Ermənilərdən bunu gözləyə bilmərik, Türkiyədən gələn... - Polkovnikdən Qarabağ açıqlaması
Bizi izləyin

Qarabağ

Ermənilərdən bunu gözləyə bilmərik, Türkiyədən gələn... - Polkovnikdən Qarabağ açıqlaması

Beynəlxalq sistemdə işğalçıların minalanmış sahələrin xəritələrini təhvil verməsini məcburi edən hər hansı qanun yoxdur. Ermənilərin xislətini nəzərə aldıqda, düşməndən hansısa razılaşma çərçivəsində bu addımı atmasını da gözləmək, demək olar ki, artıqdır.

Aydındır ki, Azərbaycan hələ Ermənistanla sülh müqaviləsi imzalamayıb və hələ sülh şəraitində deyilik. Biz hələ də Ermənistanla müharibə şəraitindəyik. Sadəcə ərazi bütövlüyümüzü bərpa etmişik, erməniləri öz ərazimizdən qovmuşuq və hazırda dövlət sərhədlərimizi bərpa edirik.

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, məsələnin digər tərəfi ərazilərin 30 ilə yaxın işğalda saxlanması və Birinci Qarabağ Müharibəsi dövründən bölgədə hələ də partlamamış minaların qalma ehtimalıdır: “Bölgədə hər şey o qədər dəyişib ki, hazırda ermənilərin özündə belə dəqiq xəritə və ya sənədlərin olması sual altındadır. Bundan başqa, biz onlarən təqdim etdiyi xəritələrə də etibar edə bilmərik. Biz bilmirik ki, onu hansı mütəxəssislər hazırlayıb, xəritələr ərazilərlə nə dərəcədə uzlaşıb və sair. Bu məsələdə suallar çoxdur”.

Ş.Ramaldanovun sözlərinə görə, əhalinin təhlükəsizliyini təmin etmək istəyiriksə, minalanmış əraziləri özümüz kəşf etməli və təmizləməliyik: “Yalnız bu zaman biz əmin ola bilərik ki, həmin ərazilər təhlükəsizdir. Digər hallarda biz o təhlükədən sığortalanmamışıq. Yəni başqalarının tərtib etdiyi xəritə əsasında etibarlılığı təmin etmək çətindir. Ola bilsin ki, hansısa ərazinin xəritəsi var, digərinin yoxdur. Biz birini təmizləyib, digərinə toxunmamaqla təhlükəsizliyi tam təmin edə bilmərik”.

Polkovnik bildirib ki, minalanmış ərazilərin xəritələri peşəkarlar tərəfindən hazırlanır: “Biz ermənilərin bu sahədə nə qədər peşəkarlıqla hərəkət etdiyini deyə bilmərik. Buna görə də düşünürəm ki, özümüz ərazilərimizi necə ki işğaldan azad etmişik, elə də onların qoyduğu minalardan təmizləyə bilərik. Həmçinin mülki əhali və dövlət qurumlarının bölgədə fəaliyyət göstərməsi üçün təhlükəsizliyi təmin etməliyik. Bu istiqamətdə hazırda işlər görülür. Bildiyiniz ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Müdafiə Nazirliyinin nəzdində 2 mühəndis-istehkam taboru yaradılıb. Türkiyədən uzaqdan idarəetməli minatəmizləmə maşınları və digər qurğuları gətirilib. Bu yaxınlarda təqdimatı keçirildi. Həmçinin, Türkiyədən gələn mütəxəssislər prosesdə iştirak edirlər. Bundan başqa, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də ərazidə fəaliyyət göstərir. Biz beynəlxalq qurumlara da müraciətimizi etmişik. Düşünürəm ki, onlar tərəfindən də köməklik göstəriləcək. Proses gedir. Ərazilər minalardan təmizlənir və yollar bərpa olunur. Digər infrastruktur istiqamətində də işlər görülür.

Düşünürəm ki, təhlükəsizlik məsələlərini biz özümüz təmin edə bilərik. Hazırda Kəlbəcər, Zəngilan, Qubadlı bölgələrində yerləşdirilən hərbi hissələrin mühəndis-istehkamçıları bölgədə təmizlik işləri aparır və proses bu istiqamətdə belə davam etdirilməlidir”.

Xatırladaq ki, 2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina partlayışı qeydə alınıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatına görə, mina partlayışları nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.

Ötən ilin 27 sentyabr tarixindən 2 yanvar 2021-ci il tarixinədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm