Fransa Senatı bu barədə ciddi düşünməli idi - ŞƏRH
Bizi izləyin

Qarabağ

Fransa Senatı bu barədə ciddi düşünməli idi - ŞƏRH

“Bu gün Azərbaycan parlamentində Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı xüsusi bəyanatın hazırlanması və hökumətə tövsiyə edilməsi tamamilə adekvatdır və hüquqa əsaslanır”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bəyanatda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı səsləndirilən fikirlər, bu ölkənin Senatının qəbul etdiyi 145 saylı qətnamədən əvvəl həm də Fransa rəsmilərinin ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirmələrinə etirazdır: “Görünür, Fransada bir qrup siyasi avantürist var ki, onlar bu ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirməyə çalışırlar. Ancaq bununla yanaşı, unutmaq olmaz ki, məlum qətnaməyə 305 senator səs verib. Bu, özlüyündə bir göstəricidir və Fransa Senatının hansı siyasi əhval-ruhiyyədə olduğunu bildirir. Ona görə də Azərbaycan bu cür aqressiv mövqeyə mütləq münasibət bildirməli və haqqı olanı tələb etməlidir. Milli Məclis də məhz bu addımı atdı, ermənidən artıq erməniçilik edən ölkənin Senatına bildirdi ki, sizin qərar sadəcə kağız parçasıdır və yalnız Fransa xarici siyasətinin və demokratiyasının özünüifşasına xidmət edir. Belə bir ölkənin isə beynəlxalq hüquqdan danışmağa və onun tələblərinin həyata keçirilməsini iddia etməyə, ya da hansısa vasitəçilik missiyasını yerinə yetirməyə mənəvi-hüquqi haqqı yoxdur”.

H.Babaoğlu qeyd edib ki, biz artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi təqdim olunan termini siyasi-diplomatik leksikondan çıxarmışıq: “Çünki qan tökərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bununla da beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmişik. Ermənistanı Dağlıq Qarabağ adında heç bir qurumu tanımadığı sənədə qol çəkməyə məcbur etmişik. Bu isə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Fransanın səs verdiyi qətnamələrin icrası, rəsmi olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir. Ona görə də Azərbaycanın əleyhinə hər hansı addım atarkən Fransa Senatı bu barədə ciddi düşünməli idi. Azərbaycan bundan sonra da onun maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm