Azərbaycan nəhəng ölkələri birləşdirir - Ən qısa zamanda...
Bizi izləyin

Qarabağ

Azərbaycan nəhəng ölkələri birləşdirir - Ən qısa zamanda...

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvarda Moskvada gerçəkləşdirdiyi iclasda verilən qərarlar diqqətləri bölgədə yeni qurulacaq nəqliyyat xətlərinə çevirib.

Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun işğal altındakı əraziləri 44 günlük müharibə ilə azad etməsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə bölgə yeni nəqliyyat xətləri sayəsində artıq döyüş meydanından çıxaraq iqtisadi canlanmanın yaşanacağı prosesə daxil olub.

11 yanvarda əldə olunan razılaşmalar çərçivəsində ilk mərhələdə həm SSRİ dövründə salınan, lakin münaqişə səbəbilə dağılan dəmir yolu xətləri yenilənəcək, həm də yeni xətlər inşa olunacaq.

Bu layihələr həyata keçdikcə Azərbaycan Naxçıvan və Türkiyəyə, Rusiya Ermənistan və Türkiyəyə, Ermənistan isə Rusiya və İrana daha ucuz, sürətli və asan yol əldə edəcək.

Azərbaycan artıq ölkənin əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək yeni nəqliyyat xəttinin hazırlığına başlayıb.

Azərbaycanın paytaxt Bakıdan Füzulinin Horadiz qəsəbəsinə qədər dəmir yolu xətti, onsuz da, işlək vəziyyətdədir. Bu xəttin Horadizdən Ermənistan sərhədinə qədərki hissəsinin bəzi bölmələri Ermənistanın işğalı dövründə dağıdılıb. Bəzi bölmələri isə anbarın suları altında qalıb. Dolayısı ilə Horadizdən Naxçıvanın Ordubad rayonuna uzanan 166 km-lik yeni dəmir yolu xətti inşa olunacaq.

Xəttin Ermənistandan keçəcək 43 km-lik hissəsinin inşası üçün Azərbaycan ilə Rusiya birgə işləyəcək. Azərbaycanın Ermənistan ilə yox, Rusiya ilə razılaşmasının səbəbi Ermənistan dəmir yolları mülkiyyətinin Rusiyaya aid olmasıdır.

Ordubaddan Naxçıvanın şimalında yerləşən Türkiyə, Ermənistan və İrana yaxın Vəlidağ stansiyasına qədərki 158 km-lik xəttində isə genişmiqyaslı təmir işləri görüləcək. Vəlidağda bitən xətt Ermənistanın sərhədinə qədər 14 km uzadılacaq.

Ermənistan sülh çağırışlarına cavab olaraq bu nəqliyyat xətlərinə töhfə versə, öz dəmir yolu xəttini Bakıdan Horadizə, Horadizdən Naxçıvana uzanan xətlə birləşdirə biləcək. Beləliklə, Ermənistanın Rusiya və İran ilə maneəsiz nəqliyyat xətti asanlaşacaq.

Bakıdan şimala uzanan dəmir yolu xətti işlək vəziyyətdədir. Rusiya ilə Azərbaycan arasında yük daşınmasının böyük hissəsi buradan təmin olunur. Ermənistan Naxçıvandan Bakıya qədər gələn dəmir yoluna bağlanaraq məhsullarını Rusiyaya göndərə biləcək. Rusiya da eyni xətt vasitəsilə Ermənistana, Türkiyəyə və İrana yükdaşıma həyata keçirəcək. İrana keçidlər Naxçıvanın Culfa stansiyasından olacaq.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın “bütün nəqliyyat xətlərinin açılması” maddəsi çərçivəsində Ermənistan İcevan-Qazax-Bakı xəttindəki mövcud dəmir yolu ilə Rusiyaya mal göndərə biləcək. Burada da Ermənistanın İcevan rayonu ilə Azərbaycanın Qazax rayonu arasındakı xəttin yenidən inşası vacibdir.

Dəmir yolu xətti ilə paralel olaraq eyni istiqamətlərdə quru yollarının çəkilməsi də müzakirə mövzusudur.

Eyni şəkildə Türkiyə və Azərbaycanın Qarsı Naxçıvana bağlayan dəmir yolu xətti layihəsi də var. Bu layihələrin hamısı həyata keçiriləndə Türkiyə və Rusiya arasında fasiləsiz dəmir yolu xətti təmin ediləcək.

Azərbaycan Naxçıvan xətti ilə yanaşı Dağlıq Qarabağa da dəmir yolu xətləri çəkəcək. İlk mərhələdə Bərdə-Ağdam arasındakı 45 km-lik xətt istifadəyə veriləcək. Azərbaycan qarşıdakı müddətdə bu xətti Xankəndi bölgəsinə uzadacaq.

Bütün bu layihələr göstərir ki, Azərbaycan regionun söz sahibi olduğunun haqqını verir və Azərbaycan region ölkələrinin bir-birilə əlaqəsini təmin edən ən effektiv seçimdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm