Bu işlər mərhələli şəkildə reallaşacaq - Aydın Mirzəzadə
Bizi izləyin

Qarabağ

Bu işlər mərhələli şəkildə reallaşacaq - Aydın Mirzəzadə

“Sakinlərimizin işğaldan azad olunmuş ərazilərə köçürülməsi ilə bağlı Prezident İlham Əliyev vaxtaşırı olaraq ictimaiyyətə geniş məlumat verir. İki gün əvvəl Nazirlər Kabinetinin iclasında da bu məsələ ilə bağlı ciddi tapşırıqlar verildi. Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri həmin ərazilərin təhlükəsizliyinin təmin edilməsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri həmin ərazilərə sistemsiz şəkildə minalar basdırıblar:

“Ermənistan minaların kartını Azərbaycan tərəfə verməkdən imtina edir. Digər tərəfdən partlamamış mərmilər böyük təhlükə yaradır. Bu baxımdan ərazilərin Türkiyə və Rusiya mina təmizləyiciləri ilə birlikdə intensiv şəkildə təmizlənməsi prosesi gedir. İkinci vacib məsələ işğaldan azad olunmuş torpaqların pasportlaşdırılmasının aparılmasıdır. Ermənistan oranı viran günə qoyub. Demək olar ki, salamat bina qalmayıb. Bu baxımdan orada kommunikasiyaların və yaşayış evlərinin nə vəziyyətdə olması ilə bağlı geniş məlumat toplanılır. Tarixi fakt kimi bütün bunlar barədə sənədləşdirmə işlərinin aparılması çox vacibdir. Hazırda layihə institutları işğaldan azad olunan zonalara magistral və kənd yollarının çəkilməsi, elektrik, qaz, kanalizasiya və su xətlərinin hazırlanması ilə bağlı layihələndirmə işlərini həyata keçirir. Bu işlər mərhələli şəkildə reallaşacaq. Həmçinin geri qayıdacaq şəxslərin siyahısı tərtib ediləcək, onların yaşayış yerləri ilə təmin edilməsi prosesinə başlanılacaq. Cənab Prezident bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verib. Hesab edirəm ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa edilən yaşayış məntəqələrinin açılışını etmək mümkün olacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm