“Yaxın zamanlarda Qarabağın bütün siması kökündən dəyişəcək” - Elman Nəsirov
Bizi izləyin

Qarabağ

“Yaxın zamanlarda Qarabağın bütün siması kökündən dəyişəcək” - Elman Nəsirov

Ötən həftə ölkə başçısının yerli və xarici jurnalistlər üçün təşkil olunan brifinqdə söylədiyi bir fikir Azərbaycan cəmiyyətində Xankəndi və digər ermənilər yaşayan ərazilərlə bağlı narahatlıqlarını vaxtaşırı ifadə edən kəsimin ürəyinə su sərpdi.

Prezident anons etdi ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası labüd və qaçılmaz prosesdir.

Bununla da Xankəndi, Xocalı və bu kimi hazırda erməni əhalinin yaşadığı ərazilərin yaxın gələcəkdəki taleyi ilə bağlı bütün məsələlərə ölkənin birinci şəxsi tərəfindən aydınlıq gətirildi.

Bəs adıçəkilən ərazilərə böyük qayıdışa nə zaman start veriləcək?

Millət vəkili Elman Nəsirov Publika.az-a açıqlamasında xatırladıb ki, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici kütləvi informasiya vasitələri ilə keçirdiyi mətbuat konfransında Xankəndi, Xocalı, ermənilərin yaşadığı digər ərazilərimizin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirdi. Onun fikrincə, bu çox önəmli məsələdir: “Xüsusilə ictimai fikirdə bu məsələ hər zaman müzakirə olunur. Cənab prezident vurğuladı ki, həmin ərazilər Azərbaycana inteqrasiya olunacaq. Ölkə başçısı qeyd etdi ki, bu qaçılmaz bir prosesdir. Bu, mütləq olacaq. Bu istiqamətdə atılmış və atılmaqda olan, bundan sonra daha da dərinləşəcək prosesi daha da labüd edəcək”.

Deputatın fikrincə, burada söhbət ilk növbədə ondan gedir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi dövlətin siyasətinin əsas istiqamətinə çevrilib: “Bu məqsəd üçün 2,2 milyard manat vəsait ayrılıb. Bu vəsaitin daha da artırılması ehtimalı kifayət qədər böyükdür. Nəticədə cənab Prezident Qarabağı cənnət diyara çevirməyi hədəf seçib. Bu əraziləri yaşıl enerji zonasına çevirməyi strateji hədəf kimi müəyyən edib. Belə olan vəziyyətdə yaxın zamanlarda Qarabağın bütün siması kökündən dəyişəcək. İt damında yaşayan ermənilərin özləri bu nəticəyə gələcəklər ki, Azərbaycan vətəndaşı olaraq cənnət diyarında, yoxsa ömürlərinin sonuna qədər it damında yaşasınlar. Yəni, bu qədər sadə seçim qarşısında qalacaqlar”.

Millət vəkili onu da vurğulayıb ki, bütün bunlarla yanaşı, soydaşlarımızın da işğaldan azad olunan ərazilərə yerləşdirilməsi prosesi reallaşdırılacaq: “Nəticədə onlar Azərbaycan vətəndaşı olan ermənilərlə birlikdə yaşayacaqlar. Rusiyanın sülhməramlı qüvvələri də öz funksiyasını həyata keçirəcək. Yəni, hər hansı insidentlərin baş verməsinin qarşısını alacaq. Bu, o deməkdir ki, birgə yaşayışın alternativi yoxdur. Ermənilər öz gözləri ilə görəcək ki, Azərbaycan dövləti heç bir ayrıseçkilik etmir. Azərbaycan vətəndaşı olan ermənilər əmin olacaq ki, dövlətimiz onlara qayğı ilə yanaşır. Burada heç bir diskriminasiyadan söhbət gedə bilməz. Onlar da hər bir Azərbaycan vətəndaşının malik olduğu hüquq və vəzifələrin daşıyıcısı olacaqlar. Bu bir həqiqətdir, aksiomdur. Xüsusi isbata ehtiyacı yoxdur. Ona görə də prosesin özü nəticə etibarilə ermənilərin yaşadığı ərazilərimizin bötövlükdə Azərbaycana inteqrasiyasını təmin edəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm