Bu razılaşmanın icrasına Rusiya zəmanət verib - Deputat
Bizi izləyin

Qarabağ

Bu razılaşmanın icrasına Rusiya zəmanət verib - Deputat

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcəyini açıqladı. Onun bu açıqlaması Azərbaycan və Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb oldu. Hətta ortaya bir neçə sual çıxardı.

Paşinyan istefa verərsə, onun yerinə gələn qüvvələr 10 noyabr anlaşmasını poza bilərmi? Bundan başqa, 20 min Ermənistan əsgərinin Qarabağdan çıxarılacağı ilə bağlı informasiyalar yayılır. Avqust ayına qədər bu prosesin başa çatacağı deyilir.

Erməni əsgərlərinin buradan çıxarılması azərbaycanlı keçmiş köçkünlərin yurd-yuvalarına tezliklə qayıtmasını sürətləndirəcəkmi?

Millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında qeyd edib ki, Nikol Paşinyan seçkiqabağı rəsmi istefaya getsə də, qeyri-rəsmi olaraq öz hakimiyyətinə davam edəcək: “Çünki bu gün baş nazirin kabineti Paşinyanın adamlarıdır və onlar yenidən Nikolun baş nazir olmasında maraqlıdırlar. Ona görə də seçkiyə qədər 10 noyabr razılaşmasını pozacaq hər hansı qüvvə görmürəm. Onlar bu sazişi Paşinyan yenidən seçilməsə də, poza bilməzlər. Birincisi ona görə ki, bu razılaşmanın icrasına Rusiya zəmanət verib. İkincisi isə, 10 noyabr razılaşmasını pozmaları ermənilərin taleyinə yaxşı heç nə vəd etmir. Əgər pozsalar, dəmir yumruq yenidən işə düşəcək və Azərbaycan öz gücü ilə məsələni sona qədər tənzimləyəcək”.

Deputat 20 min Ermənistan əsgərinin avqust ayına qədər Azərbaycanın ərazilərindən çıxarılacağı ilə bağlı onu vurğulayıb ki, Ermənistanın Qarabağda 3-5 mindən çox əsgəri ola bilməz:

“Çünki onların Qarabağda o miqdarda hərbçi saxlamağa nə fiziki, nə də maddi imkanları var. Köçkünlərimizin hazırda ermənilərin yaşadıqları ərazilərimizə qayıtması isə üçtərəfli bəyanatda öz əksini tapıb. Bu bəyanatın bəndləri mərhələli şəkildə icra olunduqca köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq. Xankəndi və ermənilərin əlində qalmış digər ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm