İşğal muzeylərində bunlar da nəzərə alına bilər – Tural Gəncəliyev
Bizi izləyin

Qarabağ

İşğal muzeylərində bunlar da nəzərə alına bilər – Tural Gəncəliyev

“Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə mülklərimizin, infrastruktur, nəqliyyat və başqa xətlərin bərpası ilə yanaşı, abidələrimizin, muzeylərimizin bərpası da çox əhəmiyyətlidir. Hesab edirik ki, həmin muzeylərdə keçmişdəki erməni vandalizminin gələcək nəsillərə bir xatirə kimi ötürülməsi bizim tarixi yaddaşımıza yazılması baxımından önəmlidir. Hətta cənab Prezidentin qeyd etdiyi kimi, ermənilərin viran qoyduğu şəhərlərimizin bir qismini olduğu kimi saxlamaq lazımdır”.

Bunu Publika.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev azad olunmuş bütün şəhərlərdə işğal muzeylərinin yaradılması ilə bağlı ölkə başçısının səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Millət vəkilinin fikrincə, bizim yaddaşımızda qalmalıdır ki, gələcəkdə ermənilərin mədəniyyətimizə, abidələrimizə qarşı hansı vandalizm aktları törətdiyini unutmayaq:

“Həmin vandalizmin hansı səviyyədə həyata keçirildiyini yaddan çıxarmamalıyıq. Əgər bizim bu kimi məsələlərlə bağlı təkliflərimiz olarsa, bunu işləyib təqdim edəcəyik. Eyni zamanda, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü kimi də bu məsələlərdə öz təkliflərimi, fikirlərimi həmkarlarımla bölüşəcəyəm. İşğaldan azad olunmuş ərazilərimizdə yaradılacaq muzeylərin böyük əhəmiyyəti olacaq. Bu, bizə dünyaya göstərmək üçün də lazımdır. Baxsınlar ki, işğal edilmiş ərazilərimiz hansı vəziyyətə düşüb. Bu muzeylər gələcəkdə də erməni işğalına yol verməmək, erməni vandalizminin qarşısının alınması ilə bağlı mühüm əhəmiyyətə malikdir”.

Tural Gəncəliyev həmin muzeylərin təkcə Azərbaycan dilində yox, bir neçə dildə fəaliyyət göstərməsi fikrinə də münasibət bildirib, əlavə edib ki, bu, çox yaxşı olardı:

“Biz bunu təkcə Azərbaycan auditoriyası üçün deyil, eyni zamanda xarici auditoriya üçün təqdim etməliyik. Xarici dillərdə də məlumatların olması çox yaxşıdır. 2019-cu ildə Los-Ancelesə getmişdim. Orada soyqırımı muzeyi var idi. Məsələn, bu tipli muzeylərdə Azərbaycan xalqına ermənilərin soyqırımı məsələsini səsləndirmək olar. Burada ermənilərin Xocalı soyqırımını törətməsini, 44 günlük müharibədə onların Gəncədə törətdiyi terror hadisələrini əks etdirmək lazımdır. Eyni zamanda, abidələrə qarşı soyqırımı məsələsi... Baxın, abidələrimizi, qəbiristanlıqlarımızı məhv ediblər. Şuşada mütəfəkkirlərimizin evlərini, ev muzeylərini dağıdıblar. Bu kimi məsələlərin hamısı nəzərə alına bilər”.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev azad olunmuş bütün şəhərlərdə memorial komplekslərlə, zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeylərinin də yaradılması ilə bağlı göstəriş verib. Prezident bildirib ki, bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunmalıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm