Politoloq - Fransa ilə bağlanan bütün müqavilələr ləğv oluna bilər
Bizi izləyin

Qarabağ

Politoloq - Fransa ilə bağlanan bütün müqavilələr ləğv oluna bilər

“Fransa senatının noyabrın 25-də qondarma qurumun tanınması ilə bağlı qətnaməni müzakirəyə çıxarması beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransanın üzərinə götürdüyü öhdəliklərə tamamilə ziddir. Bundan əvvəl də Fransanın ayrı-ayrı şəhər və əyalətləri eyni addımı atmağa cəhd göstərib, guya qondarma qurumun hansısa subyektləri arasında müqavilələrin imzalanma prosesi baş verib. Bu müqavilələrin 14-ü Fransa məhkəmələri tərəfindən ləğv edilib. Eyni zamanda Fransa senatının da belə bir hüququ yoxdur”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, xarici siyasət məsələləri Fransanın bilavasitə xarici siyasət idarəsinin nəzarətindədir:

“Eyni zamanda icra strukturları və prezident tərəfindən atıla biləcək addımdır. Senat belə bir qərar qəbul etmək imkanına malik deyil. Bütün hallarda bu qərarların ortaya çıxarılması suverenlik və ərazi bütövlüyü prinsipinə ziddir. Fransa bu prinsiplər uğrunda öz maraqlarından çıxış edən mövqelər sərgiləyir, ərazi bütövlüyü məsələlərinə münasibətdə bilavasitə revanşist siyasət yürüdüb. Bununla bağlı çoxsaylı faktlar var. Məsələn, 1870 və 1871-ci illərdə Fransa-Prussiya müharibəsi nəticəsində Almaniya Fransanın Elzas və Lotaringiya vilayətlərini işğal etməsi ilə özünə birləşdirmişdi. Fransa uzun illər bununla razılaşmadı, faktiki olaraq bu, Fransanın milli ideologiyasının təməl hissəsinə çevrildi. Fransa məktəblərində bununla bağlı xüsusi dərslər keçirildi, xətirələrində həmin ərazilər qara rəngdə verilmiş, eyni zamanda abidə ucaldılmışdı. Uzun illər boyu abidənin qarşısında işğal əleyhinə etiraz aksiyaları keçirilirdi.

Bir çox tarixçilər elə hesab edir ki, Birinci Dünya müharibəsinin səbəbkarı Fransanın özüdür, Fransanın məhz bu siyasətinin nəticəsində müharibə baş tutdu. Müharibədən sonra həmin ərazilər Fransaya qaytarıldı və bu, ölkənin tarixi qələbəsi kimi xüsusi qeyd olunur. Fransa tarixində oxşar hadisələr çoxdur. Nəinki özünün, hətta müstəmləkəçisi olduğu ölkənin ərazilərinin də hansı hissəsinin güzəştə getməməsi ilə bağlı müvafiq addımlar atıb. Fransa bu gün də müstəmləkəçi ölkə sayılır, vaxtı ilə işğal etdiyi ərazilərdən hələ də əl çəkməyib. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, proteraktlığını həmin ərazilər üzərində qoruyub saxlayır. Belə olduğu təqdirdə Azərbaycanın qanuni əraziləri olan Xankəndi və ermənilərin kompakt yaşadığı digər yerlərin Ermənistana verilməsi haqqında müvafiq iddiaların müzakirə predmetinə çevrilməsi tamamilə yolverilməz haldır.

ATƏT-in Minsk Qrupunun həmsədri missiyası dəfn olunsa da, Fransanın belə bir addım atmasının təbii ki, hüquqi əsasları yoxdur. Bütövlükdə bu gün kimlərinsə Dağlıq Qarabağa statusun verilməsi ilə bağlı səsləndirdiyi fikirlər heç bir əsası olmayan mülahizələrdir. Çünki Azərbaycan 1991-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv edib. Ölkəmizin BMT üzvlüyünə qəbul edilməsi 1992-ci ildə baş verib. 1992-ci ildə Azərbaycan indiki strukturları və inzibati ərazi bölgüsünə uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumu olmadan BMT-yə üzv olub. Azərbaycanın bu inzibati bölgüsü, sərhədləri və ərazi bütövlüyü BMT tərəfindən tanınıb. Eyni zamanda Fransanın özü də məhz bu çərçivədə Azərbaycanın müstəqilliyini tanıyıb. İndiki şəraitdə hansısa əlahiddə Dağlıq Qarabağdan danışmağın heç bir hüquqi əsası yoxdur, bu, əllaməçilikdən başqa bir şey deyil və Fransanın ermənilərin maraqlarından çıxış etdiyini sübuta yetirir. Çox güman ki, Fransanın indiki hakimiyyəti və onun rəhbərlik etdiyi partiya 2022-ci ildə keçiriləcək seçki prosesinə indidən hazırlaşmağa başlayıb və erməni diasporunun səsi uğrunda mücadilə aparır. Bu cür qəbildən olan qərarlar hətta edilsə belə, hüquqi əsası yoxdur, sadəcə dünyada separatizmin və terrorizmin stimullaşdırılmasına, dəstəklənməsinə xidmət edən addımlar kimi dəyərləndirilə bilər”.

Elçin Mirzəbəyli istisna etmir ki, Fransanın bu addımı Azərbaycanla gələcək münasibətlərinə birbaşa təsir edəcək:

“Fransa ilə bağlanan bütün müqavilələr ləğv oluna bilər. Tək Azərbaycan tərəfindən yox, eyni zamanda Azərbaycanın ədalətli mövqeyini müdafiə edən dövlətlər də Fransaya qarşı eyni mövqedən yanaşacaqlar. Bu gün Fransa özünü Avropa İttifaqının əsas təmsilçilərindən biri kimi göstərsə də, qlobal miqyasda güc mərkəzi kimi çıxış etmək üçün nə potensialı, nə siyasi iradəsi, nə də güclü ideri var. Emmanuel Makronun dünyaya təqdim etdiyi Fransa aqressiv, beynəlxalq hüquqa sayğı duymayan və heç bir gücü olmayan bir Fransadır. Bu baxımdan qəbul ediləcək istənilən qərar Azərbaycan-Fransa münasibətlərinə təsirsiz ötüşməyəcək. Bir ölkə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öhdəliklərini pozursa, belə bir etimadsız dövlətlə hər hansı müstəvidə əməkdaşlıq etməsinin heç bir mənası və faydası yoxdur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm