüş komandanlığı, idarəetmə sisteminin və mobil ehtiyatların olmaması səbəbindən geri oturdulmayacaq şəkildə sıçrayış edib. Azərbaycan Ordusu Füzuli və Hadrut qəsəbəsini ələ keçirib, Qarabağa silah-sursat və zəruri ehtiyatların tədarükü üçün nəqliyyat yollarını bağlayıb (istənilən müharibənin nəticəsi 90% maddi-texniki bazadan asılıdır)”, - məqalədə bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm