Bu Park bütün dünyaya bəyan edəcək ki... - Deputat
Bizi izləyin

Qarabağ

Bu Park bütün dünyaya bəyan edəcək ki... - Deputat

“Hərbi Qənimətlər Parkının açılışı və cənab Prezidentin orada iştirakı bir çox mətləblərdən xəbər verir. İlk növbədə, bu Parkın açılışı bütün dünya azərbaycanlılarını, eləcə də bütün türk dünyasını qürurlandıran bir hadisədir. Yüzillər idi ki, Azərbaycan bu cür qələbə qazanmamışdı. 44 günlük müharibədəki şanlı qələbəmiz bizim qürurumuzu özümüzə qaytardı”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, biz bununla bütün dünyaya sübut etdik ki, mərhəmətli və ədalətli olmaqla yanaşı, həm də döyüşkən xalqıq:

“Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələri, gücləri - ABŞ, İngiltərə, Avropanın aparıcı dövlətləri Azərbaycanın 44 günlük müharibədəki təcrübələrini hərbi dərsliklərə salıblar. Bu savaşdakı qələbəmizin elmi əsaslarını öyrənmək üçün ekspertlər bunun üzərində işləyirlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün bunlar onu göstərir ki, indiyə qədər keçdiyimiz yol heç də əbəs deyil. Bu vaxta qədər çəkilən bütün zəhmətlər öz bəhrəsini verib. Ali Baş Komandan sözün əsl mənasında diplomatik gedişlərlə müharibə və post-müharibə dönəmlərində böyük sərkərdə obrazlarını bütün dünyaya nümayiş etdirdi. Bu, hər bir azərbaycanlıda böyük fəxarət və qürur hissi doğurur”.

Deputat qeyd edib ki, Azərbaycana gələn xarici qonaqlar, turistlər Hərbi Qənimətlər Parkını görəcəklər:

“30 illik münaqişənin şərəfli müharibə ilə sona çatmasını, eləcə də bir sıra faktları öz gözləri ilə görəcəklər. Biz bu Park vasitəsilə paytaxtımızın qonaqlarına, bütün dünyaya 21-ci əsrdə baş qaldırmış erməni faşizminin başını necə əzdiyimizi nümayiş etdirəcəyik. Bütün dünyanın nifrət etdiyi, insanlığın qəbul etmədiyi faşizm ideologiyasının cücərməsinin qarşısını aldığına görə Azərbaycana minnətdar olmalıdırlar. Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Torpaqlarımız işğaldan azad olundu. Bir daha bütün dünyaya erməni vandallığını göstərdik. Hərbi Qənimətlər Parkında ermənilərdən götürdüyümüz qənimətlər Ermənistan ordusunun zəlil durumda olduğunun göstəricisidir. Azərbaycan Ordusunun da necə qüvvətli, qüdrətli olmasını bu Park bütün dünyaya bəyan edəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm