Aydın Hüseynov: "İtaliya şirkətlərinin Qarabağa investisiya qoyması mühüm addımdır"
Bizi izləyin

Qarabağ

Aydın Hüseynov: "İtaliya şirkətlərinin Qarabağa investisiya qoyması mühüm addımdır"

"Dağlıq Qarabağ və bütövlükdə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın böyük tarixi, mənəvi və qürur qələbəsidir. Torpaqlarımızın işğaldan azad olunması bütün mənəvi dəyərlərimizlə yanaşı ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivlərində çox mühüm rol oynayır. Birinci növbədə ona görə ki, sözügedən rayonlarımız çox böyük iqtisadi potensiala malikdir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O, bildirib ki, ölkəmiz üçün geniş imkanlar açırılır:

“Həm sənaye, həm kənd təsərrüfatı, həm də turizmin inkişaf etdirilməsi istiqamətində böyük layihələr həyata keçiriləcək. Digər tərəfdən Naxçıvanla qərb rayonları arasındakı kommunikasiyaların, eləcə də bütün regiondakı kommunikasiyaları bərpa olunması Azərbaycanın həm iqtisadiyyatına, həm də regiondakı önəmli nəqliyyat və logistika texnologiyalarına başlamasını təmin edəcək".

"İşğaldan azad olunmuş rayonlarımızda birinci növbədə çox böyük abadlıq və quruculuq işləri həyata keçiriləcək. Yolların çəkilməsi, sosial infrastrukturların bərpa olunması, yenidən qurulması, eləcə də yaşayış məskənlərinin salınması nəzərdə tutulub. Böyük xammal ehtiyatlarımızın mövcud olduğu ərazilərdə xarici şirkətlərin iştirak etməsi bütövlükdə ölkəmizin iqtisadi strategiyasını tamamlayır. Çünki aparılan iqtisadi strategiyanın əsasında ölkəyə investisiyaların cəlb olunması və qarşılıqlı şəkildə əməkdaşlığın həyata keçirilməsi deməkdir. Bu da bizə bir daha onu deməyə əsas verir ki, prezident İlham Əliyevin uzun illər apardığı iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşlarının maraqları durur. İqtisadiyyatın daha da güclü olması üçün qarşıda duran əsas məsələlər Azərbaycandakı mövcud potensialın inkişaf etdirilməsi və investorların cəlb olunmasıdır. Bu sahədə atılan addımların bariz nümunəsi kimi biz İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsini və Qarabağda müəyyən sahələrdə investisiyalar qoymasını mühüm addım kimi qiymətləndiririk. Bu, həm ölkə iqtisadiyyatının bəhrələnməsinə, həm də İtaliya ilə Azərbaycan dövləti arasında iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Həm də iki ölkənin eyni siyasi platformadan çıxış etdiyinin bariz göstəricisi olacaq”, - A.Hüseynov əlavə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm