Kəlbəcərin işğalı günü doğulan şəhidim...
Bizi izləyin

Qarabağ

Kəlbəcərin işğalı günü doğulan şəhidim...

Atəş Yusif oğlu Aslanov: Azərbaycan Böyük Vətən müharibəsinin şəhidi…

Atəş 1993-cü il aprel ayının 1-də Tovuzun Çeşməli elinin Məşədivəlilər kəndində doğulub. Atəş doğulanda Qarabağda atəş vardı. Onun bu dünyada keçirdiyi ilk günlərdə Kəlbəcər işğal edilirdi…

Bu işğal 27 il sürdü! Atəşin fiziki ömrü də!

Vətən torpaqları işğala düşən günlərdə doğuldu, Vətən torpaqları işğaldan azad olunan günlərdə şəhid oldu! Vətən kimi bir ömür! Vətəncanlı ömür!

İşğal atəşləri Vətənin başı üzərini alanda bu dünyaya gəldi, düşmən Ordumuzun atəşləri ilə darmadağın olan günlərdə isə o dünyaya getdi – əbədiyyətə!

Atəş Aslanov 2001-ci ildə Məşədivəlilər kənd orta məktəbinin I sinifinə daxil olub. 2004-cü ildən təhsilini rayonun Aşağı Quşçu kəndindəki İmran Bayramov adına orta məktəbində davam etdirib. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə həqiqi hərbi xidmətə gedən Atəş 2014-cü ildə hərbi xidməti şərəf və ləyaqətlə başa vurub.

2020-ci ilin iyulunda uğursuz Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində hücum cəhdindən sonra Tovuz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə gedərək, könüllü olaraq orduda xidmət etmək, işğalçılara qarşı döyüşlərə qatılmaq istədiyini bildirib.

Nəhayət, sentyabrda Azərbaycan Respublikası Prezidentinin qismən səfərbərlik elan etdikdən sonra ordu sıralarına qatılan Atəş işğalçılara qarşı əks-hücum əməliyatlarında fədakarlıqla iştirak edib. Azərbaycan Böyük Vətən Müharibəsində düşmənə adı kimi atəş saçan, atəş olan Atəş Fizuli rayonunda gedən döyüşlərdə, oktyabrın 27-də qəhrəmancasına şəhid olub.

Birinci həqiqi hərbi xidmətini şərəflə və ləyaqətlə başa vuran Atəş ikinci dəfə hərbi xidməti zamanı fiziki ömrünü şərəf və ləyaqətlə başa vurub…

Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hərbi qulluqçu Atəş Yusif oğlu Yusifov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, bu medala Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə layiq görülüb.

Atəş evli idi, bir övladı yadigar qalıb. Tanrı pənahında saxlasın!

Şəhidimiz Tovuzun Aşağı Quşçu kəndində torpağa tapşırılıb.

Tanrı qatında yeri uca olan şəhidlərimizin ruhu qarşısında əbədi ehtiramımız var.

RUHUN ŞAD OLSUN, ŞƏHİDİM!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm