Prezident onlara yerlərini göstərdi - Aydın Hüseynov
Bizi izləyin

Qarabağ

Prezident onlara yerlərini göstərdi - Aydın Hüseynov

“Şuşa Azərbaycan xalqının mənəvi ruhunun məkanı, mədəniyyət mərkəzimizdir. Qarabağ Azərbaycanın ürəyidirsə, Şuşa tacıdır. Qarabağ işğal altında olan zaman belə, dövlət başçısı şəhərlə bağlı məsələləri, bütün problemləri həmişə qabardıb. Vətəndaşlarımızın Şuşaya qayıtması hər zaman aktual məsələ olub. Madrid prinsipində də qeyd edilib ki, Qarabağın işğalı nəticəsində məcburi köçkün düşmüş insanlar öz ata-baba yurdlarına mütləq qayıtmalıdır. Prezident İlham Əliyev də müharibənin gedişindəki çıxışlarında Şuşasız qələbənin olmadığını bildirirdi. Bu, qələbənin ən başlıca mahiyyəti, digər ərazilərimizlə yanaşı, Şuşanın da işğaldan azad olunmasıdır”.

Bu sözləri Publika.az-a danışan millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Şuşadan quldurların, işğalçıların qovulması qələbəmizin ən birinci şərti olub: “Biz bunu əldə etdik. Ölkə başçısı Şuşaya çox böyük önəm verir. Bu barədə bütövlükdə Azərbaycan xalqının, həmçinin bizim mənəvi ruh məkanımız haqqında cənab Prezidentin mövqeyi daim belə olub. Şuşanın işğaldan azad olunması xalqımızın sevinci ilə yanaşı, erməni işğalçılar üzərində qələbəmizi tam təmin etmiş oldu. Bundan sonrakı proseslər isə bərpa və quruculuq işləridir. Dövlət başçısı Füzulidən Şuşaya avtomobil yolunun çəkilməsi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayırıb. Bununla yanaşı, Şuşaya soydaşlarımızın qayıtması ilə bağlı çox mühüm planlar hazırlanıb. Şəhərə cənab Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Prezidentin Şuşaya təyin olunan nümayəndəsinin əmək fəaliyyətinə baxsaq görərik ki, birbaşa olaraq şəhərsalma, arxitektura kimi sahələr üzrə təcrübəsi olan bir mütəxəsis kimi formalaşan şəxs ora göndərilib”.

A.Hüseynov qeyd edib ki, Prezident Şuşanı ölkənin mədəniyyət mərkəzinə çevirməklə təkcə region üçün yox, həm də dünya üçün ənənələri, tarixi davam etdirməklə və bərpa etməklə unikal şəhər modelini, Azərbaycanın mədəniyyət incisinin nümunəsini yaratmaq kimi bir ideyası var: “Bu istiqamətdə işlər görülür və çox uğurla da həyata keçiriləcək. Ancaq bəzi məmurların Şuşanı mədəniyyət mərkəzi kimi yox, cənab Prezidentin də dediyi kimi, məmur oylağı kimi görməsi çox təəssüf doğurur. Əlbəttə, bu gün Şuşaya baxış, şəhərin inkişaf etdirilməsi dövlət başçısının nəzərdə tutduğu kimi həyata keçəcək. Ona görə də bərpa işlərində həm azərbaycanlı, həm də dünyadan olan mütəxəssislər cəlb olunacaq.

Şəhərsalma, tarixi abidələrin bərpası ilə bağlı çox geniş perspektivdə iş planı mövcuddur ki, buna da nail olacağıq. Prezident İlham Əliyev Şuşaya mədəniyyət mərkəzi kimi yox, hansısa başqa məqsədlə yanaşanlara düzgün şəkildə və ciddi formada yerlərini göstərdi. Digər tərəfdən, ölkə başçısı həmişə Azərbaycan xalqının taleyüklü məsələlərini vətəndaşlara müraciət edərək birgə həll olunmasının tərəfdarı olub. İctimai nəzarət və mətbuatın bu sahədə rolunu hər zaman yüksək qiymətləndirib. Bu o deməkdir ki, hər bir Azərbaycan vətəndaşının üzərinə Şuşanı, bütövlükdə Qarabağı qorumaqla, mühafizə etməklə bağlı məsuliyyət düşür”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm