Dilqəm və Şahbazın girovluqdan azad edilmə prosesi açıqlandı - - FOTO
Bizi izləyin

Qarabağ

Dilqəm və Şahbazın girovluqdan azad edilmə prosesi açıqlandı - - FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) tərəfindən əsir-girovluqdan azad edilmiş Azərbaycan vətəndaşlarına həsr edilmiş növbəti mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının katibi İsmayıl Axundov kütləvi informasiya vasitələri və ictimaiyyətin müraciətinin nəzərə alaraq, Ermənistan hərbçiləri tərəfindən girov götürülərək 6 il yarım saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də Vətən müharibəsində yaralı vəziyyətdə əsir götürülmüş Amin Musayevlə görüşün təşkil edildiyini deyib. Komissiya katibi xatırladıb ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb: "Hadisə baş verdiyi andan etibarən məsələ Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik diqqət mərkəzində olub. Cənab Prezident 2019-cu ilin dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin 2020-ci ilin fevral ayının 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BQXK-nın prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, gündəmdə olan “hamının-hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında yer almalıdır. Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşmış, separatçı Dağlıq Qarabağ rejiminin vasitəsi ilə məhkəmə şousu təşkil edilmiş, “Dövlət sərhədini pozma”, “casusluq” və s. kimi qondarma ittihamlarla 29 dekabr 2014-cü il tarixdə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” kəsilmişdi".

Qeyd olunub ki, ölkə rəhbərinin tapşırığı ilə Dövlət Komissiyası bu şəxslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş “hamının-hamıya” prinsipi çərçivəsində azad edilməsi barədə 2016-cı ilin aprel ayında BQXK-nın vasitəçiliyi ilə qarşı tərəfə təklif irəli sürüb: "Sonrakı prosesdə bu təklif BQXK ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupunun (BİQ) Almaniya, Rusiya və Gürcüstandan olan həmsədrləri – Bernhard Klazen, Svetlana Qannuşkina və Paata Zakeriaşvili ilə müzakirə edilib. 2018-ci ildə BİQ həmsədrləri Ermənistanda müzakirələr aparmış və üçüncü ölkələrin birində tərəflərin görüşünün keçirilməsi təklifi qəbul edilmişdir. Ancaq Ermənistan məsələni siyasiləşdirərək görüşdə separatçı Dağlıq Qarabağ rejiminin tərəf qismində iştirak etməsini təklif etmiş və bu səbəbdən görüş baş tutmamışdır. 2019-cu ilin sentyabr ayında Rusiya və Ukrayna arasında əsirlərin “hamının-hamıya” prinsipi əsasında azad edilməsi faktının beynəlxalq aləm, ATƏT-in Minsk qrupu ölkələri tərəfindən müsbət qarşılanması yeni bir situasiya yaratdığı üçün Dövlət Komissiyası Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha BQXK-nın diqqətinə çatdıraraq, vasitəçi olmasını xahiş edib. Lakin Ermənistan tərəfi yenə də məsələnin siyasiləşdirilməsi yolunu tutmuş və humanizmdən uzaq, absurd tələblər irəli sürərək danışıqları pozub. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 10 oktyabr 2020-ci il tarixli Moskva bəyannaməsindən, həmçinin, Azərbaycan Prezidenti, Rusiya Prezidentinin və Ermənistanın baş naziri 10 noyabr 2020-ci il tarixli Bəyanatından sonra BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Əli Nağıyev Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini təxirəsalmadan müzakirə edib. Komissiya sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müqabilində konkret təklif irəli sürüb və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, 6 il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb. 10 noyabr 2020-ci il tarixli Bəyanatın tələbinə uyğun olaraq, 14 dekabr 2020-ci il tarixdə Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses zamanı girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev də azad edilərək Vətənə qaytarılıb".

İsmayıl Axundov qeyd edib ki, yaralı vəziyyətdə əsir götürülmüş qazimiz Amin Musayev də bugünkü mətbuat konfransında iştirak edir: "Amin Musayevin əsir götürülməsi hadisəsi sosial şəbəkələrdə paylaşıldığı üçün Azərbaycan ictimaiyyəti onun üçün narahat oldu. Bu gün onun azadlıqda olması çox sevindiricidir. Dövlət Komissiyası adından Dilqəm Əsgərov, Şahbaz Quliyev və Amin Musayevi, onların ailə üzvlərini təbrik edirik".

Sonra söz əsir-girovluqda beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə ətraflı məlumat vermələri üçün Dilqəm Əsgərov, Şahbaz Quliyev və Amin Musayevə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm