Onlar gərək 44 günlük müharibəni unutmasınlar - Deputat
Bizi izləyin

Qarabağ

Onlar gərək 44 günlük müharibəni unutmasınlar - Deputat

“44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşdı və dövlətimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar ondan ibarətdir ki, ölkəmiz BMT-nin 4 qətnaməsinin hərbi-siyasi yolla həllini tapdırdı və 10 noyabrda imzalanan üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, bununla da Ermənistanın kapitulyasiyası elan edildi. Bundan sonrakı mərhələ isə yeni mərhələdir. Cənab Prezident də 6 yanvar müşavirəsində qeyd etdi ki, yeni reallığa uyğun addımlar atılmalıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, yeni addımlar həm də siyasi müstəvidə atılmalıdır və siyasi arenada biz əlaqələrimizi daha da möhkəmləndirməliyik: “Ümumilikdə 10 noyabr bəyanatına uyğun olaraq növbəti siyasi mərhələyə keçirik. Digər bir mərhələ isə yenidənqurmadır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız erməni vandalları tərəfindən tamamilə dağıdılıb, daş daş üstündə qalmayıb. Onlar təkcə xalqımıza qarşı deyil, yaşayış məntəqələrimizə, şəhər və kəndlərimizə, infrastruktura qarşı soyqırımı həyata keçiriblər. Buna görə də bu il Azərbaycanın qarşısında duran növbəti hədəf işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsidir. Bununla bağlı artıq Prezidentin iştirakı ilə bir sıra infrastruktur layihələrinə start verilib. Şuşaya magistral yolun, Ağdama dəmir yolunun çəkilməsi, elektrik və digər infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bu il də dövlət büdcəsindən 2 milyard 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da ilkin olaraq həmin ərazilərin bərpasına istiqamətlənəcək”.

C.Osmanov qeyd edib ki, bərpa və yenidənqurmaya qədər bizim digər vacib işlərimiz də var ki, bunlar təhlükəsizlik məsələləri və ərazinin minalardan təmizlənməsidir: “Bir neçə dəfə şahidi olduq ki, erməni ordusu darmadağın olduqdan sonra ordu qalıqları hansısa klanların əlində olaraq partizan hərəkatları həyata keçirirlər. Bunun qarşısı alınır və təhlükəsizlik tədbirləri təmin edilir. Bu gün Ermənistanda revanşist qüvvələr müxtəlif təxribat xarakterli bəyanatlarla çıxış edirlər. O cümlədən bir neçə gün bundan əvvəl Ermənistanın xarici işlər naziri qanunsuz olaraq Xankəndiyə səfər etmişdi. Cənab Prezident müşavirədə bu məsələyə xüsusi toxundu. Bu dəfə biz Xarici İşlər Nazirliyi səviyyəsində onlara ultimatum göndərdik, ancaq növbəti dəfə xəbərdarlığımız daha ciddi və sərt olacaq”.

Deputat əlavə edib ki, Ermənistan bu təxribatlarını davam etdirərsə, “Dəmir yumruq” öz qüvvəsindədir: “Onlar gərək 44 günlük müharibəni unutmasınlar. Ölkəmizin qarşısında hazırda hədəflər çoxdur. Prezident İlham Əliyev 6 yanvar müşavirəsində bu hədəflərin böyük hissəsini açıqladı. Hökumətin, ümumilikdə bütöv Azərbaycanın qarşısında duran vəzifələri müəyyənləşdirdi. Dövlətimiz 2021-ci ildə yeni reallığa uyğun olaraq öz uğurlu addımlarını atmağa davam edəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm