Xocalı şəhidlərinə demək istəyirəm ki, gözünüz aydın! – “25-lər”in Həmayılı
Bizi izləyin

Qarabağ

Xocalı şəhidlərinə demək istəyirəm ki, gözünüz aydın! – “25-lər”in Həmayılı

“X”irosima... “X”atın... “X”ocalı...

XX əsrin “X”lənmiş şəhərlərinin sonuncu dayanacağı - Xocalı soyqırımının 29-cu ildönümüdür. Azərbaycan xalqı 20-ci əsrin ən böyük soyqırımılarından birini anır. Amma bu dəfə hüzn qarışıq qələbə, zəfər hissi ilə...

Çünki Müzəffər Azərbaycan Ordusu 26 fevral 1992-ci ildə yüzlərlə günahsız soydaşımızı qətlə yetirən canilərin axırına 44 günlük müharibədə çıxdı. 613 Xocalı qurbanının intiqamı alındı.

Həmin soyqırımı nəticəsində hər iki valideynini itirən 25 uşaqdan biri Həmayıl Xəlilova Publika.az-a açıqlamasında deyib ki, builki anım tədbirləri əvvəlkilərdən fərqlənəcək. “25-lər”in 35 yaşlı Həmayılı söyləyib ki, builki anım günündə müəyyən təskinliyimiz var, bu da qazandığımız qələbədir: “Sevinirik ki, Qarabağımızın canı o murdarlardan qurtuldu. Hələ ki, bizi Xocalıya görə təbrik etməyiblər. Xocalıya gedəndə deyəcəyəm ki, gözünüz aydın olsun, şəhid ruhları, Qarabağımız, Xocalımız azaddır. Qələbə qazandıq, amma şəhidlərimizə görə, qələbəni tam hiss edə bilmirik. Bu il də Xocalı qurbanlarını anacağıq. Şəhidimiz şəhiddir! Özü də məğrur, qələbə qazanmış xalqın nümayəndəsi kimi...”.

H.Xəlilova bildirib ki, Xocalıdan çıxanda 6 yaşında olub: “Qələbəyə görə çox sevinirik ki, artıq Qarabağ tam olaraq bizimdir. Həm sevinirik, həm də kədərlənirik. Xocalı mənim ata-baba yurdumdur. Xocalıya qayıdan kimi 6 yaşına qədər olan xatirələrimi xatırlayacağam. Atalı-analı günlərimi yadıma salmağa çalışacağam. Ayın 25-dən 26-na keçən gecə mən hər iki valideynimi itirdim. Ona görə də 26 fevral mənim üçün ikiqat ağırdır. Atam, anam sağ olsaydı deyərdim ki, gözünüz aydın, Qarabağ alındı. Bu dəfə Xocalı şəhidlərinin ruhları qarşısında deyirik ki, ruhunuz şad olsun, Qarabağımız işğaldan qurtulub”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu birləşmələri Xankəndidəki 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə Xocalı soyqırımını törədiblər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm