Azərbaycana qarşı atılan hər bir addım Ermənistanın zərərinə olacaq - Şərh
Bizi izləyin

Qarabağ

Azərbaycana qarşı atılan hər bir addım Ermənistanın zərərinə olacaq - Şərh

"Rusiya sülhməramlıları tərəfindən 10 noyabr tarixli birgə bəyanatda müəyyənləşdirilmiş hüdudları pozaraq xəritələrlə manipulyasiya edilməsi və Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularının əsgərlərimizə, eyni zamanda mülki şəxslərə hücumu nəticəsində ölən və yaralananların olması Azərbaycan cəmiyyətində ciddi narahatlıq, narazılıqla qarşılanıb".

Bu sözləri Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu hal eyni zamanda təəssüf hissi doğurur. Politoloqun sözlərinə görə, sülhməramlı missiyanın vəzifə və funksiyalarının beynəlxalq qanunvericilik və birgə üçtərəfli bəyanatla tənzimləndiyi halda, Rusiya sülhməramlılarının qeyri-real və düzəlişə ehtiyacı olan xəritə cızaraq dövriyyəyə buraxması göstərir ki, Rusiya öz öhdəliklərini açıq-aydın pozur: "Cəmiyyətimiz haqlı olaraq sual edir ki, Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verir? Bu haqlı narazılığı əsas götürərək sülhməramlılar fəaliyyətlərini öz öhdəliklərinə uyğun qurmalıdırlar. Azərbaycan istər Rusiya sülhməramlılarına, istərsə də erməni tərəfinə bu cür hallar yaşandığı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə nəzarət Azərbaycan tərəfindədir. Yenə də eyni hallar təkrarlanarsa, Azərbaycan tərəfi adekvat addımlar atacaq".

Ş.Həsənova qeyd edib ki, bütün bunlarla yanaşı o məqam da vurğulanmalıdır ki, cəmiyyətimiz müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırdığını, Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu bildiyi üçün Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi ilk gündən Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı: "Bu, çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb oldu ki, bu barədə də Rusiyanın məlumatı var. Bu cür hadisələr cəmiyyətimizdə onlara olan müəyyən etimad limitini ciddi surətdə yaralayır. Rusiyada müəyyən dairələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə həyata keçirdikləri planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Əgər həmin dairələr bir tərəfdən Zəfər paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi texnikanın Azərbaycan Ordusu tərəfindən götürüldüyünü, ya da məhv edildiyini həzm edə bilmirsə, onların ikinci qıcığına səbəb olan məqam paradda Ərdoğanın iştirakıdır".

Politoloq əlavə edib ki, bu gün Rusiyadakı müəyyən qüvvələr başqa ölkələrə tətbiq etdikləri ssenari üzrə ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının ölkəyə girişinə süni əngəllərlə mane olmağa çalışırlar: "Heç şübhəsiz ki, cəmiyyət bütün bu halları dərk edir ki, bu da öz növbəsində ölkəmizdə anti-Rusiya meyllərinin daha da güclənməsinə imkan yaratmaqla bərabər, Rusiyanın ölkəmizdəki imicinə də zərbədir. Rusiyadakı müəyyən dairələr anlamalıdırlar ki, bizə qarşı atılan hər bir addım Ermənistanın zərərinə olacaq. Bu səbəbdən də Rusiya həm sülhməramlı missiyanın həyata keçirilməsində, həm də bölgədəki fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm