Dəymiş ziyan bu cür hesablanacaq, təzminatın miqdarı isə... - Deputat AÇIQLADI
Bizi izləyin

Qarabağ

Dəymiş ziyan bu cür hesablanacaq, təzminatın miqdarı isə... - Deputat AÇIQLADI

"Xarici mütəxəssislərin iştirakı ilə torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın hesablanması prosesi davam etdirilir. Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək. İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırımı törədib. Demək olar ki, bütün tikililər dağıdılıb, meşələr məhv edilib".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir.

V.Bayramov dəymiş ziyanın hesablanması üsullarını da qeyd edib: "Belə hallarda dəymiş ziyanın hesablanması üçün bir sıra üsullardan istifadə olunur. Aparıcı beynəlxalq qurumların bu sahədə bir sıra metodoloji tövsiyələri var. Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir. Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, ümumi daxili məhsula (ÜDM) kumulyativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".

Deputat vurğulayıb ki, bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq: "Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda ümumi daxili məhsula dəyən ziyanın da ayrıca hesablanmasına və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq".

Bəs işğalçı Ermənistanın işğal nəticəsində vurduğu ziyan nə qədərdir?

Millət vəkili qeyd edib ki, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyardlarla dollar səviyyəsində ölçülür: "Gözlənilir ki, konkret rəqəmlər qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması elan olunacaq rəqəmə beynəlxalq yanaşmada pozitiv təsir edəcək. Qeyd edək ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ, həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm